Azərbaycan Almaniyaya nota vermişdir

 

 Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı (AFR) səfirliyi sentyabrın 16-dan 22-dək Almaniyada keçirilməsi planlaşdırılan Ermənistan mədəniyyət günləri çərçivəsində qondarma Dağlıq Qarabağın separatçı rejiminə həsr olunmuş konsertin təşkil olunmasının qarşısının alınması üçün AFR-in Xarici İşlər Nazirliyinə nota ünvanlamışdır.  

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, eyni zamanda, Almaniyada yaşayan həmvətənlərimiz və bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən geniş etiraz kampaniyası təşkil edilmişdir.

Azərbaycanın Ştutqartdakı Fəxri Konsulluğu tərəfindən isə bu şəhərin birinci merinin ünvanına müvafiq etiraz və izahedici məktub göndərilərək bu təxribatın qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi xahiş edilmişdir.

Bundan əlavə, Azərbaycanın Ştutqartdakı fəxri konsulu bu şəhərin birinci meri ilə görüşmüşdür. Görüşdə Ermənistan tərəfindən "Ermənistan mədəniyyət günləri - Ştutqart-2011" tədbirindən sui-istifadə edərək işğal altındakı Azərbaycan torpaqlarında mövcud olan separatçı rejimin siyasi təbliğatının həyata keçirilməsinə yönəlmiş bu tədbirin təşkilinin yolverilməz olduğu bildirilmiş və təxribatın qarşısının alınması çağırışı edilmişdir.

Ermənilərin növbəti təxribatının qarşısının alınması istiqamətində səfirlik tərəfindən müvafiq zəruri tədbirlərin görülməsi davam etdirilir.

 

 

Azərbaycan.- 2011.- 28 avqust.- S. 1.