Düşünülmüş, sürətli və davamlı inkişaf

 

 Yeni proqramın üstün cəhətlərindən biri də ondar ibarətdir ki, onun hazırlanması zamanı Prezident İlham Əliyevin göstərişi ilə regionlardan gələn təkliflər nəzərə alınmışdı. Məhz bunun nəticəsində bölgələrdə yaşayan insanların həllini prioritet hesab etdiyi məsələlər bu proqramda ön plana çəkilmiş, onların çözümü üçün həm icra mexanizmləri və vaxt müəyyən olunmuş, həm də bunun üçün lazım olan maddi resursların hər il dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuşdu.

Yeni dövlət proqramında qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulurdu: ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi; infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi; sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi; iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi; ixracyönümlü məhsul istehsalının stimullaşdırılması;  müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması; əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması; məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi; yoxsulluğun səviyyəsinin azaldılması.

 

Dövlət proqramının tədbirlər planı aşağıdakı bölmələr üzrə tərtib edilmişdi:

 

1. Ölkə əhəmiyyətli tədbirlər. 2. Bakı şəhərinin rayon və qəsəbələri üzrə tədbirlər. 3. Ölkənin iqtisadi rayonları üzrə tədbirlər: 3.1. Abşeron iqtisadi rayonu (Abşeron, Xızı rayonları, Sumqayıt şəhəri); 3.2. Aran iqtisadi rayonu (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Şirvan, Mingəçevir, Yevlax şəhərləri); 3.3. Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları); 3.4. Gəncə-Qazax iqtisadi rayonu (Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri); 3.5. Quba-Xaçmaz iqtisadi rayonu (Dəvəçi, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonları); 3.6. Lənkəran iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran rayonları); 3.7. Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli, Şərur rayonları); 3.8. Kəlbəcər-Laçın iqtisadi rayonu (Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonları); 3.9. Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları); 3.10. Yuxarı Qarabağ iqtisadi rayonu (Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları, Xankəndi şəhəri). Təbii ki, işğal altındakı rayonların sosial-iqtisadi inkişafına dair tədbirlərin reallaşdırılması onların azad olunmasından sonrakı dövrə hesablanmışdı. Dövlət Proqramının icraçıları kimi müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları müəyyən olunmuşdu. Onun icrasının əlaqələndirilməsi İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilirdi və keçirilməkdədir.

 

 Dövlət proqramının uğurla icrasına xidmət edən mükəmməl taktika

 

 Dövlət proqramında diqqətə çatdırılır ki, müəyyən edilmiş məqsədlərə nail olunması, eləcə də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Makroiqtisadi sabitliyi nəzərə alaraq proqramın qəbulundan sonra qarşıdakı illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtlərindən biri olan orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması, gömrük dərəcələrinin optimal səviyyədə saxlanılması, xarici borcların səmərəli idarə olunması siyasəti davam etdiriləcəyi bildirilir. O da qeyd edilir ki, valyuta gəlirlərinin artırılması, inflyasiya risklərinin azaldılması, monetar və büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi, dövlət xərclərinin artımının nəzarətdə saxlanılması və digər tədbirlər hesabına makroiqtisadi vəziyyətə, habelə qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin qarşısının alınması növbəti illərdə də iqtisadi siyasətin başlıca məsələləri hesab olunur. Ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiyasının sürətləndirilməsi məqsədilə gələcəkdə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, iqtisadi birliklərlə əməkdaşlığının genişləndirilməsi üçün qanunvericiliyin, standartların beynəlxalq tələblərə, o cümlədən Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə uyğunlaşdırılması prosesinin sürətləndirilməsi də nəzərdə tutulur.

Xarici iqtisadi siyasət proqramına görə istehsal olunmuş məhsulların ixracı üçün əlverişli şərait yaradılmasına, eyni zamanda, daxili bazarın haqsız rəqabətdən qorunmasına yönəlir. Büdcə-vergi siyasətində əsas məqsədlərdən biri isə qeyri-neft sektorunun dayanıqlı inkişafına, ölkənin makroiqtisadi vəziyyətinin sabit saxlanılmasına, iqtisadiyyatın səmərəli tənzimlənməsi və onun dinamik inkişafının stimullaşdırılmasına nail olmaqdan ibarətdir. Bu baxımdan proqramın qəbulundan sonra qarşıdakı illərdə ölkədə istehsalın genişləndirilməsinə, rəqabət qabiliyyətli iqtisadiyyatın, infrastrukturun, əlverişli investisiya mühitinin yaradılmasına və iqtisadiyyata cəlb olunacaq sərmayələrdə ölkənin daxili resurslarının payının artırılmasına nail olunması zəruriliyi vurğulanır. Eyni zamanda, burada kənd təsərrüfatına dövlət qayğısının və bu sahəyə birbaşa subsidiyaların artırılması, emal müəssisələrinin yaradılmasına investisiyaların cəlb edilməsi, qeyri-neft, qeyri-xammal sənaye sahələrinin, turizmin inkişafının təmin edilməsi 2009-2013-cü illərdə qarşıda duran prioritet istiqamətlər hesab olunur. Proqrama əsasən, pul-kredit siyasətində manatın rəqabət qabiliyyətliliyinin əlverişli səviyyədə saxlanmasını təmin edən məzənnə siyasətinin həyata keçirilməsinə və pul təklifi kanallarının optimallaşdırılmasına xüsusi diqqət yetirilir.

 

 Qeyri-neft sektorunun tərəqqisi yeni sürət mərhələsində

 

 Proqramda qeyd edilir ki, ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək üçün investisiya siyasəti mühüm alətlərdən biridir. Bu sahədə əsas vəzifə iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsi və daha əlverişli investisiya mühitinin təmin edilməsi məqsədilə bütün investorlar üçün azad rəqabət mühitinin yaradılmasından və sahədə mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsindən ibarətdir. O da vurğulanır ki, özəlləşdirməyə açılmış müəssisələrdə şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi davam etdirilir. Qeyri-neft sektorunda müəssisələrin investisiya fəaliyyətinin dəstəklənməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir, müasir istehsal avadanlıqlarının idxalı təşviq edilir.  Dövlət investisiya siyasəti regionlarda yeni iş yerlərinin açılmasına, infrastruktur obyektlərinin etibarlı istismarının təmin edilməsinə, insan kapitalının inkişafı və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi kimi prioritetlərin həyata keçirilməsinə yönəldilir. Məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri yeni iş yerlərinin açılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması və məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran şəraitin yaradılmasıdır. Bu baxımdan sahibkarlığın, əsasən, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Proqramın qəbulundan sonrakı müddətdə məşğulluq siyasətində əsas məqsəd əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli fəaliyyətinin təmin edilməsindən ibarətdir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərə çatdırılır ki, ölkə iqtisadiyyatı inkişaf etdikcə, daxili əmək bazarında iştirak edən əcnəbilərin sayı artmaqdadır. Azərbaycanın əlverişli geosiyasi mövqeyi, ölkədə aparılan iqtisadi islahatlar, sahibkarlığın inkişafı, beynəlxalq kommunikasiya layihələrinin həyata keçirilməsi və sair əmək miqrasiyası axınlarının artmasına səbəb olub. Proqramın icraya yönəldilməsindən sonra miqrasiya siyasətinin əsas istiqamətləri aşağıdakılardır:  miqrasiya proseslərindən ölkənin inkişafı üçün səmərəli istifadə olunması;  miqrasiya proqramlarının və tədbirlərinin həyata keçirilməsində dövlətin və cəmiyyətin mənafelərinin nəzərə alınması;  miqrantların mövcud sosial-iqtisadi vəziyyətə adaptasiyasını sürətləndirən şəraitin yaradılması; miqrantların hüquqlarının müdafiəsi; qeyri-qanuni miqrasiyanın qarşısının alınması.

Qeyd olunur ki, sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə, prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilir.

Azərbaycanda qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlərin kompleks şəkildə həyata keçirilməsi ixracyönümlü məhsulların istehsalını sürətləndirən müvafiq iqtisadi mexanizmlərin tətbiqi əsasında mümkün sayılır. Ölkənin ixrac potensialının inkişaf etdirilməsi, Azərbaycan malları və xidmətlərinin xarici bazarlara çıxarılması, bunun üçün əlverişli şəraitin yaradılması, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiyasını təmin etmək üçün tədbirlərin həyata keçirilməsi prioritet istiqamətlərdəndir. Ölkənin ixrac potensialının səmərəli reallaşması, daxili bazarda sağlam rəqabət mühitinin formalaşması, istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsi. Standartlaşdırma və metrologiya sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə aşağıdakı tədbirlər reallaşdırılır: özəl sektorda ixracın stimullaşdırılması və ixrac mallarının çeşidinin artırılması; milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, onların maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətlərində müvafiq tədbirlərin həyata keçirilməsi;  ticarət, iaşə və məişət sahələrində xidmət səviyyəsinin daha da yüksəldilməsi və ÜTT prinsipləri çərçivəsində daxili bazarın qorunması tədbirlərinin həyata keçirilməsi;  haqsız rəqabət hallarına qarşı mübarizənin gücləndirilməsi və rəqabətin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə sahibkarların və istehlakçıların cəlb olunması; istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi. Proqramda o da bildirilir ki, sənaye sahəsində əsas məqsədlərdən biri regionlardakı mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulmasından, yeni müəssisələrin yaradılmasından ibarətdir.  Burada kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin bərpasına və ixrac potensialının artırılmasına xüsusi diqqət yetirilir. Sənaye sektorunda əsas məqsədə nail olmaq üçün aşağıdakı tədbirlər həyata keçirilir: sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;  rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi; dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin sağlamlaşdırılması və özəlləşdirilməsi;  özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi; istehsalın texnoloji cəhətdən yenidən qurulması; ixtisaslı kadrların hazırlanması.

Bununla yanaşı, proqramda diqqətə çatdırılır ki, ötən dövr ərzində institusional baxımdan torpaq və aqrar islahatların uğurla başa çatması - kənd təsərrüfatı istehsalçıları üçün yeni imkanların yaranması sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik olan bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması prosesi ilə səciyyəvidir. Kənd təsərrüfatı məhsullarının istehsalının müxtəlif təsərrüfat formaları üzrə, o cümlədən kollektiv təsərrüfat forması üzrə inkişafı regionlarda birgə əmək kooperasiyasının genişlənməsinə və daha məhsuldar olan ictimai qüvvənin əmələ gəlməsinə səbəb olması üzündən Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə olaraq müəyyən edilir. Bildirilir ki, aqrar sektorda islahatlar davam etdiriləcək, dağ rayonlarının inkişafına xüsusi diqqət yetiriləcək. Aqrar bölmənin inkişafı istiqamətləri aşağıdakılardan ibarətdir: aqrar bölmənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi; aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması; aqrar bölməyə maliyyə dəstəyinin artırılması; aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi;  aqrar sektora xidmət edəcək və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturlara dəstək verilməsi; kənd təsərrüfatında suvarma və meliorasiya təminatının yaxşılaşdırılması; torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi.

2011-ci ilin "Turizm ili" olması baxımından da proqram aktuallıq kəsb edir. Burada diqqətə çatdırılır ki, turizmi iqtisadiyyatın yüksək gəlirli sahəsinə çevirmək, sosial və ekoloji tələblərə cavab verəcək səmərəli və rəqabətqabiliyyətli müasir turizm kompleksləri yaratmaq və bu sahədə yeni iş yerlərinin açılmasını təmin etmək qeyri-neft sektorunun inkişafı istiqamətində qarşıda duran mühüm vəzifələrdəndir. Turizm sahəsinin inkişaf istiqamətləri proqramda  aşağıdakılardan ibarətdir: rəqabətqabiliyyətli turizm infrastrukturunun və turizm sənayesinin yaradılması; mövcud turizm obyektlərinin beynəlxalq standartlara uyğunlaşdırılması; turizm xidməti üzrə mütərəqqi üsulların və standartların hazırlanması və tətbiqi; ölkə turizm-rekreasiya zonalarının hüquqi statusunun müəyyən edilməsi, ölkə ərazisində turizm zonalarının və turist marşrutlarının müəyyən olunması; turizm sahəsində zəngin təcrübəsi olan ölkələrlə kadr hazırlığı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi.

2009-2013-cü illərdə yanacaq-enerji kompleksində dövlət siyasətinin əsas istiqamətləri kimi aşağıdakılar göstərilir: neft-qaz hasilatı, nəqli və emalı infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi; yeni yataqların və perspektiv strukturların geoloji kəşfiyyat işlərinin sürətləndirilməsi və onların istismara hazırlanması; ölkənin qazla təmin edilməyən məntəqələrinin qazla təchiz edilməsi; regionların inkişafı və bununla əlaqədar elektrik enerjisinə tələbatın artım sürətini nəzərə alaraq yeni güclərin yaradılması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi nəticəsində ölkənin enerji təhlükəsizliyinin təminatının yüksəldilməsi; energetika sektorunda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi; müasir tipli elektrik stansiyalarının inşasının, yenidənqurulmasının və inkişafı layihələrinin həyata keçirilməsinin davam etdirilməsi; elektrik ötürücü xətlərin və yarımstansiyaların yeniləşməsi və tamamilə yeniləri ilə əvəz olunması.

Bununla yanaşı, proqramda mənzil-kommunal təsərrüfatı sahələrində istehlakçılara göstərilən xidmətlərin səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması, nəqliyyat sisteminin kompleks inkişafına nail olunması və nəqliyyat xidmətlərinin inkişafının daha da yaxşılaşdırılması, informasiya və kommunikasiya texnologiyalarının (İKT-nin) inkişafı, daha da modernləşdirilməsi nəzərdə tutulur, qeyd edilən sahələr üzrə prioitetlər müəyyən edilir. Ölkədə ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması əhalinin, o cümlədən regionlarda yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasının təmin edilməsi, təhsil sisteminin inkişafının davam etdirilməsi, gənclərin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, elmi sferanın tərəqqisinin sürətləndirilməsi,  elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, əhalinin sağlamlığının yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi, ölkənin şəhər və rayonlarında bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının inkişaf etdirilməsi, ölkənin mədəni potensialının, sərvətlərinin və ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi də əsas istiqamətlər sırasında yer alır. Proqramda konkret rayonlar və onların sosial-iqtisadi inkişafı üzrə görülməsi nəzərdə tutulan tədbirlər, buna cavabdeh dövlət qurumları müəyyən edilib. İcra dövründə isə dövlət başçısı görülən işlərin daha da sürətləndirilməsi, əlavə maliyyə yardımlarının ayrılması və bu qəbildən olan digər məsələləri əhatə edən yeni fərman və sərəncamlar verib.

 

 Nəticələr yeni möhtəşəm uğurlardan xəbər verir

 

Təbii ki, dövlət proqramında qeyd olunan istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ölkənin sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla ölkənin iqtisadi inkişafında və "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olunmasında, eləcə də ölkə əhalisinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır. Bunu II Dövlət Proqramının icrasından keçən ilk iki ilin nəticələri də təsdiq edir. Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, əhalinin maddi rifahının daha da yüksəldilməsi tədbirləri "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icra müddətində ümumi iqtisadi tərəqqidə özünü qabarıq büruzə verən hallar olub. Bunun nəticəsi olaraq 2004-2009-cu illər ərzində ümumi daxili məhsul 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 4,8 dəfə, orta aylıq əməkhaqqı 3 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə, minimum əməkhaqqı 6,3 dəfə artmış, 33 mindən artıq yeni müəssisə, 840 mindən artıq yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 4,1 dəfə azalaraq 11 faizə enmişdir. Bu nailiyyətlərin əldə olunmasında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının müstəsna rolu olub. Görülmüş işlər regionlarda istehsal və sosial infrastruktur təminatının yaxşılaşdırılması sahəsində böyük dəyişikliklərə səbəb olub, vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. II Dövlət Proqramının icrasını şəxsi nəzarətinə götürən Prezident İlham Əliyev proqramın qəbulundan sonra keçən 1 il ərzində regionlara 27 dəfə səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələri əhatə edən 105 obyektin açılış, 14 obyektin təməlqoyma mərasimində iştirak edib, 50-dən çox müxtəlif təyinatlı müəssisənin fəaliyyəti ilə tanış olub. Müntəzəm olaraq həyata keçirilən bu səfərlərin regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyəti olmaqla yanaşı, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən edilməsini və həyata keçirilməsini də təmin edib.

II Dövlət Proqramının icrasının ilk iki ilinin tamam olması fonunda isə araşdırmalar göstərir ki, həmin vaxtda dövlət başçısı  regionlara səfərləri fonunda istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələr üzrə 170-dən çox müəssisənin açılış və təməlqoyma mərasimində iştirak edərək onların fəaliyyətləri ilə şəxsən tanış olub. Bu səfərlərdən sonra dövlət başçısı bir sıra şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb. Məhz Prezident İlham Əliyevin regional inkişafa verdiyi önəmin, rayonlarda, kəndlərdə yaşayan əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, istehsal və sosial infrastruktur təminatının yaxşılaşdırılması sahəsində böyük dəyişikliklər davam edir, regionların siması gündən-günə dəyişir, gözəlləşir və müasirləşir.

Hesablamalar göstərir ki, regionların inkişafına 2004-2010-cu illər ərzində bütün maliyyə mənbələri hesabına 15,5 milyard dollar, o cümlədən 2010-cu ildə 3,4 milyard dollar məbləğində investisiya yönəldilib, bunun sayəsində yüzlərlə əhəmiyyətli layihələr icra olunub. 2010-cu il ərzində isə "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin yaradılması layihələri davam etdirilib, 635 kilometrdən çox yollar beynəlxalq standartlara uyğun tikilib və təmir olunub, o cümlədən dövlət başçısının bilavasitə iştirakı ilə Bakı dairəvi avtomobil yolu, Ələt-Astara-İran sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsi, Mingəçevir-Xaldan yolu, Biləsuvar dairəvi avtomobil yolu, Bakı-Rusiya sərhədi avtomobil magistralında Şabran dairəvi yolu və körpü kompleksi, Naxçıvan-Sədərək magistral yolu və digərləri istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolunun, 2010-cu ildə təməli qoyulmuş Beynəlxalq dəniz limanının və gəmiqayırma zavodunun inşası ölkəmizin tranzit potensialının, ümumiyyətlə, regiondakı rolunun və əhəmiyyətinin daha da artmasını təmin edəcək. 2010-cu ildə regionlar elektrik enerjisi ilə tam təchiz olunub və həmin ildə təkcə Ordubadda Biləv SES, Qəbələdə, Salyanda və Bakıda yeni yarımstansiyalar və yüksək gərginlikli xətlər istifadəyə verilib, 4 kiçik SES-in təməli qoyulub, 5 elektrik stansiyasının tikintisi davam etdirilib. Bununla yanaşı, 2010-cu ildə dövlət proqramı çərçivəsində regionlarda 3770 kilometr yeni qaz kəmərləri çəkilib, 500 kilometr qaz xətti təmir və bərpa edilib, 49 yaşayış məntəqəsi qazla təchiz olunub. Əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması çərçivəsində Kür-Araz çaylarının sahilləri boyu 18 rayonun 156 yaşayış məntəqəsində sutəmizləyici qurğuların quraşdırılması 300 min nəfərdən artıq əhalinin içməli su ilə təminatını yaxşılaşdırıb, Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib. Suvarılan torpaq sahələrinin artırılmasında, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasında mühüm rolu olan Samur-Abşeron, Yuxarı Mil kanallarının, Şəmkir dəryaçasının, Tovuzçay su anbarının tikintisi davam etdirilib.

Rabitə xidmətlərinin yaxşılaşdırılması ilə bağlı görülən işlər regionlarda bu xidmətlərin keyfiyyətini və əhatə dairəsini xeyli artırıb. Azərbaycan Prezidenti tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar ekoloji vəziyyətin yaxşılaşdırılması və ölkənin bütün ərazisinin, xüsusilə də, Abşeron yarımadasının yaşıllaşdırılması, çirklənmiş torpaqların təmizlənməsi sahəsində genişmiqyaslı tədbirlər görülüb, ümumilikdə 10600 hektardan artıq sahədə meşəsalma və meşəbərpa işləri həyata keçirilib.

2010-cu ildə müasir turizm xidməti infrastrukturunun yaradılması istiqamətində də işlər davam etdirilib, 32-si regionlarda olmaqla 47 turizm obyektinin, o cümlədən Qusar rayonunda Şahdağ qış-yay turizm kompleksinin tikintisi davam etdirilib. Regionların ənənəvi istehsal sahələrinə uyğun ixtisaslaşması, kənd təsərrüfatının intensiv yüksəlişi, yeni heyvandarlıq və südçülük komplekslərinin, damazlıq və quşçuluq təsərrüfatlarının, kənd təsərrüfatı məhsullarının saxlanması infrastrukturunun yaradılması, toxumçuluğun inkişafı, daxili tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi, qeyri-neft məhsullarının ixracının artırılmasına  xidmət edən tədbirlərin uğurlu icrası da görülən əsas işlər cərgəsindədir. 2010-cu  ildə regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi, o cümlədən Lənkəranda konserv zavodu və çay fabriki, Naxçıvanda avtomobil zavodu, bir neçə tikinti materialları zavodu, Sumqayıtda texnopark, Masazırda duz zavodu, Biləsuvarda konserv zavodu, Gədəbəydə qızıl zavodu, bölgələrdə heyvandarlıq və süd emalı kompleksləri və digər müəssisələr tikilib istifadəyə verilib, 200-dən çox müəssisənin, o cümlədən 12 kənd təsərrüfatı məhsullarının emalı müəssisəsinin, bir çox rayonda tikinti materiallarının istehsalı zavodlarının və digər müəssisələrin tikintisi davam etdirilib. Bu müəssisələrin 112-də Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunub. Müasir texnologiyaların tətbiqi ilə aqrar sektorun inkişafında mühüm rolu olan, ildə 20 min ton quş əti, 60 mln damazlıq, 17 mln əmtəəlik yumurta istehsal edən 14 müasir quşçuluq, illik gücü 61 min ton olan 5 süd emalı zavodu və 5150 başlıq 5 südlük cins heyvandarlıq kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması infrastrukturunun yaradılması məqsədi ilə bütün regionlarda ümumi tutumu 85 min ton olan 25 müasir soyuducu və ümumi tutumu 270 min ton olan 17 taxıl anbarı komplekslərinin inşası  güzəştli kreditlər hesabına maliyyələşdirilib. Bundan əlavə, Səngəçalda 100 min tonluq, Naxçıvanda 30 min tonluq taxıl elevatorları istismara verilib, Gəncədə 60 min tonluq elevatorun tikintisi davam etdirilib. II Dövlət Proqramında sosial infrastrukturun daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifələrdəndir. Əhalinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri də sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəyə, o cümlədən əlillərə, veteranlara, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqətin yetirilməsidir. 2010-cu ildə Bakı şəhərində 243 mənzilli 3, regionlarda isə 272 mənzilli 12 yaşayış binası və 200 fərdi yaşayış evi tikilib. Prezident İlham Əliyevin iştirakı ilə qaçqın və məcburi köçkünlər üçün Qəbələdə 2 yaşayış binası və 188 şagird yerlik məktəb, Yevlaxda 612, Ağdamda isə 689 ailə üçün zəruri infrastruktura malik olan qəsəbələr istifadəyə verilib. 2010-cu ildə 25-i regionlarda olmaqla 45 səhiyyə müəssisəsi tikilib istifadəyə verilmiş, 43-ü regionlarda olmaqla 70 məktəb binası inşa və əsaslı təmir olunmuş, 4 olimpiya idman kompleksi, 4 idman mərkəzi istifadəyə verilmiş, 9 idman kompleksinin tikintisi davam etdirilmişdir.

Həmin il Heydər Əliyev Fondunun təşəbbüsü ilə əhalinin daha çox ehiyac duyduğu bir çox obyektlər, o cümlədən 1100 şagird yerlik 3 məktəb, Ağdaş şəhər musiqi məktəbi, Qəbələdə uşaq bağçası, məhdud fiziki imkanlı insanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi inşa olunub. Ümumiyyətlə, dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 2010-cu il ərzində 4300-ə yaxın yeni müəssisə yaradılıb, 52 min 700-ü daimi olmaqla 73 min iş yeri açılıb. Həmin il regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər nəticəsində yoxsulluğun səviyyəsi 9 faizə enib.

Təsadüfi deyil ki, ölkəmizdə insanların fiziki, mənəvi, sosial tələbatlarının təminatının ildən-ilə yaxşılaşması beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir, Azərbaycan insan inkişafı indeksinə görə dünya üzrə böyük müvəffəqiyyətlərə imza atmış dövlətlərdən biri kimi göstərilir. Ümumiyyətlə, insan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət kimi qəbul olunur. BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatından da aydın görünür ki, Azərbaycan bu istiqamətdə hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti - Çin və Hindistanı da arxada qoymağa müvəffəq olmuşdur. 2010-cu ilin noyabr ayında açıqlanmış və  Bakıda təqdimatı keçirilmiş hesabatdan aydın olur ki, 2005-2010-cu  illərdə Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə imza atan ölkə kimi çıxış etmiş və bunun nəticəsidir ki, 2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. Ölkəmiz 2000-2010-cu illər arasında postsovet məkanında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə nail olmuşdur. Nəticədə Azərbaycan "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək, "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil edilib.

Bütün bu nailiyyətlərin əldə olunmasında regionların inkişafına dair I Dövlət Proqramında olduğu kimi, ikinci müvaiq proqram da mühüm rol oynayıb. İkinci proqramın icrasının davam etməsi regionların sosial-iqtisadi inkişafına, eləcə də ümumilikdə Azərbaycan iqtisadiyyatının tərəqqisinə bundan sonra da mühüm töhfələr verməkdə davam edəcək.

 

 

(ardı var)

 

Azərbaycan.- 2011.- 26 avqust.- S. 2.