Ramazanın fəziləti

 

"Ayların sultanı" adlanan, İlahidən möhürlü Ramazan sona çatmaqdadır. Bu ayın məziyyətləri həmişə hər bir müsəlmanda xoş ovqat yaradır, qürur doğurur, onun iradəsini, səbr və dözümünü sınağa çəkir. Bəxtəvər o kəsə ki müqəddəs Ramazan ayını Rəbbimizin buyurduğu, peyğəmbərimizin söylədiyi fəzilətlərlə, mənəvi rahatlıq və könül xoşluğu ilə başa vura bildi. Ramazanda qəlbimizi iman işığı ilə dolduraraq dualar etdik. Göylərə açılan əllərimizin, səslənən sözlərimizin ahəngində bir fikir tez-tez vurğulandı: "İlahi, sən günahlarımı bağışla, məni gələcək günahlardan qoru".

Qurani-Kərim insanları hidayət etmək, doğruluğun aydın yolunu göstərmək, haqq ilə batili bir-birindən ayırmaq üçün məhz Ramazan ayında həzrəti peyğəmbərimizə 23 ilə hissə-hissə nazil olmuşdur. Bu ayın müqəddəsliyi ilə bağlı peyğəmbərimiz (ə.s.) söyləmişdir: "Ramazan başlayanda səma qapıları açılır, cəhənnəmin qapıları isə bağlanır, şeytanların əl-qolu bağlanır". Ramazanın bu gözəlliyi də Allah rizası üçün insanların öz iradələrini yoxlamalarıdır. Bu səbəbdən də Allah yolunda tutulan oruc çox vacibdir. İnsan həm mənən saflaşır, pisliklərdən, bəd əməllərdən, qeybətdən uzaq dayanır, həm də fiziki cəhətdən sağlamlaşır.

Əlbəttə, orucluq dövründə dünya ləzzətindən əl çəkib nəfsini və iştahını təmiz saxlayaraq Allaha ibadətlə məşğul olanların qəlbinə heç vaxt şeytan yol tapa bilməz. İblisdən uzaq olanların duaları həmişə eşidilir. Peyğəmbərin (ə.s.) bir hədisində deyilir: "Allah-təala buyurur: Adəm övladlarının orucdan başqa gördükləri hər bir əməl onların özlərinə aiddir. Oruc isə mənə aiddir və onun mükafatını da mən özüm verəcəyəm. Dünyada silahla özünüzü qoruduğunuz kimi, oruc da qiyamət günü möminləri axirətin əzabından hifz edib qoruyar. Bu bir həqiqətdir ki, oruc tutan şəxsin ağzından gələn iy Allah üçün müşk iyindən daha gözəldir. Oruc tutan şəxslər iki dəfə sevinərlər: iftar etdikləri və məhşərdə Allahla görüşüb onları cənnətə daxil etdiyi zaman".

Xatırladaq ki, bütün səmavi dinlərdə orucluq var. Quranın Bəqarə surəsində deyilir: "Ey iman gətirənlər, sizdən öncəliklərin taleyinə yazıldığı kimi, sizə də oruc buyruldu. Buyruldu ki, faydalı olasınız".

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edərkən demişdir: "Bizim milli dəyərlərimizi, dini dəyərlərimizi təbliğ etməliyik. İslam dini qardaşlıq, dostluq dinidir. İslam dini dünyada sülhsevər meyilləri gücləndirir. Ona görə biz dinimizin həqiqi mahiyyətini dünyada daha geniş şəkildə təbliğ etməliyik". Həqiqətən də, islamın əsas məziyyətlərindən biri mənəviyyat məsələsinə ciddi tələbkarlığıdır. Nə gözəl ki ayların sultanı sayılan Ramazanda qəlbimizi bir daha iman işığı ilə dolduraraq dualar edə bildik. Ramazanın fəzilətlərini duymaq üçün onun dəyərlərinə əməl etmək hər insanı saflaşdırır, paklaşdırır və Tanrının sevdiyi şəxsə çevirir. Ramazan həm ruhi, həm də fiziki təmizlənmədir. Quranda göstərilir: "Xeyirxahlığı könüldən eləyənin qarşısına xeyirxahlıq çıxar".

Ölkə Prezidentinin söylədiyi bir fikir ürəklərimizə iman işığı doldurdu: "Biz istəyirik ki...Ebütün müsəlman aləmində sülh, əməkdaşlıq, sakitlik, əmin-amanlıq yaransın". Bu arzu və istək həqiqətən də, diqqətlə araşdırılanda islamdan gəlir. Quran məntiqinə görə, ən böyük mənada siyasət ucalardan uca Allahın işidir. Siyasət və mənəviyyat problemlərinin ünsiyyətində insanların bu kəlamlara əməl etməsi çox vacibdir. Dinlərarası dialoq, xoşməramlı ünsiyyət, yardımlaşma, dözümlülük islamın məziyyətlərindəndir. Bu fəzilətləri yüksək tribunadan söyləyən dövlət başçısı üzünü bütün müsəlman aləminə tutaraq arzulayır: "...Birləşməliyik. Buna böyük ehtiyac vardır. Bəzən müsəlman ölkələrində yaşanan sıxıntılar, qarşıdurmalar, problemlər bizi də çox narahat edir. Biz istəyirik ki... bütün müsəlman aləmində sülh, əməkdaşlıq, sakitlik, əmin-amanlıq yaransın".

Müqəddəs Ramazan ayında Azərbaycan Prezidentinin insanları əməli-saleh işlərə çağırışı könüllərdə bir iman işığı yandırdı. Avqustun 21-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılmışdır. Mərasimdə iştirak edən Prezident İlham Əliyev demişdir: "Ramazan ayı müqəddəs aydır. Azərbaycan xalqı bu müqəddəs duyğuları öz qəlbində əsrlər boyu yaşatmışdır. Ancaq müstəqil ölkə kimi biz gənc ölkəyik. Bu il müstəqilliyimizin 20 illik yubileyini qeyd edəcəyik və müstəqil ölkə, azad xalq kimi öz doğma dini bayramımızı böyük təntənə ilə qeyd edəcəyik".

Dövlət müstəqilliyimizin bizə töhfələri çox oldu. Sovet hakimiyyəti illərində dağıdılan, yaxud da təmayülü üzrə istifadə edilməyən məscidlər bərpa olundu, yeniləri tikildi, ibadətgahlarımızın qapıları ziyarətçilərin üzünə açıldı. Sovet dövründə Azərbaycanda yaşayan müsəlmanlar sərt bir rejimin diktəsi altında olduqlarından onlar bu bayramı müəyyən mənada gizli şəraitdə qeyd edirdilər. Oruc tutan da, namaz qılan da xiffətli duyğularla öz ayinlərini yerinə yetirməyə çalışırdı. Şükür ki, indi biz bu qadağalardan xilas olmuşuq. Milli Məclisin qəbul etdiyi "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna əsasən bu qədim və müqəddəs bayram dövlət səviyyəsində qeyd olunmağa başlayıb.  Milliyyətindən asılı olmayaraq hər kəs azad və sərbəst surətdə öz dini etiqadları ilə məşğul olur. İndi 20-ci ilə dönür ki, xalqımız qəlb rahatlığı, könül xoşluğu ilə müqəddəs Ramazanın fəzilətlərini ürəyincə duya bilir. Bu iman işığını həyatımıza gətirənlərə minnətdarlıq duyğusu ilə dualar edirik.

Orucluğun başa çatdığı gün bayram edilir. Bütün müsəlmanlar bir-birinə təbriklərini çatdırır, dünyasını dəyişənlərin qəbrini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü bir məsələni də unutmayın: hər kəs ehtiyacı olanlara, fəqir-füqəraya mütləq fitrə zəkatı verməlidir. Unutmayaq ki, kasıba əl tutmaq, ehtiyacı olanlara yardım etmək hər kəsin öz həyatına iman işığı gətirməsi deməkdir. İman insan həyatını gözəlləşdirən İlahi bir ümiddir. İman hər bir insanın daxili aləminin açarıdır. Həzrəti Əli (ə.s.) buyurur: "Allah-təala orucu insanların imanlarının sınağı üçün vacib etmişdir". Bu sınağın da vacibliyi müəyyən şərtlərə söykənir. Varlı və yoxsul bərabər olsun. Varlılar istədiklərini çətinlik çəkmədən əldə edər, aclığın nə olduğunu təsəvvürə gətirə bilməzlər. Ona görə də oruc müsəlman üçün İlahi bir hökmdür və onun üzərində İlahidən bir möhür var. Həzrəti Əli (ə.s.) elə-belədən deməyib ki, orucun möminlərə nə üçün vacib olduğunu soruşsanız cavabında sizə deyiləcək: Allah rizasını qazanıb axirət dünyasının mükafatına nail olsunlar. "Bütün bunlarla yanaşı, möminlər oruc tutduqları müddət ərzində yoxsulların keçirdikləri ağır həyat tərzini özlərində yaşadır, qəzəb və şəhvət kimi şeytani xislətləri özlərindən uzaqlaşdıraraq mənəvi saflığa nail olurlar" (Həzrəti Əli).

Ramazan boyu hər bir imanlı şəxs çalışır ki, söylədiklərində, davranışlarında və əməllərində də "pəhriz" gözləsin. Yəni, gözəl-gözəl sözlər danışsın, rəftarında mülayim olsun, iztirab çəkənlərin dildə və əməldə könlünü alsın, imkanı daxilində hər kəsə yardımçı olsun. Bax bu, İlahinin hikməti, Ramazanın fəzilətidir. İnsani dəyərlərə riayət məsələsində oruclu adam o qədər də çətinlik çəkmir. Çünki bir ay ərzində aclığa, susuzluğa davam gətirib bir sıra ehtiyaclarını cilovlamağı bacaran insanın pislik törətməyə həvəsi və meyli olmaz. Çoxumuz şahidik ki, Ramazanda oruclu insanların ətrafında həqiqətən də, müsbət aura yaranır. Orucluların sayı çoxaldıqca mənəvi-psixoloji tarazlıq imkanları da artır. Beləliklə, ilin bir ayında təkcə ayrı-ayrı insanların həyatında, ailələrdə deyil, ictimai mühitdə də qəribə bir saflaşma prosesi gedir. Görün, Quranın Nisə surəsində nə deyilir: "Allah istər yükünüzü yüngül eləyə". Nədir bu ağır yükdən xilas olmağın yolu? Mənəvi və fiziki təmizlənmə. Bu ruhi saflaşmaq hər bir fərdin içindən keçərək mənəvi sərvətə çevrilir. Fiziki təmizlənmə isə tibbin dili ilə desək, bədənin toksinlərdən azad edilməsidir.

Böyük məhəbbətlə qarşılayıb inam və etiqadla bu müqəddəs ayın fəzilətlərinə əməl etməyimiz həm də bizi daxilən ucaldır. Nəyə qadir olduğumuzu, hansı səbir və dözümü göstərə biləcəyimizi təsdiqləyir. Ramazan Allah tərəfindən insana bəxş edilən ən müqəddəs aydır. Onun müqəddəsliyinin bir qolu da insanı daxilən nurlandırıb pak etməsidir. "Ramazan" sözü ərəbcə "isti, qızmar" deməkdir. Otuz gündən ibarət olan müqəddəs ay bu il həqiqətən də, çox isti və qızmar günlərlə müşahidə olundu. Amma sidq ürəklə Allah rizası üçün oruc tutanlar bu sınaqdan üzüağ çıxdılar. Ramazanda iman və itaətlə oruc tutanın günahları bağışlanar. Allah bizi gələcək günahlardan da qorusun!

Nəhayət, 30 gün yol gələrək çatmaq istədiyimiz zirvə - Ramazan bayramı artıq öz şəfəqlərini üzərimizə yaymaqdadır. Qəlbiniz imanlı, diliniz dualı, səhərləriniz nurlu, bayramınız mübarək olsun!

 

 

 Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.- 28 avqust.- S. 1.