Düşünülmüş, sürətli və davamlı inkişaf
"Biz ölkə iqtisadiyyatının uzunmüddətli
və dayanıqlı inkişafını güclü
sosial siyasət aparmadan
təmin edə bilməzdik. Bu məqsədlə
Azərbaycanda çox güclü
sosial siyasət aparılır. Bu siyasət özünü
müxtəlif istiqamətlərdə büruzə verir. Təkcə maaş
və pensiyaların artımı ilə biz
öz fəaliyyətimizi məhdudlaşdırmırıq,
eyni zamanda, sosial infrastrukturun
yaradılması işinə böyük
sərmayələr qoyulur".
İlham ƏLİYEV
İqtisadi inkişafında sosialyönümlülük prinsipini əsas götürən dövlətin qarşısında duran əsas vəzifələrdən biri bu istiqamətdə dəqiq düşünülmüş, qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda, ölkə və cəmiyyət reallıqlarını nəzərə alan siyasətin həyata keçirilməsidir. Bazar iqtisadiyyatı şəraitində yüksək səmərəli sosial siyasətin aparılması sosial ədalət, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin yaradılması kimi mühüm prinsipləri özündə ehtiva etməlidir.
Azad bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyat
Əhalinin həyati mənafeyinin təmin olunmasına yönəldilmiş konkret tədbirlər sistemi kimi də nəzərdə tutulan sosial siyasət həm də çoxcəhətli proses olaraq kifayət qədər mürəkkəb struktura malik olması ilə xarakterizə edilir. Çünki burada həm konkret götürülmüş fərdə, həm də bütöv bir cəmiyyətə yanaşmada sosial təzadların yaranmasının qarşısının alınması, mövcud ola biləcək ziddiyyətlərin münaqişələrsiz həlli və ədalətliliyin daim gözlənilməsi vacib şərt kimi çıxış edir. Bu kontekstdə tam aydın görünür ki, fərd, toplum, ən nəhayət, cəmiyyətin maraqlarını təmin edən sosial siyasətin hazırlanması, həmçinin onun uğurlu icrası heç də asan proses olmayıb dəqiq elmi yanaşma, hərtərəfli düşünülmüş strategiya, məqsədyönlülük tələb edir.
1990-cı illərin əvvəllərində keçmiş SSRİ məkanında yaşanan məlum proseslər fonunda suverenliyinə qovuşan, yenicə müstəqillik havasını ciyərlərinə çəkməyə başlayan Azərbaycan tamamilə fərqli bir iqtisadi sistemə keçid dövründə sosial sahədə də böyük problemlərlə üzləşdi. Müstəqilliyin ilk illərində ölkəni bürüyən ictimai-siyasi xaos dövlətin ən vacib vəzifələri sırasında yer alan əhalinin sosial müdafiəsi məsələsini arxa plana keçirdi. Yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkənin inkişaf tarixində tamamilə yeni səhifə açıldı. Bu fonda əhalinin sosial problemləri ön plana çəkildi, onların həlli məqsədilə təxirəsalınmaz tədbirlər görüldü. Nəticədə əhalinin həyat səviyyəsi ildən-ilə yüksəlməyə başladı.
Bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən edən ümummilli liderin həyata keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhəti xüsusi olaraq diqqət cəlb edirdi. Bunlardan birincisi sosial siyasətin dayanıqlı xarakter daşıması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi isə onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsi idi. Əslində, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrdə insanların maddi-rifah halının daim yüksəlməsinə onların etibarlı sosial təminatına xüsusi önəm verib. Müstəqil Azərbaycana rəhbərlik etdiyi dönəmdə də Heydər Əliyevin bu xüsusda verdiyi fərmanlar ayrıca diqqət çəkir. Onlardan biri "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 15 iyun tarixli fərmanıdır. Həmin fərmanın əsas məqsədlərindən biri Azərbaycanda mövcud olan inflyasiyanın qarşısının alınmasına yönəlmişdi və bu, həmin dövr üçün olduqca vacib əhəmiyyət kəsb edirdi. Çünki ölkədə iqtisadiyyatın tənəzzülü ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq 90-cı illərin əvvəllərinə qədər davam etmişdi. 1992-ci ildən 1994-cü ilə qədər olan dövrdə milli gəlir 50 faiz azalmışdı və bunun əsas səbəbi də müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, həyata keçirdikləri yanlış siyasət idi. Bu fonda inflyasiya həddi xeyli dərəcədə yüksəlmişdi və belə vəziyyət insanların maddi durumuna təsirsiz ötüşmürdü. Hakimiyyətə gəldikdən sonra proseslərin inkişafında dönüş yaratmaq məqsədilə ulu öndərin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında" fərmanı mühüm rol oynadı. Lakin fərmandan irəli gələn vəzifələrin daha effektiv yerinə yetirilməsinin təmininə nail olunması və yol verilən bəzi qüsurların aradan qaldırılması üçün Heydər Əliyev "Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" növbəti sənəd imzaladı. Prezidentin yeni fərmanı bilavasitə əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə qorunmasına xidmət edirdi. Fərmana əsasən, 1994-cü il oktyabrın 15-dən əməyin ödənilməsinin minimum məbləği o dövrkü pul vahidi ilə ayda 4000 manat müəyyən edildi. Həmçinin pensiya, təqaüd və müavinətlərin məbləğləri əməyin ödənilməsinin minimum məbləğinə uyğunlaşdırılırdı. Eyni zamanda, 1994-cü il oktyabrın 15-dən sosial və işləməyən pensiyaçılara, ali və orta ixtisas təhsili müəssisələrinin gündüz şöbələrində oxuyan tələbələrə və texniki peşə məktəblərinin şagirdlərinə ayda 3000 manat, adambaşına aylıq gəliri minimum əməkhaqqının iki mislindən az olan ailələrdə 16 yaşınadək uşaqların hər birinə ayda 2000 manat məbləğində pul kompensasiyası təyin olundu.
Əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik bazasının güclənməsi istiqamətində ən mühüm addımlardan biri də Heydər Əliyevin rəhbərliyi altında hazırlanan, Avropa dəyərlərinə, demokratiya və insan azadlığına söykənən, 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasında bu məsələnin təsbit olunması idi. Ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi olan Konstitusiya Azərbaycan dövlətinin hər bir vətəndaşının rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığını ən yüksək səviyyədə bəyan edirdi. Konstitusiyanın 16-cı maddəsində deyilirdi ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır. Bununla faktiki olaraq müəyyən edilirdi ki, bütün inkişaf etmiş sivil dövlətlərdə olduğu kimi, iqtisadiyyat fərdin, şəxsin maddi, sosial, mənəvi tələbatlarının ödənilməsinə istiqamətləndirilməlidir.
Konstitusiyanın 35-ci maddəsinin müddəalarına görə, hər bir şəxsin əmək qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, heç kəs zorla işlədilə bilməz, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 37-ci və 38-ci maddələrə əsasən, hər kəsin istirahət, sosial təminat hüququ təsbit olunur, əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Beləliklə, əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik bazasının güclənməsi istiqamətində ən mühüm addımlardan biri də Konstitusiyanın müddəalarına əsasən, dövlət sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən siyasətlə vətəndaş cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürür.
Ümummilli liderin rəhbərliyi altında görülən digər tədbirlər nəticəsində artıq ölkədə iqtisadi sabitlik təmin olunmaqla bərabər, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün möhkəm zəmin yarandı. Sosial sahədə insanların durumunun yaxşılaşdırılması üçün görülən real işlər sayəsində maaşlar, pensiyalar, digər sosial müavinətlər tez-tez artırılır, sənət adamlarına, alimlərə, hətta tələbələrə xüsusi Prezident təqaüdü təyin edilirdi. Bundan başqa, ayrı-ayrı kateqoriyalı şəxslərin sosial müdafiəsi üzrə müxtəlif qanunlar, məsələn, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Veteranlar haqqında" və digər bu qəbildən olan qanunlar qəbul edildi. Nəticədə şəhid ailələrinin, qaçqınların, məcburi köçkünlərin, müharibə və 20 Yanvar əlillərinin, veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı fərman və sərəncamlar imzalandı.
1997-ci ildə "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə" qanuna edilmiş dəyişikliklərdən sonra 1993-cü ilə qədər təqaüdə çıxmış 650 min vətəndaşın pensiya məbləği 2,2 dəfə artırıldı, əlillərin, tənha, ahıl vətəndaşların və sosial təqaüdçülərin pensiyalarının üzərinə əlavə müavinətlər hesablandı. O dövrkü pul vahidi ifadəsində bu məqsədlə 240 milyard manat xərcləndi. Eyni zamanda, 1998-ci il avqust ayının 1-dən pensiyaların yeni hesablanma mexanizminin tətbiqi nəticəsində şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin pensiyalarının məbləğinin 2 dəfədən çox artırılmasına 170 milyard manat vəsait sərf olundu. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə" qanun həm də pensiya sistemində həmin dövr üçün zəruri hesab edilən bir sıra islahatlara yol açdı, pensiyaların hesablanması sistemində müəyyən dəyişikliklər edildi. Minimum pensiya ilə daha yüksək pensiya alanlar arasında uyğunsuzluğu aradan qaldırmaq üçün 1 yanvar 2000-ci ildən 450 min nəfərin pensiyasının minimum məbləğinin 50000 manata çatdırılması məqsədilə dövlət büdcəsindən ayda 5 milyard manat vəsait ayrıldı, həmin ilin noyabr ayından sosial pensiyaçılara dövlət qayğısının nəticəsi olaraq onların pensiyalarının üzərinə 10000 manat məbləğində aylıq müavinət hesablandı.
Mükəmməl islahatlar
konsepsiyası
Əhalinin sosial müdafiəsini gücləndirmək, vətəndaşların pensiya təminatını yaxşılaşdırmaq, pensiya təminatı sisteminin idarə olunmasını, pensiyaların müəyyən olunması və əhaliyə verilməsi mexanizmini təkmilləşdirmək məqsədilə ümummilli lider 17 iyul 2001-ci il tarixli sərəncamla "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası"nı təsdiq etdi. Pensiya İslahatı Konsepsiyası vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması, pensiya təminatı sistemini bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaqla əhalinin rifahının yaxşılaşdırılmasında onun rolunun artırılması, pensiya təminatı sisteminin idarə olunmasının təkmilləşdirilməsi, sosial sığorta haqları ilə ödənişlər arasındakı əlaqənin uyğunlaşdırılması kimi mühüm problemlərin həllini nəzərdə tuturdu. "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası" Avropaya inteqrasiya yolunu seçmiş ölkəmizin beynəlxalq standartlara uyğun yeni sığorta-pensiya sisteminə keçidi baxımından kifayət qədər vacib bir sənəd idi. Məhz bu sənədin hazırlanması və icraya yönəldilməsindən sonra Azərbaycanda məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun əsası qoyuldu. Bundan başqa, pensiya təminatı funksiyalarının məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən orqan tərəfindən icra olunması təmin edildi. İslahat tədbirləri çərçivəsində 2004-cü ildən etibarən fərdi uçot sisteminin yaradılması üçün əvvəlcə pilot, sonra isə respublikanın bütün ərazilərində layihələrin icrasına başlandı. Fərdi uçotun və informasiya texnologiyalarının bütün ölkə ərazisində tam tətbiqi üçün hazırlıq işləri 2005-ci ildə başa çatdırıldı ki, nəticədə ölkədə yeni pensiya sisteminin işləməsi üçün zəruri infrastruktur hazırlandı.
Pensiya sistemində aparılan islahatlar çərçivəsində ulu öndərin imzaladığı ən mühüm sənədlərdən biri 4 avqust 2003-cü il tarixli "Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" fərmanı oldu. Fərmana əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarının pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin təyin olunması, maliyyələşdirilməsi və ödənişinə nəzarət üzrə funksiyaları onların həyata keçirilməsini təmin edən müvafiq maddi-texniki baza və ştat vahidləri ilə birlikdə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna verildi. Bu, pensiyaların təyini, verilməsi, həmçinin sığorta haqlarının yığılması, idarə olunması və sosial sığorta ödənişlərinin həyata keçirilməsinin konkret bir strukturda cəmləşməsini özünə ehtiva etməklə kifayət qədər mühüm bir addım idi. Sosial sığorta və pensiya təminatı sahəsində fərdi uçota əsaslanan yığım sisteminə keçidin sürətləndirilməsi və hər bir sığortaolunan üçün ödənilən sosial sığorta haqları ilə onun pensiya təminatı arasında birbaşa əlaqəni təmin edəcək pensiya sisteminin yaradılması məqsədilə 2006-cı ildən etibarən müvafiq qanunvericiliyin tətbiqinə başlandı. Bununla da pensiya təminatı sahəsində yeni sistemə keçid, islahatın mahiyyətini təşkil edən dövlət sosial müavinətləri və sığorta-pensiya sistemlərinin bir-birindən ayrılması təmin olundu.
Bununla yanaşı, Heydər Əliyevin 29 dekabr 2000-ci il tarixli "Əlil olmuş və digər kateqoriyadan olan bir qrup aztəminatlı vətəndaşa dövlət yardımının artırılması haqqında" sərəncamına əsasən, ölkəmizi erməni təcavüzündən müdafiə edərkən və 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə verilən aylıq müavinətlər artırıldı. Növbəti ildə isə bu kateqoriyadan olan insanlara hesablanan aylıq müavinətlər orta hesabla yenidən 50 faizə kimi çoxaldıldı. Qarşıdakı illərdə də bu sahədə tədbirlər davam etdirildi. Artıq dövlət büdcəsinin xərclərinin sosial xarakterli olması ənənəvi hal aldı. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1997-2005-ci illərdə büdcədən xərclənən vəsaitin orta hesabla 50 faizdən çoxu əməkhaqqı, pensiya və müavinətlərin verilməsinə yönəldildi.
Aparılan təhlil və analizlər kifayət qədər aydın bir formada göstərir ki, ulu öndərin rəhbərliyi altında həyata keçirilən sosial siyasət elmi-nəzəri əsasları özündə əks etdirərək ən qabaqcıl dünya təcrübəsinə söykənib. Həmçinin bazar iqtisadiyyatının tələblərinə cavab verərək sosial sferada reallaşdırılan inkişaf strategiyasının bu müstəvidə tərəqqisini şərtləndirib. Qeyd edilən kontekstdə Heydər Əliyevin "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" 15 noyabr 2001-ci il tarxli qanuna xüsusi toxunmaq lazım gəlir. Məhz bu qanunun qüvvəyə minməsindən sonra kommunal və nəqliyyatdan istifadəyə görə güzəştlər müavinətlərlə əvəz olundu ki, bu da bazar iqtisadiyyatının ümdə tələblərindən biridir. Həmçinin yenə də sözügedən qanunla güzəşt və imtiyazlardan istifadə edən əhali kateqoriyasının dairəsinə yenidən baxıldı. Son nəticə kommunal və nəqliyyat sahəsində mövcud olan güzəştlərin monetarizasiyasının həyata keçirilməsi ilə yekunlaşdı. Bütün bunlar öz növbəsində bazar iqtisadiyyatı şəraitində dövlət vəsaitlərinin xərclənməsinin səmərəliliyinin yüksəldilməsinə, enerji daşıyıcılarından səmərəli və qənaətlə istifadənin təmin olunmasına, sosial müdafiənin ünvanlılığının artırılmasına səbəb oldu.
Ulu öndərin sosial siyasət sahəsində diqqət yetirdiyi ən mühüm məqamlardan biri də yoxsulluğun azaldılması, insanların layiqli həyat tərzinin təmin olunması idi. Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyini qazanmasından sonrakı ilk illərdə özünü göstərən problemlər ölkədə yoxsulluq səviyyəsinin kəskin yüksəlməsinə səbəb olmuşdu. Lakin Heydər Əliyevin uğurla həyata keçirdiyi yeni neft strategiyası Azərbaycanı sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, əhalinin maddi rifah halının yüksəlməsinə, pul və digər natural formada gəlirlərinin artmasına gətirib çıxartdı. Belə vəziyyət yoxsulluqla mübarizənin keyfiyyət etibarilə yeni bir mərhələyə keçməsinə lazımi şərait yaradırdı. Yoxsulluqla mübarizənin səmərəli təşkili məqsədilə Heydər Əliyevin 2001-ci il 2 mart tarixli sərəncamına əsasən, xüsusi dövlət komissiyası yaradıldı. Həmin komissiyaya yoxsulluğun azaldılması sahəsində müvafiq Dövlət Proqramının hazırlanması həvalə edildi. 2003-cü il fevral ayının 20-də ulu öndərin müvafiq fərmanı ilə "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" adlanan sənəd təsdiq olundu. Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə endi. Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artırıldı və 2007-ci ilin axırına yoxsulluq səviyyəsi 15,8 faiz təşkil etdi.
Sosial sferada ulu öndərin rəhbərliyi altında həyata keçirilən siyasətin tərkibində yer alan ən önəmli məqamlardan biri müasir dünya təcrübəsinə cavab verən sosial infrastrukturun yaradılması idi. Qeyd edilən istiqamətdə də mühüm nailiyyətlərə imza atıldı, bir çox köhnə sosial infrastruktur yeniləndi, həmçinin çoxlu sayda yeniləri yaradıldı. Bu isə ulu öndərin həyata keçirdiyi sosial siyasətin prioritet istiqamətlərinin düzgün müəyyən olunduğunu, elmi əsaslara söykəndiyini və mütərəqqi dünya təcrübəsinə cavab verdiyini qabarıq formada nümayiş etdirirdi. Bunun nəticəsi idi ki, Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra əhalinin həyat səviyyəsinin yüksəlməsi prosesi başlandı. Sosial müavinətlər, xüsusən də vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Eyni zamanda, pensiya və müavinətlərin ödənilməsi və digər sosial ödənişlər üzrə xərclərin artımı davamlı xarakter aldı. Araşdırmalar göstərir ki, 1996-2003-cü illər ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 fərman və sərəncamı, Nazirlər Kabinetinin 2 qərarı olub. Bunların tətbiqi nəticəsində, eləcə də ölkədə əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artıb. Bu, bir daha ulu öndərin həyata keçirdiyi sosial siyasətin nə dərəcədə effektiv xarakter daşıdığının yüksək göstəricisidir.
Sosial siyasətdə novatorçuluq
xətti
2003-cü ildən etibarən isə ölkədə milli transformasiya və bu kontekstdə sosial tranzitologiyanın yeni mərhələsi başlandı. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, sosial sferada da həyata keçirilən siyasətdə varislik, eyni zamanda, novatorluq özünü aydın nümayiş etdirdi və etdirməkdədir. Azərbaycan xalqının iradəsi əsasında cənab İlham Əliyevin Prezident seçilməsindən sonra dövlət başçısının iqtisadi sferada həyata keçirdiyi siyasətin mühüm cəhətlərindən biri hər zaman sosialyönümlülük faktorunun ön plana çəkilməsi oldu. Bu mənada, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra imzaladığı ilk fərman və sərəncamlar sırasında ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlərin xüsusi yer tutması tamamilə təbii xarakter daşıyırdı. Digər tərəfdən, elmi-nəzəri, iqtisadi əsaslara söykənməsi, sosial prioritetlərin düzgün müəyyənləşdirilməsi cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətin səciyyəvi cəhətlərini təşkil edirdi və etməkdədir.
Göstərilənlər fonunda Prezident İlham Əliyevin imzaladığı ilk fərmanlar sırasında yer alan "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" sənədlər ölkə iqtisadiyyatının daha intensiv inkişaf etməsini ehtiva etməklə yanaşı, nəticə etibarilə əhalinin sosial müdafiəsinin getdikcə güclənməsinə xidmət edirdi.
2004-cü ildə isə ümumilikdə ölkə vətəndaşlarına dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini gücləndirmək məqsədilə Prezident İlham Əliyev tərəfindən 10-dan çox fərman və sərəncam imzalandı. Bütün bunların nəticəsində maaşlar, pensiyalar və digər müavinətlərin həcmində əhəmiyyətli artım oldu. Sonrakı illərdə də dövlət başçısı tərəfindən əhalinin etibarlı sosial müdafiəsinə xidmət edən çoxsaylı fərman və sərəncamlar verildi, qəbul olunmuş bir çox dövlət proqramlarında bu məsələ hər zaman əsas planda yer aldı. Buna misal olaraq, hazırda uğurla icra olunan "Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digər vacib sənədləri göstərmək olar.
Prezident İlham Əliyevin sosial siyasətində nəticəyə deyil, problemləri yaradan səbəblərə qarşı mübarizəyə diqqət yetirilir və bu səbəbləri aradan qaldırmaq üçün tədbirlər həyata keçirilir, müvafiq dövlət proqramları qəbul olunur. Problemlərə bu cür kompleks yanaşma, onları doğuran səbəblərin aradan qaldırılması mümkün neqativ nəticələrin baş verməsinin də qarşısını alır.
İqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi, bunların konkret dövlət proqramları ilə təminatı da Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasətin vacib məqamlarındandır. Dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin son illərdə sosial müdafiə, elm, təhsil, səhiyyə və digər sahələrdə qəbul edilmiş məqsədli dövlət proqramlarının icrasına yönəldilməsi də bunun real təsdiqidir.
(ardı
var)
Azərbaycan.- 2011.- 27 avqust.- S. 2.