Pakistan Senatının sədri: Azərbaycan
torpaqlarının ermənilər tərəfindən
işğalına son qoyulmayanadək Pakistan Ermənistanı
bir dövlət kimi tanımayacaqdır
Azərbaycanın
Pakistandakı səfiri Daşqın Şikarov avqustun 26-da bu
ölkənin Senatının sədri Faruk Həmid Naik ilə
görüşmüşdür.
Səfirlikdən
AzərTAc-a bildirmişlər ki, diplomat Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərdə
Pakistanın ölkəmizə verdiyi dəstəyə görə
təşəkkür etmişdir. Səfir Azərbaycan
xalqının da bütün məsələlərdə daim
Pakistanla birlikdə olduğunu bildirmişdir.
F.Naikin Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri təyin olunmasını Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən D.Şikarov bildirmişdir ki, bu təyinat hər iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafında böyük rol oynayacaqdır.
Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən F.Naik vurğulamışdır ki, Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı tam dəstəkləyir. Zəbt olunmuş torpaqların qeyd-şərtsiz azad edilməsinin vacibliyini qeyd edən Senatın sədri bildirmişdir ki, işğala son qoyulmayanadək Pakistan Ermənistanı bir dövlət kimi tanımayacaqdır.
F.Naik Azərbaycanın enerji resurslarının və kimya sənayesi məhsullarının Pakistana idxalı, ölkəsinin yüngül sənaye, kənd təsərrüfatı mallarının isə Azərbaycana ixrac edilməsi imkanlarından da danışmışdır.
Cari ilin payızında Pakistan Prezidentinin Azərbaycana səfərinin gözlənildiyini, habelə hökumətlərarası komissiyanın V iclasının və hər iki ölkənin iş adamlarının iştirakı ilə Bakıda biznes forumunun keçiriləcəyini qeyd edən D.Şikarov bunun iqtisadi inkişafa təkan verəcəyini bildirmişdir. Diplomat Azərbaycanın Pakistan ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu və ölkələrimiz arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılmasının vacibliyini vurğulamışdır.
Senatın sədri F.Naik Pakistanda
2005-ci ildə olmuş zəlzələ və 2010-cu ildəki
sel fəlakəti zamanı Azərbaycanın göstərdiyi
maddi və mənəvi dəstəyi xatırlatmış,
buna görə Prezident İlham Əliyevə və
bütün Azərbaycan xalqına minnətdarlığını
bildirmişdir. Heydər Əliyev Fondunun
Müzəffərabad şəhərində tikdirdiyi
qızlar məktəbinin Pakistan-Azərbaycan xalqları
arasında dostluğun təzahürü olduğunu deyən
Senatın sədri ölkəsində fondun prezidenti Mehriban
xanım Əliyevaya olan böyük hörməti xüsusi
qeyd etmişdir.
Azərbaycan.- 2011.- 27 avqust.- S. 1.