Gəncənin
baş tacı - ULU NİZAMİ
Qədim şəhər
dahi şairin yubileyinə hazırlaşır
Gəncə - Harut sehirli Babil deyil, bəs
nədir?
Ürəyim - ulduzlara nur saçan bir Zöhrədir.
Zöhrə təki ucalıb
Mizan bürcünə
Gəncə,
Onu belə ucaldan ülvi sözümdür,
məncə.
Nizami
Gəncə yenidən qurulur. Şəhərin hər guşəsində başdan-başa qızğın iş gedir. Bu genişmiqyaslı abadlıq, quruculuq işləri məhz Nizami məqbərəsinin ətrafından başlanıldı. Bu, heç də təsadüfi deyildir.
Türk elinin iftixarı, şeirin-sənətin bayraqdarı ulu Nizami məhz Gəncədən bütün dünyaya şəfəq saçıb. Gəncə deyiləndə Nizami yada düşür, Nizaminin adı çəkiləndə qədim Gəncə göz önünə gəlir. Dahi Nizami Azərbaycan xalqının, qədim Gəncənin əvəzsiz simvolu, baş tacıdır. O, burada bir-birinin ardınca, bir-birindən dəyərli əsərlər - "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə" kimi beş əvəzsiz inci yaratdı və öz müdrik sözü, büllur sənəti ilə qədim Gəncəni bütün dünyaya tanıtdı. Elə o vaxtdan gəncəli Nizaminin "Xəmsə"si müqəddəs poeziya aləminin əbədi günəşinə çevrilib.
Bu ilin sentyabr ayında ulu şairin 870 illiyi tamam olur. Nizami Gəncəvinin
adı ilə şöhrət tapan şəhərdə əlamətdar
yubileyə geniş hazırlıq işləri
görülür. Bu məqsədlə icra hakimiyyətinin başçısı
Elmar Vəliyevin sərəncamı ilə
şəhərin nüfuzlu
ziyalılarından ibarət
yubiley komissiyası və müxtəlif sahələr üzrə işçi qrupları yaradılıb. Xeyli vaxtdır
ki, yubiley komissiyası genişmiqyaslı
fəaliyyətə başlayıb.
Ali və orta
təhsil müəssisələrində,
elm və mədəniyyət
ocaqlarında silsilə
tədbirlər keçirilir.
Ölməz söz ustadının
ədəbi irsinin təbliği üçün
geniş tədbirlər
görülür. Nizami şeirlərinin
ifası üzrə müsabiqələr, ədəbi-bədii
gecələr təşkil
olunur.
Hazırlıq tədbirlərinin ilk töhfəsi
olaraq şəhərin
mərkəzi meydanında
"Nizami Gəncəvinin
söz buketi" adlı geniş sərgi nümayiş etdirildi. Burada Nizaminin əsərləri,
onun motivləri üzrə reproduksiyalar, miniatürlər, rəsmlərlə
yanaşı ən müxtəlif illərdə
çap olunmuş kitablar, Nizami dövrünü əks etdirən müxtəlif məişət əşyaları,
habelə Gəncədə
çalışan nizamişünas
alimlərin əsərləri
nümayiş etdirildi.
Şəhərdə hamı Nizaminin adına
layiq işlər görməyə çalışır.
Nizami Gəncəvi elə öz dövründə ölməz əsərlərinə
görə yüksək
qiymət almış
sənətkarlardandır. Onun haqqında dünyanın ən məşhur şəxsiyyətləri nüfuzlu
söz demiş, türk aləminin bu böyük oğlunun sənətinə
yüksək qiymət
vermişlər. Məclislərdən
birində fars
və tacik ədəbiyyatının klassiki
Əbdürrəhman Camiyə
deyirlər ki, şeir aləmindəki üç nəfər peyğəmbərin adını
desin. Cami əlüstü farsca bu beyti oxuyur:
Şeir
aləminin olubdur üç peyğəmbəri:
Firdovsi və Sədi, bir də Ənvəri.
Deyirlər, bəs Nizaminin adı çəkilmir. Cami cavab verir: Biz peyğəmbərlərdən danışırıq. Nizami isə
şeir aləminin allahıdır.
Fikir verirsinizmi,
bunu qüdrətli söz ustası Cami deyir. Özü
də altı yüz il
bundan əvvəl. Söz-sənət aləmində gəncəli
Nizami illər, əsrlər boyu bax bu cür
tanınıb, indi də məhz belə tanınır.
Ulu öndər Heydər Əliyev Nizami Gəncəvinin böyük türk aləmində, bütövlükdə dünya miqyasında olan şöhrətinə, onun ölməz ədəbi irsinin təbliğinə xüsusi önəm verirdi. Müxtəlif vaxtlarda yubileylərin keçirilməsi, ədəbi irsin öyrənilməsi, əsərlərin nəşri barədə sərəncamlar vermiş, ədəbi ictimaiyyətin diqqətini xalqımızın bu müdrik oğlunun şəxsiyyətinə, sənət aləminə cəlb etmişdir.
Gəncəlilər ulu öndər Heydər Əliyevin 2000-ci il may ayının 24-də dahi şairin məqbərəsi önündə söylədiyi tarixi nitqi indi də minnətdarlıqla xatırlayırlar. Məqbərənin ziyarəti zamanı ümummilli lider Heydər Əliyev demişdir ki, "bütün Azərbaycan xalqı Nizami Gəncəvi ilə fəxr edir. Ancaq gəncəlilər xüsusi iftixar hissi keçirirlər. Birincisi, ona görə ki, Nizami gəncəlidir. Gəncənin adını dünyada məşhur edibdir, bu torpaqda yaşayıbdır, bu torpaqda yazıbdır. Onun yazdığı əsərlər bütün dünyada məşhurdur. Təsəvvür edin, 850 il bundan öncə bu qədər böyük əsərlər yaratmaq!.. Bu əsərlər təkcə şeirdən ibarət deyildir, onların hər birində böyük elm var, böyük fəlsəfə var, dahi fikirlər var. Buna görə onun əsərləri də yaşayır, özü də yaşayır".
Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də qədim Gəncəyə, ölməz Nizami irsinə xüsusi ehtiramla, məhəbbətlə yanaşır. Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında Nizami mərkəzinin yaradılmasının vacibliyi barədə məsələ qaldırılanda dövlət başçısı dedi ki, "Nizami mərkəzinin yaradılması ilə əlaqədar səslənən təkliflər, hesab edirəm ki, təqdirəlayiqdir. Heç kəsdə şübhə yoxdur ki, Nizami Gəncəvi dahi Azərbaycan şairidir. Bunu bütün dünya bilir".
Prezident İlham Əliyevin təşəbbüsü ilə belə bir mərkəzin məhz Nizami yurdunda yaradılması qərara alındı. İndi bu müqəddəs ocaq üçün layihə hazırlanır. Şəhərin ən mənzərəli guşəsində Nizami Gəncəvi adına Kitab Evi təşkil olunur.
Cənab İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşlərdən birində demişdir ki, Gəncə Azərbaycanın qədim şəhəridir. Azərbaycanın tarixində onun xüsusi yeri var. Prezident kimi mən də çalışıram ki, Gəncənin inkişafı üçün bütün lazımi tədbirlər görülsün.
Tədbirlər görülür və qədim Gəncə çox böyük sürətlə yeniləşir, inkişaf edir, tanınmaz olur. Son vaxtlarda görülən genişmiqyaslı abadlıq və quruculuq işlərinin ana xətti qədim şəhərin milli görkəmini qoruyub saxlamaqla müasir şəhərsalmanın tələblərinə uyğunlaşdırmaq və ulu Nizaminin adı ilə bağlı olan hər bir guşəni daha da gözəlləşdirmək, bütün şəhər boyu ölməz şairin müqəddəs ruhuna meydan açmasına şərait yaratmaqdan ibarətdir. Şəhərin icra orqanlarının çoxcəhətli fəaliyyəti məhz bu istiqamətdə qurulub.
Bu günlərdə yubiley komissiyasının geniş tərkibdə növbəti toplantısı keçirildi. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı, konkret tövsiyə və tapşırıqlar verdi. Sonra Regional Elm Mərkəzinin direktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü Fuad Əliyevin, Dövlət Aqrar Universitetinin rektoru, əməkdar elm xadimi Mirdaməd Sadıqovun, şəhərin baş rəssamı, əməkdar rəssam Şərif Şərifovun, habelə idarə və müəssisə nümayəndələrinin, yaradıcı təşkilatların, nizamişünas alimlərin məlumatları dinlənildi. Qeyd olundu ki, şəhər icra hakimiyyətinin tövsiyəsi ilə Nizami Gəncəvinin "Xəmsə"si, eyni zamanda onun poeziyasını xarakterizə edən "Sələflər və xələflər", "Nizami Gəncəvi məqbərəsinin tarixi və taleyi", "Nizami Gəncəvinin musiqi dünyası" adlı əsərlər, habelə "Sənsiz" və "Sevgili canan" romans-qəzəlləri və digər kitablar nəşr olunur.
"Nizami Gəncəvi - 870" saytı rus, ingilis və Azərbaycan dillərində olan materiallarla zənginləşdirilir. Başqa dillərdə də saytın fəaliyyət göstərməsi nəzərdə tutulub. Yubileyqabağı elmi-praktik konfransın təşkili üçün geniş proqram hazırlanır. Dövlət Aqrar Universitetindəki muzeydə Nizaminin aqrar məsələlər üzrə fikirlərini əks etdirən ayrıca guşə təşkil olunub. Nizami irsinin təbliği üçün universitetin kollektivi dünyanın 18 ali təhsil müəssisəsi ilə əlaqə saxlayır. Təhsildə xüsusilə fərqlənənlər üçün şəhərin ali məktəblərində bir neçə təqaüd təsis olunub. Gəncə Dövlət Dram Teatrı O.Altunbəyin "Şeyx Nizami" əsərini səhnəyə hazırlayır. Kukla teatrı balacalar üçün "Xəmsə"nin ayrı-ayrı motivləri əsasında səhnəciklər düzəldir. 11 nömrəli məktəbdə Nizami muzeyi fəaliyyətə başlayıb. Mədəniyyət ocaqlarında, təhsil müəssisələrində Nizami ədəbi irsinin təbliği üçün genişmiqyaslı tədbirlər görülür, yubiley ərəfəsində şeir, sənət müsabiqələrinin, əl işləri sərgilərinin, müxtəlif idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulub.
Toplantıda əməkdar rəssam Şərif Şərifovun çıxışı maraqla dinlənildi. O dedi ki, Bakı səmtində milli-memarlıq üslubunda rəmzi giriş qapısı hazırlanır. Yolun sağ və sol tərəfində "Xəmsə" əsərlərinin hər birinə aid iri ölçülərdə monumental "sərgi" düzəldilir, qaya, şəlalə və fəvvarələr quraşdırılır. Dövrün xarakterini nəzərə alaraq relyefin təbii formalarından geniş istifadə olunur. Şəhərin hər yerində Nizaminin portretləri, onun müdrik sözləri diqqəti cəlb edir. Nizami küçəsi başdan-başa yenidən qurulur. "Beşbulaq"da Nizami əsərlərinin "sərgisi" açılır. Gülüstan yaşayış sahəsində Nizami bağı yaradılır. Bağın mərkəzində dahi şairin abidəsinin ucaldılması nəzərdə tutulub. Şəhərin müxtəlif guşələrindəki rəngarəng rəsmlərdə, əlvan portretlərdə Nizaminin müdrik sözləri oxunur. Ölməz şairin müqəddəs ruhu hər yanı bəzəyir. Lövhələrdən birində deyilir:
Çalış öz xalqının işinə yara,
Geysin əməlinlə dünya zərxara.
Başqa bir yerdə də oxuyuruq:
Ucalmaq istəsən, bir kamala çat,
Kamala ehtiram göstərər həyat.
Yaxud
daha bir lövhə:
Qüvvət
elmdədir, başqa cür heç kəs
Heç
kəsə üstünlük eyləyə bilməz.
Müdrik
şairin bu məşhur sözlərini isə hamı əzbər
bilir:
Bir
elmi öyrənmək istədikdə sən,
Çalış
ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Nizami sıramızdadır,
Nizami "danışır",
öyüd-nəsihət verir,
doğma xalqına yol göstərir.
Nizami dünən də var idi, bu
gün də var, sabah
da olacaq. İllər,
əsrlər boyu beləcə təravətlə,
məhəbbətlə yaşayacaq.
Özü demişkən:
Yüz il sonra
sorsan bəs o hardadır?
Hər beyti səslənər:
"Burda, burdadır!"
Nizami Gəncədə,
Azərbaycanda, türk
elinin hər bir qədirbilən insanının qəlbindədir.
Əhməd İSAYEV
Azərbaycan.- 2011.- 26 avqust.- S. 5.