Otuz il sonra və ya əbədi gənclik, dostluq və məhəbbət haqqında yeni saqa

 

Bir neçə gün bundan əvvəl Bakıda "Qorxma, mən səninləyəm" filminin ikinci hissəsinin çəkilişləri başlanmışdır. İlk sovet "davalı film"lərindən biri hesab edilən, tamaşaçıların çox xoşladığı bu filmin davamını çəkmək onun rejissoru Yuli Qusmanın çoxdankı arzusu idi. Lakin müxtəlif səbəblər üzündən bu iş uzanırdı. Nəhayət, indi, filmin birinci hissəsi ekranlara çıxandan düz 30 il sonra bu arzu həyata keçməyə başlayır.

...Yuli Solomonoviçlə Pirallahı adasının yaxınlığındakı çəkiliş meydançasında görüşdük. Filmin prodüserləri və yaradıcı kollektiv çəkiliş məqsədilə münasib yer tapmaq üçün xeyli əziyyət çəkməli olmuşlar. Axı filmdə bəhs edilən hadisələr XX əsrin əvvəlində, Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verir. Təbii ki, o dövrün ab-havasını tamaşaçıya çatdırmaq üçün müvafiq fon lazımdır. Bakıda və onun ətrafında modernləşmənin çox fəal getdiyini nəzərə alsaq, bu ərazidə belə bir fon tapmaq kifayət qədər çətin idi. Filmin yaradıcı heyəti bütün Abşeron yarımadasını qarış-qarış gəzərək Pirallahı adasının yaxınlığında, çoxmərtəbəli binaların və dəbdəbəli villaların tikinti bumunun hələ gəlib çatmadığı bir yer seçdilər. Heç kəsin yaşamadığı yerləri xatırladan bu ərazidə, dənizin lap sahilində çadırlar qurdular, XX əsrin əvvəlinə uyğun üslubda dekorasiyalar düzəltdilər.

Biz oraya yaxınlaşanda "Stop-kadr, motor!" komandasını eşitdik. Filmin baş rejissoru Yuli Qusman gərgin işləyirdi. O, filmin qəhrəmanı San Sanıçın evinin yaxınlığında növbəti epizodu çəkirdi (yeri gəlmişkən, yeni filmdə San Sanıç obrazını SSRİ xalq artisti Lev Durov yaradır). Çəkiliş meydançasında gördüyümüz mənzərə bayramsayağı olmasa da, demək olar ki, təntənəli idi. Bu, bəlkə də ondan irəli gəlir ki, "Qorxma, mən səninləyəm" filminin birinci hissəsində çəkilmiş Lev Durov, Polad Bülbüloğlu və bir sıra başqa aktyorlar da Yuli Qusman kimi, bu məqamı düz 30 il gözləmişlər. Çəkiliş qrupunun və aktyorların işgüzar əhvalı dərhal hiss olunurdu. Hamı diqqətlə rejissorun komandalarını izləyir, hər bir epizodu necə çəkməyin daha yaxşı olacağını, işığı haradan salmağın daha düzgün olmasını müzakirə edir.

 

Çəkilişlərdə fasilə yarananda fürsətdən istifadə edib rejissorla söhbət etməyi qərara aldıq.

 

Yuli Qusman dedi:

 

- Deyirlər, bir çaya iki dəfə girmək olmaz, lakin bu filmin çəkilişlərinin başlanması həmin fikrin əksini göstərir. Biz gənclik, tarix, bizim dostluğumuz adlanan həmin çaya bir də girmək istəyirik. İstənilən uğurlu filmin davamını çəkmək ideyası olur, lakin bunu heç də həmişə gerçəkləşdirmək olmur. Ona görə ki, tamaşaçının fikrində əvvəlki obrazlar və xarakterlər qalır. Onlar Polad Bülbüloğlunu, Lev Durovu, Muxtarbəy Kantemirovu cavan yaşlarında olduğu kimi xatırlayırlar. Tamaşaçılar o vaxt bütün ölkədə dillər əzbəri olmuş gözəl musiqini xatırlayırlar. Beləliklə, biz çox çətin işə girişmişik, lakin riskə getməyi qərara almışıq.

Rejissor bildirdi ki, "Qorxma, mən səninləyəm" filminin birinci hissəsində çəkilmiş aktyorların çoxu filmin davamını çəkməyi xahiş edirdilər. Y.Qusman deyir: "Mən bundan imtina edirdim, çünki filmin davamını heç cür fikirləşib tapa bilmirdim. Lakin təxminən 5 il bundan əvvəl bu köhnə mövzuya qayıtmaq və birinci filmdə bəhs edilən hadisələrin 20 ildən sonrakı davamını göstərən ekran əsəri yaratmaq fikrinə düşdüm. Əvvəllər heç vaxt bir-birindən ayrılmayan və səmimi dostlar olan qəhrəmanlarımız müxtəlif səbəblər üzündən hərə bir tərəfə dağılışmışdı. Kantemirovun qəhrəmanı Qızıl Orduda xidmət edir, San Sanıç (Lev Durov) köçüb doğma diyarına getmiş və Xəzər dənizinin sahillərində məskən salaraq cavan uşaqlara Şərq əlbəyaxa döyüş fəndlərini öyrənməkdə kömək edir. Polad Bülbüloğlu, birinci filmdə olduğu kimi, bu dəfə də Teymur Məmmədbəyov rolunu oynayır. Lakin artıq yaşa dolmuş Məmmədbəyov nüfuzlu adamlardan biri, bəstəkar və Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamentinin deputatıdır. Buna görə də film "Qorxma, mən səninləyəm - 1919" adlanır.

Filmdə maraqlı hadisələr, döyüş epizodları, intriqalar, müxtəlif komik vəziyyətlər, gülməli əhvalatlar və macəralar çoxdur. Lakin həmişəki kimi öz ampluasına sadiq qalan rejissor Azərbaycan təbiətinin gözəlliklərini, bu yerin əhalisinin xeyirxah, səmimi, nəcib və incə yumor hissinə malik, doğma diyarını sonsuz məhəbbətlə sevən insanlar olmasını tamaşaçıya çatdırmağa çalışır.

 

Yuli Qusman sözünə davam edərək deyir:

 

- Mən Azərbaycanı, bu diyarın havasını, onun insanlarının xarakterini çox sevirəm. Mən öz Vətənim haqqında danışanda bəzi adamlar fikirləşirlər ki, bunlar sadəcə gənclik xatirələridir. Axı, cavanlıqda meyvələr daha şirin, dağlar daha uca, dəniz daha mavi görünür. Əslində bunlar həqiqətdir. Dünyanın heç bir yerində belə əncir, belə üzüm, belə dəniz və azərbaycanlılar kimi xeyirxah və həssas adamlar yoxdur. Mənim bu filmim yaxşı tanıdığım, daim yadda saxladığım və sevdiyim Azərbaycana daha bir təşəkkür əlamətidir.

 

Yuli Qusman bildirdi ki, çəkilişlər təkcə Abşeron yarımadasında deyil, həm də filmin birinci hissəsinin çəkildiyi Qax rayonunun İlisu kəndində aparılacaqdır:

 

- Biz İlisu dağlarında çəkilişlər aparmaq üçün yenə çox yaxşı yerlər tapmışıq. Bu 30 ildə mən Bakıda tez-tez olmuşam, amma rayonlara getməmişəm. Azərbaycanın regionlarında baş vermiş dəyişikliklər məni heyran etdi. İndi İlisu əvvəlki ilə müqayisəyəgəlməz dərəcədə dəyişmişdir. O vaxt İlisu ucqar, geridə qalmış bir kənd idi. İndi isə kənddəki abad, müasir evləri, oradakı iri təsərrüfatları görəndə, adamın ürəyi açılır. Ümumiyyətlə, çəkilişlərə hazırlaşarkən biz demək olar ki, bütün ölkəni gəzdik, Qərbin inkişaf etmiş şəhərlərindən heç nə ilə fərqlənməyən Qəbələni, Zaqatalanı, oradakı böyük dəyişiklikləri, rahat yolları görəndə mat qaldıq. İlisu kəndini başdan-başa gəzib dolaşandan sonra yalnız Gürcüstanla sərhəddə hələ tikinti işləri aparılmamış kiçik bir sahə tapdıq, filmin çəkilişlərini də orada aparacağıq.

Filmdə Rusiyanın tanınmış aktyorları ilə yanaşı, onların azərbaycanlı həmkarları da çəkiləcəkdir. Epizodlarda məşhur karateçilər, dünya və Avropa çempionu Rafael Ağayev, iki dəfə Avropa şempionu İlkin Şahbazov və başqaları çəkiləcəklər. Əsas rollardan birinə "Evurovision-2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov dəvət edilmişdir.

Kədərli məqamlar da vardır. "Qorxma, mən səninləyəm" filminin birinci hissəsi ekranlara çıxandan sonra ötən 30 il ərzində həmin filmdə mənfi qəhrəmanların obrazlarını böyük ustalıqla yaratmış Həsənağa Turabov və Mirzə Babayev kimi məşhur aktyorlar dünyalarını dəyişmişlər. Lakin rejissor çıxış yolu tapmışdır. Y.Qusman deyir: "Köhnə düşmənlər gedir, yeniləri yaranır. Yerli bandit dəstəsinin başçısı, filmin əsas mənfi qəhrəmanı Qafurbəy rolunu məşhur "kaveençi" Bəhram Bağırzadə, onun "sağ əli" olan Abdullo rolunu isə MXAT-ın aktyoru İqor Zlotovitski oynayır". Janr qanunlarına uyğun olaraq bu filmdə Xeyir və Şər arasında mübarizə gedir. Xeyir - Azərbaycanda yaranmaqda olan demokratiyanın təcəssümüdür. Təbii ki, xeyir qalib gəlir.

Filmin uğur qazanması üçün onun üzərində işləyən komanda mühüm rol oynayır. Yaradıcı qrupda qarşılıqlı anlaşma nəticə etibarilə filmin uğurlu olub-olmayacağını müəyyən edir. "Qorxma, mən səninləyəm - 1919" filminin yaradılmasına cəlb edilmiş insanlarla tanış olduqdan sonra inamla deyə bilərik ki, bu filmə tamaşaçı rəğbəti qabaqcadan təmin olunmuşdur.

 

Rejissor deyir:

 

- Bizim prodüser Nadir Əliyev birinci filmin direktoru olmuşdur. Bu gün o, filmin davamını çəkməkdə mənə kömək edir. Baş operator, Rusiyanın xalq artisti Vadim Alisov 50-dən çox film çəkmişdir. Bu filmlər arasında çox məşhur olanlar və rusiyalı tamaşaçıların sevdiyi ekran əsərləri də az deyil. Filmin baş prodüseri də bakılı, vaxtilə "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubu komandasının üzvü olmuş Timur Vaynşteyndir. Filmin musiqisini, əlbəttə, Polad Bülbüloğlu yazmışdır. Birinci filmin böyük uğurundan sonra bu işi başqasına etibar etmək olardımı? Amma ümumiyyətlə, yeni filmdə musiqi əvvəlkindən az olacaqdır. Mən hətta ən kiçik rollara da öz dostlarımı, məşhur aktyorları dəvət etmişəm. Biz bu filmi Azərbaycanı sevən və ona hörmət edən insanların böyük komandası ilə çəkəcəyik.

Ümumiyyətlə, dostluq mövzusu Yuli Solomonoviç üçün müqəddəs mövzudur. Rejissor əmindir ki, dostluq, arxa hissi olmasa, heç bir iş irəliləməyəcək. İstər kino, istərsə də qlobal miqyasda dünya ölkələri və xalqları arasında münasibətlərin tənzimlənməsində.

- Bizim filmdə hadisələr sosial sarsıntılar, müharibələr və inqilablar dövründə cərəyan edir. Buna görə də filmin əsas mövzusu kişi dostluğudur. Bu anlayış hər bir sərhəddən, hər bir ideologiyadan ucadır. Bu gün bütün keçmiş Sovet İttifaqı məkanında müəyyən problemlər vardır. Əvvəllər biz hamımız bir ailə kimi yaşayırdıq, indi isə hərə öz mənzilində qapanıb qalmışdır, bəziləri öz qonşusuna pislik edir. Amma onsuz da biz yanaşı yaşamalıyıq, buna görə də birimiz digərinə əl uzadanda qarşı tərəfin bu əli sıxması çox vacibdir. Bu mənada nə Rusiya Azərbaycandan üz döndərə bilər, nə də Azərbaycan Rusiyadan. Filmin süjeti də ondan ibarətdir ki, dostluq düşmənçiliyə, alçaqlığa və məkrə qalib gəlir.

Yuli Qusman onu da etiraf etdi ki, mənəviyyatdan maddiyyata keçsək, çəkiliş qrupunun, aktyorların, texniki heyətin üzvlərinin sayı çox olsa da filmin büdcəsi bu gün Rusiyada çəkilən filmlərin büdcəsi ilə müqayisə edilə bilməz.

 

Yuli Qusman deyir:

 

- Filmin büdcəsi hələlik kiçikdir, lakin planlarımız çox böyükdür. İlkin smetada 15 milyon dollar nəzərdə tutulmuşdur, sonra bu məbləğ azaldılaraq 12 milyona endirildi. Kino çəkilişi üçün bu, o qədər də çox pul deyil. Moskvada belə bir film üçün 25 milyon dollar lazım gələrdi. Hazırda bizim büdcəmiz tələb olunandan demək olar ki, 10 dəfə azdır.

Sonra gülümsəyərək əlavə edir: - Amma güman edirəm ki, hər şey düzələcək, dostluq kömək edəcəkdir.

Gözlənildiyinə görə, "Qorxma, mən səninləyəm - 1919" filminin çəkilişləri bir neçə ay davam edəcəkdir. Onun böyük ekranlara nə vaxt çıxacağı hələ məlum deyil, lakin çox istərdik ki, bu filmin ekran taleyi də birinci filmdəki kimi uğurlu olsun. Axı, bu filmin təbliğ etdiyi məhəbbət, dostluq və sədaqət idealları həmişə yüksək qiymətləndirilir.

 

 

 Orxan YOLÇUYEV,

 

AzərTAc-ın müxbiri

 

Azərbaycan.- 2011.- 26 avqust.- S. 4.