Heydər Əliyev
Fondu kimsəsiz uşaqlara növbəti dəfə sevinc bəxş
etmişdir
Xeyriyyəçiliyi,
böyüməkdə olan nəslin hərtərəfli
qayğı ilə əhatə olunmasını, müxtəlif
humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri
seçən Heydər Əliyev Fondu məktəblilərin
yay tətili günlərində onların istirahətini səmərəli təşkili məqsədi
ilə paytaxtdakı uşaq müəssisələrinin sakinləri
üçün ənənəvi tədbirlər
keçirmişdir.
AzərTAc
xəbər verir ki, fondun avqustun 26-da "Cresent Beach"
hotelində Bakı şəhərindəki 1, 2 və 3 nömrəli
uşaq evlərinin sakinləri üçün təşkil
etdiyi növbəti humanitar tədbir də məhz belə
xeyirxah missiyanın davamı olmuşdur.
Tədbirin
əvvəlində uşaqlar onların istirahətinə rəngarənglik
qatan şən klounlarla birgə açıq səma
altında əylənmiş, müxtəlif maraqlı oyunlar
keçirmişlər. Qumlu dəniz sahilində istədikləri
kimi əylənən balacalar şənlikdən xüsusi
zövq aldıqlarını dönə-dönə
vurğulamışlar.
Burada
gözəl istirahət etdiklərini, əylənib,
oynadıqlarını söyləyən balacalar bütün
bunlara görə Heydər Əliyev Fonduna və fondun
prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
çatdırmışlar.
Sonra
şənlik süfrə arxasında davam etdirilmişdir.
Uşaqların sevincini bölüşmək, ən çətin
vaxtlarda onların yanında olmaq kimi ali missiyanı üzərinə
götürmüş Heydər Əliyev Fondunun təşkil
etdiyi tədbirə şux mahnılar, rəqslər xoş
ovqat qatmışdır.
Müqəddəs
Ramazan ayında təşkil edilmiş növbəti bir aksiya
sayəsində uşaqlar daha
bir mənalı və yaddaqalan gün yaşamışlar.
Bu,
Heydər Əliyev Fondunun reallaşdırdığı yeganə
humanitar aksiya deyildir.
Fond
yarandığı gündən indiyədək çoxlu
sayda humanitar layihələr həyata keçirmişdir. Fondun fəaliyyət proqramına təhsil,
səhiyyə sahələri, uşaq evləri və internat məktəblərinin
maddi-texniki təchizatı, ictimaiyyətin bu prosesdə
iştirakının fəallaşdırılması sahəsində
işlər daxildir.
Fəaliyyətində "Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə də azdır" devizini əsas götürən Heydər Əliyev Fondunun və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum, kimsəsiz uşaqlara qayğı missiyasına uyğun olaraq Bakı şəhərinin internat məktəbləri və uşaq evləri üzrə hazırlanmış proqram bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdəndir.
Bu layihə çərçivəsində uşaq evləri və internat məktəbləri haqqında məlumatlar toplanaraq Heydər Əliyev Fondunda təhlil edilmiş və bunların əsasında "Uşaq evlərinin və internat məktəblərinin inkişafı" beşillik proqramı hazırlanmışdır.
Heydər Əliyev Fondunun bu
istiqamətdə fəaliyyəti
kimsəsiz, valideyn himayəsindən məhrum, fiziki
imkanları məhdud, habelə Ermənistanın Azərbaycana
hərbi təcavüzü nəticəsində məcburi
köçkün həyatı yaşayan uşaqlara
qayğı göstərmək baxımından bütün
digər qurumlar üçün layiqli örnəkdir.
Azərbaycan.- 2011.- 27 avqust.- S. 3.