Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına BMT-də müşahidəçi statusu verilməsini xahiş etmişlər

 

AzərTAc xəbər verir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına BMT Baş Məclisində müşahidəçi statusu verilməsi təklifi ilə çıxış etmişlər.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev həmkarları Ərtoğrul Apakan (Türkiyə), Bırqanım Aitimova (Qazaxıstan) və Talaibek Kıdırov (Qırğızıstan) ilə birlikdə müvafiq qətnamə layihəsini BMT-nin baş katibi Pan Gi Muna təqdim edərək məsələnin Baş Məclisin gündəliyinə salınmasını xahiş etmişdir.

BMT-nin baş katibinə ünvanlanmış məktubda qeyd olunur: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə beynəlxalq hökumətlərarası təşkilat kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən təsis edilmişdir. Əməkdaşlıq Şurasının qüvvədə olan iki sənədinə - 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişi və 2010-cu il sentyabrın 16-da imzalanmış İstanbul Bəyannaməsinə əsasən Əməkdaşlıq Şurasının üzvü olan dövlətlər BMT Nizamnaməsinin bütün məqsəd və prinsiplərinə, o cümlədən beynəlxalq hüququn dünya birliyi tərəfindən qəbul olunmuş digər prinsiplərinə əməl edir. İnkişaf naminə əməkdaşlığın əsasında sülhün və təhlükəsizliyin qorunmasına, yaxşı qonşuluq münasibətlərinin saxlanmasına xidmət edən normalar durur. Türkdilli dövlətlər arasında münasibətlərin və həmrəyliyin möhkəmlənməsinə yardım etməklə, təşkilat Mərkəzi Asiyada və Qafqazda beynəlxalq əməkdaşlığın inkişafı üçün regional alət rolunu oynayır. Baş Məclisin prosedur qaydalarına uyğun olaraq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına BMT Baş Məclisində müşahidəçi statusu verilməsi məsələsinin 66-cı sessiyanın gündəliyinə salınmasını xahiş edirik".

BMT-dən isə bildirilmişlər ki, bu məsələ Baş Məclisin ilkin gündəliyində 165-ci yerdə qeyd olunmuşdur: "Qətnamə qəbul olunsa, BMT Baş Məclisi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını öz sessiyalarında və ümumiyyətlə, bütün fəaliyyətində müşahidəçi qismində iştiraka dəvət etməlidir. Baş Məclis qətnamənin yerinə yetirilməsi üçün baş katibdən müvafiq tədbirlər görməyi xahiş edəcəkdir".

 

 

Azərbaycan.- 2011.- 26 avqust.- S. 1.