Milli Məclisdə
görüş
Avqustun 25-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan BMT-yə üzv 13 ölkənin daimi nümayəndəliklərinin əməkdaşları ilə görüşmüşdür.
Səməd Seyidov bildirmişdir ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün sahələrdə uğurlar qazanmışdır. Azərbaycanın iştirakı ilə reallaşdırılan qlobal infrastruktur layihələri ölkəmizin iqtisadi qüdrətini təmin etməklə yanaşı beynəlxalq aləmdə də mövqelərini möhkəmləndirmişdir. Bu gün Azərbaycanın bilavasitə iştirakı olmadan regionda hər hansı irimiqyaslı layihəni həyata keçirmək mümkünsüzdür.
Komitə sədri qeyd etdi ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarla, o cümlədən - Avropa Şurası, Avropa İttifaqı, BMT ilə sıx əməkdaşlıq edir. İnanırıq ki, bundan sonra BMT-də rəsmi Bakının mövqeyi daha da möhkəmlənəcəkdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Səməd Seyidov bildirdi ki, mövcud problemin həll olunmaması bölgədə sülh və əmin-amanlığın təminatına ciddi əngəl yaradır. İşğalla bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini, ATƏT, Avropa Şurasının qərarlarını xatırladan komitə sədri Ermənistanın təcavüzkar siyasətindən hələ də əl çəkmədiyini diqqətə çatdırdı.
Benin dövlətinin BMT yanındakı daimi nümayəndəsi Jan-Fransis Reqis Zinsou bildirmişdir ki, Azərbaycana gələn nümayəndə heyətinin bu ölkə ilə əyani tanışlığı əlaqələrin hərtərəfli inkişafı baxımından çox əhəmiyyətlidir. Səfərimiz çərçivəsində Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial həyatı ilə yaxından tanış olduq. Ölkəniz sürətlə inkişaf edir. Hesab edirik ki, Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi də tezliklə öz ədalətli həllini tapacaqdır.
Sent Vinsent və Qrenadin dövlətinin nümayəndəsi Kamillo Qonsalves qeyd etmişdir ki, Karib dənizi hövzəsi ölkələri xarici siyasətdə vahid mövqedən çıxış etmək barədə razılıq əldə etmişlər. Bu 14 ölkə BMT-də keçiriləcək səsvermədə Azərbaycanın mövqeyini müdafiə edəcəkdir.
Görüşdə iştirak edən digər nümayəndələr də Bakıya səfərdən məmnun qaldıqlarını, Azərbaycanın regionda və dünyada gedən proseslərdə fəal iştirakını yüksək qiymətləndirmişlər.
Görüşdə Milli Məclisin
deputatlarından Sevinc Fətəliyeva, Asim Mollazadə, Qənirə
Paşayeva BMT yanında daimi nümayəndəliklərin əməkdaşlarının
ölkəmizə edilən səfərlərini yüksək
qiymətləndirdilər. Qeyd edildi ki, bu səfərlər
beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığımızın inkişafına təkan
verəcəkdir.
Azərbaycan.- 2011.- 26 avqust.- S. 1.