Xoşməramlı
missiya
Heydər Əliyev Fondu 7 illik fəaliyyəti
ilə cəmiyyətin yüksək inam və etimadını
qazanmışdır
Tarixi təcrübə göstərir ki, ictimai-iqtisadi formasiya dəyişikliyi mərhələsini yaşayan hər bir xalq müxtəlif neqativ proseslərin yad təsirinə məruz qalır. Qərinələr boyu formalaşan milli dəyərlər, mental xüsusiyyətlər ifrat praqmatikləşmiş münasibətlər fonunda müəyyən aşınma təhlükəsi ilə üzləşir. Belə bir şəraitdə xalqların milli özünəməxsusluğunu şərtləndirən ali keyfiyyətlərin, cəmiyyətdə ədalətlilik, mərhəmətlilik, insanpərvərlik kimi meyarların qorunub saxlanması məsələsi aktual problem kimi önə çıxır. Bu aktuallıq, ilk növbədə, onunla şərtlənir ki, fərqli mədəniyyətlərin dialoqu, dünya iqtisadiyyatının transmilliləşməsi, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı bəzən mütərəqqi mahiyyətindən uzaqlaşaraq neqativ meyillərə yol açır.
Müstəqillik tarixi o qədər də böyük olmayan Azərbaycan ötən əsrin sonlarına doğru qloballaşma prosesi ilə üzləşsə də, ulu öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti sayəsində milli-mənəvi, dini dəyərlərini, adət-ənənələrini kənar təsirlərdən qorumağa nail olmuşdur. Ümummilli lider xalqına daxilən, qəlbən yaxın, milli düşüncə və məfkurə sahibi olan şəxsiyyət kimi milli kimliyi ifadə edən dəyərlərə daim yüksək həssaslıqla yanaşmış, onların hifz edilərək gənc nəslə aşılanmasını vacib saymış və bütün siyasi proseslərin fövqündə saxlayaraq qorumağı bacarmışdır. Eyni siyasi kursu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində də milli-mənəvi, əxlaqi dəyərlərə, adət-ənənələrə, mədəni irsə hörmət prinsipi daim ön plandadır. Dövlət başçısı milli mədəniyyətin total təsirlər nəticəsində assimilyasiyaya məruz qalmasına nəinki yol vermir, əksinə, xalqımızın əsrarəngiz mədəni irsinin dünya miqyasında təbliğini vacib məsələ kimi önə çəkir.
7 il əvvəl zəmanənin diktə etdiyi bu zərurətdən yaranan, ötən müddətdə bir çox layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun bu sahədəki xidmətləri xüsusi vurğulanmalıdır. Fondun cəmiyyətin ən müxtəlif sahələrində yüksəliş və tərəqqiyə, mənəvi kamilləşməyə xidmət edən çoxşaxəli fəaliyyətinin əsasında isə bir başlıca amal dayanır: insanlara təmənnasız yaxşılıq!
Ümumiyyətlə, bir ziyalı kimi bu qənatdəyəm ki, Heydər Əliyev Fondu dünyada məşhur tarixi şəxsiyyətlərin adını daşıyan, uzun illər fəaliyyət göstərməsinə baxmayaraq, gördüyü işləri sırf xeyriyyəçiliklə məhdudlaşan analoji qurumlardan tamamilə fərqlənir. Yaradılarkən çoxlarının yalnız xeyriyyəçilik yönümündə fəaliyyət göstərəcəyini zənn etdiyi Heydər Əliyev Fondu zaman baxımından qısa müddətdə reallaşdırdığı çoxşaxəli layihələrin miqyası ilə gözlənildiyindən xeyli böyük amalları uğurla gerçəkləşdirmişdir. Fond qısamüddətli fəaliyyəti dövründə ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsi, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafına xidmət edən layihələrin həyata keçirilməsinə, milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılması, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xüsusən də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində son dərəcə uğurlu nəticələrə imza atmış, dərin ictimai rəğbət qazanmışdır. Əslində, fond 7 illik fəaliyyəti ilə 50 ildə görülə biləcək tədbirləri uğurla gerçəkləşdirmiş, Azərbaycan dövlətçiliyinin inkişaf strategiyasının, habelə milli dövlətçilik ideologiyasının formalaşmasına, ictimai şüurda möhkəmlənməsinə sanballı töhfələrini vermişdir. Bütün bunlar isə ölkə vətəndaşlarının, bir qədər geniş çevrədə götürsək, dünyada Azərbaycana bağlı hər kəsin Heydər Əliyev Fonduna, təşkilatın rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin rəğbətini, dəstəyini qazandırmışdır.
Azərbaycanın birinci xanımının 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə "Qızıl ürək" və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatlarına, "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, 2009-cu ildə "XXI əsrin böyük qadını" laureatına, 2010-cu ildə isə Fransanın "Fəxri Legion" ordeninə, YUNESKO-nun "Qızıl Motsart" medalına, 2011-ci ildə Krans Montana Forumunun qızıl medalına layiq görülməsi də bunun əyani təzahürüdür. Bütün bu mükafatlar, şübhəsiz, dünyada öz fəaliyyəti ilə böyük nüfuz qazanmış, xüsusi xidmətləri olan insanlara verilir. Azərbaycanın birinci xanımının belə yüksək mükafat və təltiflərə, titullara layiq görülməsi onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda diqqət mərkəzinə çevrildiyini bir daha təsdiqləyir. Məlumdur ki, xalqa xidməti həyat kredosuna çevirmiş böyük şəxsiyyətlər bunun müqabilində hər zaman təmənnasız olmuş, dar məqsəd güdməmişlər. Fəqət, belə nəcib və xeyirxah insanların mənəvi yüksəliş və ucalığa xidmət edən çoxşaxəli fəaliyyətinin obyektiv dəyərləndirilməsi bəzən obyektiv tələbat kimi ortaya çıxır. 2009-cu il 5 may tarixli sərəncamı ilə fondun prezidentini "Heydər Əliyev mükafatı"na layiq görən dövlət başçısı İlham Əliyev qurumun cəmiyyət və xalq naminə xidmətlərini yüksək qiymətləndirmişdir: "Heydər Əliyev Fondu milli fonddur. Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır. Eyni zamanda, Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyaya təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşübdür. Düşübdür deyəndə, fond və fondun rəhbərliyi bütün bu işləri öz təşəbbüsü ilə görür, mən bunu da deməliyəm. Ona görə mən fondun fəaliyyətini çox təqdir edirəm, çox bəyənirəm və şübhə yoxdur ki, bundan sonra da Azərbaycanın gələcək inkişafında fondun rolu böyük olacaqdır". Beləliklə, Azərbaycanın sabahı naminə addım-addım reallaşdırılan strateji əhəmiyyətli layihələr bu təşkilatı ölkənin milli dövlətçilik tarixinə ən parlaq örnəklərdən biri kimi daxil etmişdir.
Heydər Əliyev Fondunun yaranmasının yeddinci ildönümünün respublika səviyyəsində qeyd olunması da onun cəmiyyət həyatındakı əlahiddə nüfuzunun bariz göstəricisidir. 2011-ci ilin mayında "Buta" sarayında keçirilən təntənəli mərasimdə çıxış edən Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva demişdir ki, fondun ötən müddətdə ən böyük uğuru xalqın inam və etimadını qazanmasıdır: "Mən bu kürsüdən istifadə edərək bir daha hamını əmin etmək istərdim ki, Heydər Əliyev Fondu Azərbaycanın bu günü və sabahı naminə gələcəkdə də çalışmağa hazırdır. Bu yolda bizə dəstək verən, yardım edən hər bir insana, hər bir quruma - istər dövlət, istər qeyri-dövlət qurumuna, bizimlə əlaqə, əməkdaşlıq yaradan beynəlxalq təşkilatlara dərin minnətdarlığımı çatdırıram".
Heydər Əliyev Fondunun prezidentinin fəal təşəbbüsləri həm də Azərbaycanın bəşəri miqyasda tanınmasına, ölkəmiz haqqında obyektiv ictimai rəyin formalaşmasına, həmçinin respublikamızın beynəlxalq miqyaslı tədbirlərin təşkilatçısına çevrilməsinə xidmət edir. Həmin tədbirlərin bəzilərinin iştirakçısı kimi deyə bilərəm ki, Azərbaycanın birinci xanımı ingilis dilində səlist nitq söyləməklə Avropa siyasi leksikonunda ölkə həqiqətlərini dünyaya çatdırır. Çıxışlarında bəşəriyyəti sülhə, sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığa, qlobal problemlərin birgə həllinə səsləyən çağırışların yer alması ölkənin birinci xanımının timsalında Azərbaycan qadını haqqında dolğun təsəvvür formalaşdırır. Qadınlarımıza xas nəcibliyi, zəngin daxili mədəniyyəti, ziyalılığı, humanizmi, kübarlığı təcəssüm etdirir.
Prezident İlham Əliyev bütün xarici səfərlərdən uğurla qayıdır. Dövlət başçısının milli mənafelərə əsaslanmaqla həyata keçirdiyi fəal, balanslı və praqmatik siyasətinin səmərəli nəticələr verməsində fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Mübaliğəsiz deyə bilərik ki, respublikanın birinci xanımının keçirdiyi yüksək səviyyəli görüşlər dövlət başçısının xarici səfər proqramlarını daha rəngarəng və məzmunlu edir, səmərəliliyini yüksəldir.
Heydər Əliyev Fondunun Bakıda təşkil etdiyi beynəlxalq tədbirlərin əhəmiyyəti də bu baxımdan xüsusi vurğulanmalıdır. Son illər YUNESKO, İSESKO, YUNİSEF və digər beynəlxalq qurumlarla birgə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın qlobal sferada sülh, tərəqqi və iqtisadi əməkdaşlıq mərkəzi kimi tanındığını, nüfuzunun yüksəldiyini göstərir. Həmin tədbirlərdə dini-etnik ayrı-seçkiliyin, gender bərabərsizliyinin, savadsızlığın aradan qaldırılması məsələləri, habelə səhiyyə, elm, təhsil, mədəniyyət sahəsində qlobal problemlər ətraflı müzakirə olunur.
2005-ci ildən indiyədək "YUNESKO-Azərbaycan: Azərbaycanın təhsil problemləri və perspektivləri", "Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması", YUNESKO-nun "Dünyada savadlılığın dəstəklənməsi", "Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları", "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" və digər mövzularda keçirilən konfransların əhəmiyyəti xüsusi qeyd olunmalıdır: Heydər Əliyev Fondunun prezidenti həmin tədbirlərin iştirakçılarında Azərbaycan haqqında obyektiv təsəvvür formalaşdıra bilmiş, onları ölkə həqiqətləri ilə yaxından tanış etmişdir.
Milli-mənəvi iris
dünyaya tanıdan fond
Heydər Əliyev Fondu ötən illərdə
xalqın milli varlığını özündə
yaşadan maddi-mənəvi, intellektual irsin qorunması məqsədinə
hesablanan müxtəlif layihələr həyata
keçirmişdir. Fondun birbaşa himayəsi ilə son illər
respublikada, xüsusən də, muğam sənətinin
qorunması, inkişafı və təbliği sahəsində
böyük işlər görülmüşdür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin
qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil
edilməsi məhz bu əzmkar fəaliyyətin nəticəsidir.
Fondun milli mədəniyyətin təbliği
sahəsində həyata keçirdiyi uğurlu layihələrdən
biri də "Qarabağ xanəndələri" albomunun
hazırlanması olmuşdur. Albomun təqdimat mərasimində
çıxış edən Mehriban xanım Əliyeva Azərbaycanda
bir neçə muğam məktəbinin olduğunu,
bunların içərisində Qarabağ muğam məktəbinin
aparıcı rolunu diqqətə
çatdırmışdır: "Balaca muğam
ifaçılarını, adətən, Qarabağ
bülbülləri adlandırırlar. Bu
gün Qarabağın sakinləri olan məcburi
köçkünlərin düşərgələrində
böyüyən uşaqlar daha muğam oxumurlar, onların
arasında belə Qarabağ bülbülləri son dərəcə
azdır. Oxumaq üçün onlara
Qarabağ dağları, Qarabağ təbiəti, Qarabağ
torpağı lazımdır. Azərbaycan
mədəniyyətinin Üzeyir Hacıbəyov və
Bülbül kimi belə böyük korifeylərinin
Şuşada doğulduqlarını demək kifayətdir".
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə 2005, 2007, 2009 və 2011-ci illərdə keçirilən,
televiziya ilə canlı yayımlanan muğam müsabiqələri
də Azərbaycanın milli sərvəti olan muğamın təbliğinə
layiqli töhfə olmuşdur. Bakıda - dənizkənarı
bulvar ərazisində Beynəlxalq Muğam Mərkəzinin
tikilib istifadəyə verilməsi fondun qlobal mənədiyyət
layihələri sırasında mühüm yer tutur.
Mədəniyyət sahəsində həyata
keçirilmiş mühüm layihələrdən biri də
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyinin inşasıdır. 2009-cu ilin
martında fondun təşəbbüsü ilə Bakıda
Müasir İncəsənət Muzeyinin açılması
da mədəni sahədəki qlobal layihələr
sırasında xüsusi vurğulanmalıdır.
2009-cu ildə
aşıq sənətinin, habelə Novruz bayramının
YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil
edilməsi də fondun bu sahədəki əzmkar fəaliyyətinin
nəticəsidir. 2010-cu il oktyabrın 22-də Heydər Əliyev
Fondunun dəstəyi, Mədəniyyət və Turizm
Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı
ilə I Beynəlxalq aşıq festivalının
keçirilməsi də milli mədəniyyətə
qayğı siyasətini özündə ehtiva edir.
Bu ilin may
ayında Azərbaycanın gənc ifaçılarının
Almaniyada keçirilən "Avrovizion-2011" musiqi
yarışmasındakı parlaq qələbəsində
fondun fəal dəstəyi, təşkilatçılıq səyləri
də mühüm rol oynamışdır. Belə
bir mötəbər - 800 milyondan çox auditoriyada
keçirilən musiqi yarışmasında birinci yeri qazanan
Azərbaycan Avropa məkanında zənginliyi ilə
seçilən mədəniyyətini təbliğ etmək
imkanı qazanmışdır. Bu, ilk
növbədə, 800 milyondan çox auditoriya
qarşısında azərbaycançılığımızın,
Azərbaycan gəncliyinin qələbəsi idi. Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
"Avrovizion-2012"-nin Bakıda keçirilməsi ilə
bağlı yaradılmış təşkilat komitəsinin sədri
təyin olunması da, bu mənada, təsadüfi deyildir. İnanırıq ki, Heydər Əliyev Fondunun
yaxından iştirakı ilə bu tədbir Azərbaycanda da
yüksək səviyyədə keçiriləcək,
ölkəmizin beynəlxalq nüfuzu daha da artacaqdır.
Bu, sadə bir proses deyil. Möhtəşəm
musiqi yarışmasına hamı hazırlaşmalı, ilk
növbədə, vətənpərvərliyini göstərməlidir.
Bu tədbir bir də ona görə xüsusi
hazırlıq tələb edir ki, ölkəmiz, vətəndaşlarımız,
gəncliyimiz, onların həyat tərzi on minlərlə
iştirakçının diqqət mərkəzində
olacaq. Azərbaycan bir daha öz mədəniyyəti
ilə sivil dəyərlərə yaxın olduğunu göstərmək
imkanı qazanacaq. Hesab edirik ki, "Avrovizion-2012"-nin Azərbaycanda keçirilməsi milli-mənəvi
dəyərlərimizin bəşəri dəyərlər
müstəvisində özünəməxsus yer tutmasında
mühüm hadisə olacaqdır.
Bir müddət əvvəl Heydər Əliyev Fondunun dəstəyi
ilə təşkil edilən III Qəbələ Beynəlxalq
musiqi festivalının yaratdığı xoş təəssüratlar
isə iştirakçıların və
tamaşaçıların yaddaşından hələ də
silinmir. Zəngin və rəngarəng proqramlı
festivalın başa çatmasından xeyli vaxt keçməsinə
baxmayaraq, onun uğurlu yekunları dünya mətbuatında hələ
də aktuallığını qoruyub saxlayır.
Təhsil
problemləri diqqət mərkəzindədir
Heydər Əliyev Fondunun xeyriyyəcilik fəaliyyətinin
prioritet istiqamətləri sırasında təhsil sahəsi
mühüm yer tutur. "Yeniləşən Azərbaycana yeni
məktəb" layihəsi cəmiyyətdə ciddi dəstəklə
qarşılanmışdır. Layihə
çərçivəsində yalnız 2005-ci ildən bu
günədək 300-dən çox yeni məktəb
binası inşa olunaraq istifadəyə verilmişdir.
Fondun son illərdəki başlıca fəaliyyət
istiqamətlərindən biri də ölkənin təhsil
problemlərinin həllində nüfuzlu beynəlxalq təşkilatlardan
sayılan YUNESKO-nun geniş imkanlarından səmərəli
şəkildə faydalanmaqdan ibarət olmuşdur. Bu nüfuzlu
beynəlxalq təşkilatın diqqətinin ölkəmizin təhsil
problemlərinin həllinə cəlb olunması, təşkilatla
əməkdaşlıq şəraitində keçirilən
birgə tədbirlər yaxın gələcəkdə
mövcud əlaqələrin daha da intensivləşməsinə
böyük imkanlar açmışdır. Azərbaycanla
YUNESKO arasında bir neçə istiqamətdə əməkdaşlıq
münasibətləri qurulmuşdur - bu əlaqələr əsasən,
"Təhsil hamı üçün" proqramını,
"Assosiativ məktəblər", texniki-peşə sahəsində
əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə
YUNESKO kafedralarının yaradılması və digər sahələri
əhatə edir. Təhsilin məzmunca yeniləşdirilməsi,
məktəblərdə informasiya texnologiyalarının
geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli
əməkdaşlığa daxil olan əsas məsələlərdəndir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
2008-ci ilin yayında Bakıda YUNESKO-nun "Dünyada
savadlılığın dəstəklənməsi"
üzrə regional konfransının keçirilməsi ümumilikdə Azərbaycanın
təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin
mərkəzinə çevrildiyini əminliklə söyləməyə
ciddi əsaslar verir.
Fond hər
il "Təhsilə dəstək" layihəsi çərçivəsində
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində
daimi yaşayış yerlərini tərk etmiş
qaçqın, məcburi köçkün ailələrindən
olan birinci sinif şagirdlərinə zəruri məktəb ləvazimatı
hədiyyə edir. Gürcüstanda yaşayan azərbaycanlı
uşaqlara, Qax, Zaqatala, Balakən rayonlarında tədrisin
gürcü dilində aparıldığı məktəblərə
hər il yeni dərslik və tədris ləvazimatları
göndərilir. "Təhsilə dəstək"
layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə
də uğurla həyata keçirilir. Layihə
çərçivəsində Pakistanda qızlar
üçün yeni orta məktəb binasının
inşası mühüm yer tutur. Xatırlatmaq
lazımdır ki, 2005-ci ildə Pakistanda böyük
dağıntılara səbəb olmuş zəlzələdən
sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki
qızlar məktəbi tam yararsız vəziyyətə
düşmüşdü. Fondun xəttilə qısa
müddətdə inşa edilən 650 şagird yerlik təhsil
ocağında müasir tələblərə cavab verən
10 xüsusi sinif otağı, laboratoriyalar, fənn kabinetləri,
kompyuter otağı, idman meydançası vardır. Bundan başqa, fondun maliyyə dəstəyi ilə
Misirdə, Gürcüstanda yeni məktəblər
tikilmiş, eyni zamanda, Rusiyanın Ulyanovsk şəhərində
bir məktəb əsaslı təmir olunmuşdur.
Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə
tutulmuş müəssisələrə sığınan
körpələrin problemlərinin həlli də bu gün
Heydər Əliyev Fondunun qarşıya qoyduğu əsas vəzifələrdən
biridir. "Uşaq evləri və internat məktəblərinin
inkişafı proqramı" bilavasitə fondun prezidentinin təşəbbüsü
ilə hazırlanmış, Bakıda və ətraf qəsəbələrdə
yerləşən uşaq evlərində, internat məktəblərdə
mövcud problemlər öyrənilmiş, onların aradan
qaldırılması üçün konkret işlər
görülmışdır. Proqram çərçivəsində
30-dan çox uşaq müəssisəsi əsaslı təmir
edilmiş, yeni avadanlıqlarla təchiz olunmuşlar. Təqdirəlayiq haldır ki, Heydər Əliyev
Fondu yaşı 18-dən yuxarı olan, uşaq evlərini tərk
edən yeniyetmələrin mənzillə təmin
olunmasını da diqqət mərkəzində saxlayır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva
Milli Məclisin fəal deputatı kimi həm də öz
seçiciləri qarşısında verdiyi hər bir vədi
əməli işi ilə doğruldur. Azərbaycanın birinci
xanımı qısa müddətdə deputatı olduğu Xəzər
rayonunda böyük layihələrin həyata keçirilməsinə
nail olmuşdur. Məhz onun təşəbbüsü
və dəstəyi ilə yaradılan "Xəzər
rayonunun İnkişaf Fondu" Ədliyyə Nazirliyində
qeydiyyatdan keçərək əməli fəaliyyətə
başlamışdır. Fondun məqsədi rayonun potensialından səmərəli
istifadə etməklə iqtisadiyyatın davamlı
inkişafı, əhalinin məşğulluğunun
artırılması, gənclərin ictimai fəaliyyətə
cəlb edilməsi, rayonda investisiya qoyuluşunun sürətləndirilməsi,
mövcud turizm resurslarından daha səmərəli istifadə
edilməsi, tarix və mədəniyyət abidələrinin
qorunması və bərpası sahəsində layihələrin
həyata keçirilməsidir.
Azərbaycan həqiqətləri
dünyaya çatdırılır
Ölkəyə rəhbərlik
etdiyi son 8 ildə milli maraqlara söykənən fəal xarici
siyasət yeridərək, "Biz müdafiədə deyil,
hücumda olmalıyıq!" - deyən
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü
ilə bağlı həqiqətlərin beynəlxalq aləmə
çatdırılmasını,
işğalçının ən müxtəlif səviyyələrdə
ifşasını, bədnam erməni lobbisinə qarşı
effektiv əks-hücumun təşkilini vətəninə
bağlı hər bir azərbaycanlının ümdə vəzifəsi
sayır. Son illər Azərbaycanın xaricdəki
diasporu, səfirlikləri ilə yanaşı, ayrı-ayrı
ictimai qurumların - qeyri-hökumət təşkilatlarının,
cəmiyyətlərin, dərnəklərin də bu prosesdə
iştirakının intensiv xarakter alması çox sevindirici
haldır. Heydər Əliyev Fondunun Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması istiqamətindəki ardıcıl
və sistemli fəaliyyəti bu baxımdan xüsusi
vurğulanmalıdır. Bu mötəbər təşkilatın
sivilizasiyalararası dialoq məkanının genişləndirilməsinə,
eyni zamanda, maarifçiliyə xidmət edən
çoxsaylı layihələrinin qayəsində yalnız
bir məqsəd dayanır: Azərbaycan xalqının milli mənafeyinin
qorunması ilə bağlı həyata keçirilən
dövlət siyasətinə dəstək vermək! Fond bu məqsədi müxtəlif beynəlxalq
qurumlarla münasibətləri genişləndirməklə,
YUNESKO və İSESKO kimi nüfuzlu təşkilatlarla
qarşılıqlı faydalı əlaqələr qurmaqla həyata
keçirir. Fondun prezidenti, Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həqiqətlərin beynəlxalq aləmə
çatdırılması üçün bütün
mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil,
səhiyyə və digər sahələrdə həyata
keçirilən layihələrin məhz bu məqsədə
yönəlməsinə çalışır. Fond Ermənistanın
ölkəmizə qarşı təcavüzünün
acı nəticələrinin dünya birliyinə
çatdırılması üçün müxtəlif səviyyəli
tədbirlər keçirir, Dağlıq Qarabağ
münaqişəsində xalqımızın üzləşdiyi
faciələri əyani şəkildə göstərən
filmlərin, fotosənədlərin, kitabların, digər
kütləvi nəşrlərin çapını və
yayılmasını təmin edir. Bu məqsədlə
müxtəlif internet saytları yaradılır, xarici kütləvi
informasiya vasitələrinin imkanlarından geniş istifadə
olunur.
Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
Cenevrədə Dünya Səhiyyə Təşkilatının
60-cı sessiyasında demişdir: "Mən beynəlxalq
ictimaiyyətin diqqətini bir daha ən böyük problemimizə
cəlb etmək istəyirəm. Bu da Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir. Ərazimizin
Ermənistan tərəfindən işğal edilməsinin
bizim təhsilimiz, mədəniyyətimiz üçün
çox ağrılı nəticələri olmuşdur.
İşğal olunmuş ərazilərdə məktəblər,
tarixi abidələr, muzeylər yerlə-yeksan edilmişdir.
Etnik təmizləmə siyasəti nəticəsində 1
milyondan çox qaçqın və məcburi
köçkün yaranmışdır... Biz bu
münaqişənin beynəlxalq hüquq əsasında və
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
tezliklə həllinə ümid edirik".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın
ifşası baxımından Heydər Əliyev Fondunun
müxtəlif dillərdə nəşr etdirdiyi kitablar
mühüm əhəmiyyətə malikdir. İngilis, fransız, ərəb,
alman, rus dillərində "Qarabağ həqiqətləri"
bukletlər toplusunun hazırlanması, Azərbaycanın xaricdəki
səfirlikləri, diaspor təşkilatları, habelə yerli
qeyri-hökumət təşkilatları vasitəsilə
yayılması bu istiqamətdə son dərəcə
uğurlu layihələrdən biri olmuşdur. Bukletlər
toplusu "Qarabağın tarixi haqqında məlumat",
"Qarabağ münaqişəsinin başlanması",
"Xocalı soyqırımı", "Azərbaycana
qarşı erməni təcavüzünün nəticələri",
"Erməni terror təşkilatlarının Azərbaycana
qarşı fəaliyyəti" kitablarından ibarətdir.
Layihənin davamı olaraq Heydər Əliyev Fondu Xarici
İşlər Nazirliyi ilə birgə "Azərbaycana
qarşı müharibə: Mədəni irsin hədəfə
alınması" kitabını ingilis dilində çapdan
buraxmışdır.
Fondun Qarabağ həqiqətlərinin yayılması
sahəsində növbəti mühüm addımı isə
Azərbaycan Milli Elmlər Akademiyasının İnsan
Hüquqları İnstitutunun mütəxəssisləri ilə
birgə "Pirlər və müharibə"
kitabının hazırlanmasıdır. Kitabda Ermənistan
silahlı qüvvələri tərəfindən işğal
olunmuş Azərbaycan ərazilərində - Şuşa,
Laçın, Kəlbəcər, Ağdam, Füzuli və digər
rayonlarda düşmən tapdağı altında qalan ziyarətgahlar,
dağıdılmış tarixi memarlıq abidələri,
pirlər haqqında ətraflı məlumatlar verilmişdir.
Ölkə reallıqlarının internet şəbəkəsi
vasitəsilə dünyaya yayılması və xalqın min
illər boyu yaratdığı maddi-mənəvi dəyərlərin
dünyaya tanıdılması məqsədilə 2005-ci ildə
fond tərəfindən materialların həcminə, zənginliyinə
və əhatəliliyinə, habelə istifadə olunmuş
texnologiyalara görə ölkədə analoqu olmayan "Azərbaycan"
(www.azerbaijan.az) internet portalı yaradılmışdır. İstifadəçilərinin
sayı milyonlarla olan portalda Azərbaycanın bu günü,
tarixi keçmişi, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin əsl mahiyyəti ilə
bağlı məlumatlar yerləşdirilmişdir.
Nəcib
ənənənin layiqli davamçısı
Heydər Əliyev Fondunun beynəlxalq əhəmiyyətli
quruma çevrilməsi istiqamətində aparılan işlər
son illər daha da genişlənmişdir. Rusiyada, Rumınyada,
Türkiyədə, Böyük Britaniyada, ABŞ-da
filiallarını açan fond fəaliyyətini beynəlxalq
müstəvidə genişləndirmək imkanı
qazanmışdır. Fondun Moskva filialının fəaliyyəti
bu baxımdan daha qabarıq hiss olunur. Azərbaycanın
müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi
kimi bu missiyanı üzərinə götürmüş
Leyla Əliyeva Fondun Moskva filialına yüksək səviyyədə
rəhbərlik edir. Bu da təsadüfi deyildir ki, Azərbaycan
diasporunun formalaşmasındakı xidmətlərinə
görə Leyla xanım Əliyeva Azərbaycan Prezidentinin 5
iyul 2011-cu il tarixli sərəncamı ilə
"Tərəqqi" medalı ilə təltif
olunmuşdur.
Fondun Moskva filialının rəhbəri, ilk növbədə,
Azərbaycanın dünya miqyasında tanınmasına,
üzləşdiyi həqiqətlərin beynəlxalq ictimaiyyətə
çatdırılmasına çalışır, diaspor hərəkatının
genişləndirilməsi istiqamətində bütün zəruri
tədbirləri həyata keçirir.
İslam
Konfransı Təşkilatının gənclər forumu ilə
"Xocalıya ədalət" Beynəlxalq kampaniyasına
start verilməsi də fondun Moskva filialının fəaliyyəti
ilə bağlıdır. Bu kampaniya İKT Gənclər
Forumunun Mədəniyyətlərarası Dialoq üzrə
baş koordinatoru Leyla Əliyevanın 2008-ci il
mayın 8-də irəli sürdüyü təşəbbüs
əsasında həyata kecirilir. Tunisdə İSESKO-nun Baş
Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol
"Xocalıya ədalət" Beynəlxalq Məlumat Təşviqat
kampaniyasına dəstək verilməsini və dünya
miqyasında təhsil, elm və mədəniyyət sahələrində
birgə tədbirlərin həyata keçirilməsini nəzərdə
tutur. Leyla Əliyeva demişdir ki, bu aksiyanın
əsas məqsədi beynəlxalq birliyi Xocalı faciəsi
haqqında ədalətli məlumatlandırmaqdır.
2010-cu il
dekabrın 15-də Dialoq və Əməkdaşlıq
Uğrunda İslam Konfransı Təşkilatı Gənclər
Forumu və "Azərbaycan Respublikasının Dağlıq
Qarabağ bölgəsinin Azərbaycanlı icması"
İctimai Birliyi Leyla Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən "Xocalıya ədalət"
beynəlxalq təşviqat kampaniyasının online fəaliyyətlərinin
təqdimatına həsr olunmuş tanıtma tədbiri
keçirmişlər. 10 dekabr İnsan Hüquqları Günü
həftəsinə həsr olunmuş tədbir çərçivəsində
"Xocalıya Ədalət" kampaniyasının yeni
internet saytı ictimaiyyətə təqdim edilmiş,
kampaniyanın "Facebook", "Twitter" və
"Youtube" kimi sosial şəbəkələrdəki fəaliyyəti
barədə məlumat verilmişdir.
Fondun Moskva nümayəndəliyinin Rusiya ilə Azərbaycan
arasında mədəni dialoqunun genişləndirilməsi
istiqamətində təşkil etdiyi tədbirlər də bu
baxımdan təqdirəlayiqdir. Qısa müddətdə
Leyla xanım Rusiyanın mədəni ictimaiyyəti ilə
müxtəlif səviyyəli görüşlərdə
olmuş, Azərbaycanın zəngin mədəniyyətinin təbliği
istiqamətində addımlar atmışdır. 2007-ci ilin dekabrında Leyla Əliyevanın baş
redaktorluğu ilə nəşrə başlayan
"Bakı" jurnalı da Azərbaycanın və onun
paytaxtının təbliği baxımından xüsusi əhəmiyyətə
malikdir.
Xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev
Fondunun Moskva filialının rəhbəri Leyla xanım Əliyeva
da təhsil sahəsində həyata keçirilən layihələrə
fəal dəstək verir. Məhz onun təşəbbüsü
və fəal rəhbərliyi ilə son illərdə
Rusiyanın müxtəlif şəhərlərində Azərbaycan
dilində bazar günü məktəbləri
açılmışdır. Fondun Moskva
filialı bu cür məktəblərin
açılmasını təşviq edir və onların tədris
ədəbiyyatıyla, kompyuterlərlə təchiz
olunmasına kömək göstərir. Fond
indiyə qədər İvanovo, Tula, Tver və Surqut şəhərlərindəki
bazar günü məktəblərinə kömək
etmişdir.
Leyla xanım Əliyeva eyni zamanda, Heydər Əliyev
Fondunun Azərbaycanda və bir sıra dünya ölkələrində
həyata keçirdiyi insanpərvər layihələrin
icrasına da layiqli töhfəsini verir.
Fondun fəaliyyəti
örnəkdir
Heydər
Əliyev Fondunun və onun Moskva nümayəndəliyinin
Bakı Dövlət Universiteti ilə sıx əlaqələri
var. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva indiyədək
bir neçə dəfə universitetdə olmuş, müxtəlif
səviyyəli tədbirlərdə iştirak etmişdir. Azərbaycanın birinci xanımının BDU-nun 90
illik yubileyində iştirakı da universitetin professor-müəllim
heyətində, tələbələrində ruh yüksəkliyi
doğurmuşdur. Hesab edirik ki, Azərbaycanın
birinci xanımının çoxşaxəli vətənpərvər
fəaliyyəti BDU-nun tələbə gəncləri
üçün layiqli örnək və nümunədir.
Fondun Moskva filialının xəttilə universitetə
48 adda 600-dən çox dəyərli dərsliyin hədiyyə
olunmasını da mühüm faktlardan biri kimi diqqətə
çatdırmaq istərdik. Bundan əlavə,
fondun Moskva nümayəndəliyinin təşəbbüsü
ilə 2010-cu və 2011-ci illərdə iyul ayında Rusiya
Federasiyası Tələbə-Gəncləri BDU-da olmuş, səmərəli
müzakirələr aparmışlar. Nümayəndə
heyətinin rəhbəri, Rusiya Federasiyası Gənclər
İctimai Palatasının sədri Vadim Yurko iki ölkənin
gənclər təşkilatlarının səmərəli əməkdaşlığının
genişlənməsində Heydər Əliyev Fondunun Moskva
filialının fəaliyyətini yüksək dəyərləndirmişdir.
Göründüyü
kimi, Heydər Əliyev Fondu hansısa ayrıca
götürülmüş sahənin inkişafı naminə
fəaliyyət göstərmir - xeyriyyəçilikdən
tutmuş, ölkənin təhsil və səhiyyə
sisteminin, mədəniyyət və incəsənətinin
inkişafı, insan hüquqlarının qorunması, Azərbaycanın
beynəlxalq aləmdəki imicinin formalaşmasına qədər
müxtəlif sferalarda məhsuldar fəallıq
nümayiş etdirir. Xüsusi vurğulamaq istərdik ki, fondun
ölkənin elminə, təhsilinə qayğı siyasətini
Bakı Dövlət Universitetinin çoxsaylı
professor-müəllim, tələbə kontingenti də hiss
edir, Azərbaycanın intellektual yüksəlişinə xidmət
kimi bu xeyirxah missiyanı ürəkdən dəstəkləyir.
Əsl insan üçün ən dəyərli
xəzinə məhz çalışmaq və
başqalarına yaxşılıq etmək
bacarığıdır. Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyeva da dəyərli
vaxtını, enerjisini məhz insanların nicatına,
rifahına, firavanlığına xidmət edən layihələrə
yönəldir. Çünki insan amilinin
yüksəlişinə hesablanmış bu layihələr,
ilk növbədə, Heydər Əliyev ideyalarına sədaqətin,
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vətən,
xalq naminə apardığı məqsədyönlü siyasətə
dəstək vermək istəyinin təzahürüdür.
Universitet kollektivi əmindir ki, fond millətin gələcəyinə
və firavan sabahına hesablanmış bu xoşməramlı
missiyanı bundan sonra da inamla davam etdirəcək, milli intibah
prosesinə yeni və dəyərli töhfələrini verəcəkdir.
Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin
rektoru, akademik, Milli Məclisin
deputatı
Azərbaycan.-
2011.- 26 avqust.- S. 3.