Düşünülmüş, sürətli və davamlı inkişaf
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) Dövlət Proqramı (2006-2015-ci illər)", "Texniki-peşə təhsilinin inkişafı Dövlət Proqramı (2007-2010-cu illər)", "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı", "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı", "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı", "Şəkərli diabet üzrə Dövlət Proqramı", "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı", "Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı", "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı" və digər vacib sənədlər Azərbaycanda əhalinin sosial müdafiəsinə dövlət qayğısının yüksək olmasının göstəricisidir.
Sosial sahədə diqqət çəkən mühüm addımlardan biri isə "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı" oldu. Prezidentin 2006-cı il 17 aprel tarixli sərəncamı ilə təsdiq edilən proqramda Azərbaycanda ahıl vətəndaşların sosial müdafiəsi sahəsində mövcud vəziyyətə diqqət yetirilir, onların sosial müdafiəsinin təkmilləşdirilməsi işlərindən söz açılırdı. Yeni Dövlət Proqramının əsas məqsədi ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə nail olmaqdan ibarət idi və bunun üçün o, aşağıdakı vəzifələri əhatə edirdi: ahıl vətəndaşların sosial təminatı sahəsində hüquqlarının artırılması və onların həyata keçirilməsi; ahıl vətəndaşların cəmiyyətin sosial-iqtisadi və siyasi həyatında iştirakının təmin edilməsi; ahıl vətəndaşların sosial-mədəni tələblərinin ödənilməsi sahəsində tədbirlərin həyata keçirilməsi; ahıl vətəndaşların sağlamlığının qorunması; qocalma probleminin həll olunması istiqamətində dövlət, vətəndaş cəmiyyəti və özəl sektorun sıx əməkdaşlığının təmin edilməsi; ahıl vətəndaşların sosial müdafiəsinin təminatının elmi əsaslarının möhkəmləndirilməsi.
Növbəti illərdə dövlət başçısı tərəfindən verilən müvafiq fərman və sərəncamlarla daim əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin miqdarı artırılıb, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi daha da gücləndirilib. Bununla bağlı önəmli məqamlardan biri də 2005-ci il may ayının 12-də Bakıda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının icrasına dair keçirilən illik konfransda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər oldu: "Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır." Bunun ardınca isə dövlət başçısı aztəminatlı əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə 21 oktyabr 2005-ci il tarixdə "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunu imzaladı. Bu gün də belə yardımların verilməsi insanların aztəminatlı təbəqəsinin maddi rifah halının yüksəlməsində mühüm rol oynayır və ildən-ilə bu yardımın verilmə mexanizmi daha da təkmilləşdirilir. Ünvanlı sosial yardım təyin edilərkən yoxsulluğun mənfi nəticələrinin yüngülləşdirilməsi, bu yardımın real olaraq ehtiyaca uyğun müəyyən edilməsi və subyektin dəqiq seçilməsi vacib faktor kimi nəzərdə tutulur. Yardımların təyinatı işlərində daim ünvanlılıq, şəffaflıq, bərabərlik və ədalətlilik prinsiplərinin təminatına ciddi nəzarət göstərilir. Eyni zamanda ötən illər ərzində ünvanlı yardım sisteminin təkmilləşdirilməsi işləri həyata keçirilib. Məsələn, yardımların təyinat müddəti 6 aydan 1 ilədək uzadılıb, eləcə də ünvanlı yardımın əhatə dairəsi genişləndirilib, yardım üçün təqdim olunan sənədlərin sayı azaldılıb.
Mütərəqqi
dünya təcrübəsinin ölkəmizdə
tətbiqi genişlənir
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən modern sosial siyasətin mühüm parametrlərindən biri sosial müavinət sisteminin sığorta-pensiya sistemindən ayrılması istiqamətində həlledici addımların atılması oldu. Bununla əlaqədar olaraq "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası qanunları qəbul edildi. 2006-cı il yanvarın 1-dən qüvvəyə minən bu qanunlar ölkədə sosial sferanın tamamilə yeni əsaslarla qurulmasına gətirib çıxardı. Belə ki, ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura (baza, sığorta və yığım hissələrindən ibarət) əsaslanan əmək pensiyaları sistemi formalaşdırıldı.
Bununla da sosialist və ya həmrəylik prinsiplərinə əsaslanan pensiya sistemini inkişaf etmiş Avropa ölkələrində geniş tətbiq olunan - vətəndaşların fərdi hesablarında yığılan pensiya kapitalına əsaslanan pensiya sistemi əvəz etdi. Yeni sistemin fəaliyyəti dövründə əmək pensiyalarının istər minimal məbləği (baza hissəsi), istərsə də orta aylıq məbləği əhəmiyyətli şəkildə artıb. Digər tərəfdən o da faktdır ki, bütövlükdə pensiyaların artım mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə həyata keçirilməsi mövcud maliyyə imkanlarının pensiyaçılar arasında daha ədalətli bölgüsünə şərait yaradıb. Eyni zamanda məcburi dövlət sosial sığortada fərdi uçot sistemi yaradılıb, vətəndaşların pensiya təminatının fərdi uçotun məlumatları əsasında aparılması həyata keçirilib və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilib. Həmçinin bu dövrdə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə, sığortaolunanların fərdi uçotunun təşkili və pensiya təminatı məsələləri vahid pensiya qurumunda cəmləşdirilib və bu sahələrin mütərəqqi texnologiyalar əsasında təkmilləşdirilməsi, yenidən qurulması həyata keçirilib.
O da mühüm faktdır ki, 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılmasını, sığorta hissəsinin isə indeksləşdirilməsini nəzərdə tutur. Bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir. Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qısa müddətdə çox ciddi sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi yaşa görə əmək pensiyasının baza hissəsinin 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35 manat, 2007-ci il yanvarın 1-dən 40 manat, fevralın 1-dən 50 manat, 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat, 2010-cu il sentyabrın 1-dən 85 manat məbləğində müəyyən edilməsi ilə bütün əmək pensiyaçılarının pensiyalarına eyni vaxtda artımlar tətbiq olundu.
Bazar iqtisadiyyatı şəraitində inkişaf edən qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, sığorta-pensiya sisteminin özü özünü tənzimləyən mexanizmə və müstəqil gələcək inkişafına nail olunması, bu kontekstdə əsas məqsəd və vəzifələrin, həyata keçiriləcək tədbirlərin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" qeyd olunan vəzifələrin kompleks həllinə yönələrək ölkəmizdə sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirdi. Proqramla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində sığorta-pensiya sisteminin maliyyə dayanıqlığına nail olunması, sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi xüsusi diqqət mərkəzində saxlanılır. Sözügedən sənəd həm də Prezidentin 2008-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda müəyyən olunmuş strateji məqsəd, hədəf və göstəricilər nəzərə alınmaqla, ölkəmizdə sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirir.
Pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsini və tədricən yığım komponentinin tətbiqinə keçidi nəzərdə tutmaqla, pensiya islahatlarının daha da dərinləşdirilməsi, aparılan islahatlar nəticəsində qurulmuş yeni sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi Dövlət Proqramının əsas məqsədini təşkil edir. Onun əsas vəzifələri aşağıdakılardır: sığorta-pensiya sisteminin fəaliyyətində sığorta prinsiplərinin gücləndirilməsi və qeyri-sığorta xarakterli ödəmələrin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi; vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə daha sıx inteqrasiyasının təmin edilməsi; məcburi dövlət sosial sığortasının təkmilləşdirilməsi və könüllü pensiya sığortasının inkişaf etdirilməsi; əmək pensiyalarının yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi; bütövlükdə sığorta-pensiya sisteminin cari ödəmə qabiliyyətinin, habelə orta və uzunmüddətli maliyyə dayanıqlığının təmin edilməsi; sığorta-pensiya sisteminin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə nail olunması, idarəetmənin tam avtomatlaşdırılması və fərdi uçot sisteminin əhatəli inkişafının təmin olunması.
Mövcud qanunvericiliyə uyğun olaraq sığortaolunanların fərdi uçotu həyata keçirilir və məcburi dövlət sosial sığorta haqlarının fərdi sığorta hesablarında toplanılır. Beləliklə də vətəndaşların pensiya təminatı fərdi uçotun məlumatları əsasında onların ödədikləri sığorta haqlarının məbləğinə uyğun olmaqla müəyyən edilir. Bununla da 2010-cu il yanvarın 1-dən sosial müdafiə sistemində yeni mərhələ başlanıb.
İndi ölkəmizdə qeyd olunan sahədə qurulmuş modeli sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi də xarakterizə etmək olar. Sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti beynəlxalq standartlar əsasında tamamilə yenidən qurulub. Əldə edilmiş uğurların nəticəsində Azərbaycanın pensiya və sosial təminat layihəsinin icrasına nəzarət etmək məqsədilə 2009-cu ilin noyabrında ölkəmizdə olmuş Dünya Bankı missiyasının rəsmi məlumatında ölkəmizin sığorta-pensiya sisteminin beynəlxalq model olaraq çıxış etdiyi göstərilir. 2009-cu ilin mart ayında Afina şəhərində BMT-nin İnkişaf Proqramının Şərqi Avropa və Orta Asiya ölkələrində demokratik idarəetmənin formalaşdırılmasına həsr edilmiş toplantısında Azərbaycanın sığorta-pensiya sistemindəki təcrübəsinin xüsusi təqdimatı olub və Dünya Bankının layihələrinin tətbiq olunduğu keçid dövrü ölkələrinin müvafiq nümayəndə heyətlərinin Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədilə respublikamıza səfərləri həyata keçirilib. "Sosial müavinətlər haqqında" qanun isə əvvəllər sistemsiz halda olan müavinətlərin dairəsini, təyin olunması şərtlərini vahid bir sənəddə tənzimləyir.
Bunlar aydın göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətləri vətəndaşların ölkə Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarının təmin edilməsinə, aztəminatlı vətəndaşların, o cümlədən əlillərin sosial müdafiəsinin təşkil edilməsinə, sosial yardım sistemində ünvanlılıq prinsiplərinin gücləndirilməsinə və cəmiyyətdə mövcud olan sosial münasibətlərin tənzimlənməsinə yönəldilib. Bu məqsədə xidmət edən islahatlar prosesi dərinləşdikcə, dövlət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı üzərinə yeni-yeni öhdəliklər götürür. Təsadüfi deyildir ki, 2009-cu il martın 19-da Azərbaycan Respublikası Konstitusiyasına ümumxalq referendumu yolu ilə edilmiş dəyişiklik nəticəsində Əsas Qanunun 15-ci maddəsinin 2-ci bəndi aşağıdakı formada ifadə olunub: "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir".
Yoxsulluq problemi uğurla həll olunur
Sosial sferada Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas hədəflərindən biri də yoxsulluq probleminin həllinə nail olmaqdır. Bu kontekstdə "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqrammı"nın başa çatması ilə bağlı olaraq 2005-ci ilin iyununda Prezident İlham Əliyev tərəfindən yeni sərəncam imzalandı. "2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın hazırlanması haqqında sərəncamda qeyd olunur ki, görülən işlərə baxmayaraq, hələlik ölkədə işsizlik problemini tam həll etmək mümkün olmayıb və dünyanın çox ölkəsində olduğu kimi, Azərbaycanda da əhalinin bir hissəsi yoxsul vəziyyətdə yaşayır: "Məhz yoxsulluq probleminin dünyada geniş yayıldığını nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qəbul etdiyi "Minilliyin İnkişaf Məqsədləri"ndə 2015-ci ilədək yoxsulluğun səviyyəsinin yarıyadək azaldılmasını əsas məqsəd kimi müəyyən etmişdir. Azərbaycan Respublikası da bu təşəbbüsə qoşularaq qarşıdakı illərdə əhalinin əsas ehtiyaclarının daha dolğun ödənilməsi üçün zəruri tədbirlərin görülməsini nəzərdə tutur".
Ölkənin iqtisadi və sosial həyatında müşahidə olunan müsbət meyilləri daha da möhkəmləndirmək, əhalinin rifah halının yaxşılaşdırılması və yoxsulluğun səviyyəsinin azaldılması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə "2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın hazırlanması üçün sərəncama əsasən, müvafiq Dövlət Komissiyası yaradıldı.
Bunun ardınca 2008-ci ilin sentyabrın 15-də Prezident tərəfindən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" təsdiq edildi. Proqramın aşağıdakı əsas doqquz strateji məqsədi müəyyənləşdirilib: makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi; əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunması; səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması; qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi; təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onları əldə etmək üçün bərabər imkanların yaradılması; sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi; ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin davamlı idarə olunmasının təmin edilməsi; gender bərabərliyinin dəstəklənməsi; institusional islahatların davam etdirilməsi və dövlət idarəetməsinin təkmilləşdirilməsi.
Görülən tədbirlər nəticəsində 2003-2009-cu illərdə ölkəmizdə 840 mindən çox iş yeri açıldı, yoxsulluq səviyyəsi 11 faizə düşdü. 2010-cu ilin yekunlarına əsasən, yoxsulluq səviyyəsi bir qədər azalaraq 9 faizə endi ki, bu da inkişaf etmiş ölkələrlə Azərbaycanın eyni göstəriciyə malik olması deməkdir. 2015-ci ilə kimi isə ölkədə yoxsulluq probleminin tamamilə həlli gözlənilir.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvlərinin və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına ölkə rəhbəri tərəfindən davamlı olaraq diqqət və qayğı göstərilir. Bu qayğının təzahürü kimi, həmin insanlar üçün yeni mənzil tikintisi ilbəil sürətlənir. Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırığın icrası olaraq mənzillərin inşasında müsbət dinamika saxlanılmaqla, nəzərdə tutulan layihələr yüksək keyfiyyətlə həyata keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2008-cı ildə əvvəlki illə müqayisədə 2,3 dəfə çox, yəni 396 mənzil tikilərək əlil və şəhid ailələrinə təqdim olunmuşdusa, 2009-cu ildə həmin təbəqələrdən olanlar üçün bundan təxminən iki dəfə artıq, yəni 707 mənzilin inşası başa çatdırılıb. Mənzillərin inşasında müsbət dinamikanın qorunub saxlanması və nəticədə növbədə olan əlil və şəhid ailələrinin yeni müasir mənzillərlə təminatının tam başa çatdırılması, aparılan işlərin gücləndirilməsi ilə əlaqədar Prezidenti İlham Əliyevin şəxsi tapşırığına uyğun olaraq, 2010-cu ildə də bu sahədə fəaliyyət uğurla davam etdirilmiş, yüzlərlə mənzil əlil və şəhid ailələrinə verilmişdir. 2010-cu ildə tikinti planı üzrə 715 mənzil inşa olunub ki, nəticədə həmin ilin sonunadək dövlət hesabına mənzillə təmin olunmuş əlil və şəhid ailələrinin sayı 3600-ü ötüb. Eyni zamanda, əlillərin minik avtomobilləri ilə təminatı davam etdirilib, 1998-2010-cu illərdə 3000-ə qədər "Oka" markalı minik avtomobili müvafiq kateqoriyalardan olan əlillərə təqdim edilib. 2009-cu ildən isə bu sahədə irəliləyişə nail olunub, keyfiyyəti və rahatlığı ilə daha üstün olan "Slavuta" markalı avtomobillər əlillərə təqdim olunmaq üçün respublikaya gətirilib və proses davam etdirilir.
Mənzillərin və avtomobillərin təqdimat mərasimlərində Prezidenti İlham Əliyevin dəfələrlə şəxsən iştirak etməsi bu qəbildən olan insanlara yüksək səviyyədə qayğı və diqqətin real nümunəsidir. Əlillərin müxtəlif reabilitasiya avadanlıqları ilə təminatı işləri də ilbəil yüksək səviyyədə davam etdirilir və əlillərin hər hansı reabilitasiya avadanlıqlarına olan ehtiyacı vaxtlı-vaxtında ödənilir. Son illər müxtəlif bölgələrdə yeni tibb müəssisələrinin istifadəyə verilməsi, səhiyyə xidmətlərinin təkmilləşməsi, eyni zamanda, tibbi-sosial ekspertiza xidmətinə nəzarətin güclənməsi əlillərin reabilitasiya göstəricilərinin artmasına səbəb olub. Sosial infrastrukturun yenilənməsi sahəsində də böyük işlər görülüb. Təkcə 2010-cu il ərzində 40-dan çox tibb müəssisəsi, 70-dən çox məktəb tikilib, təmir edilib, 5 olimpiya mərkəzi inşa olunub. 2003-2010-cu illər ərzində ölkəmizdə 2 mindən artıq məktəb, 400-ə yaxın tibb müəssisəsi, 29 Olimpiya İdman Mərkəzi tikilib və bu proses davam etdirilir.
Əhalinin sosial müdafiəsinə yönəlmiş tədbirlərin icrasında isə əsas vasitəçi orqan kimi çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi, sosial müdafiə sistemində geniş imkanlara malik elektron texnologiyadan istifadə olunması da dövlət başçısının xüsusi diqqət mərkəzində olub. 2010-cu ilin iyunun 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi inzibati binasının yenidənqurmadan sonra açılışı olub və Prezident İlham Əliyev açılışda iştirak edib. Hazırda sözügedən nazirlik tərəfindən aşağıdakı mühüm vəzifələr həyata keçirilir: əmək, sosial müdafiə, pensiya təminatı, demoqrafiya və miqrasiya sahəsində dövlət siyasətini hazırlamaq və qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək; əmək qabiliyyətli əhalinin işgüzarlıq və təşəbbüskarlığının artırılması üçün zəruri şərait yaratmaq, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əmək və sosial hüquqlarının qorunmasını təmin etmək; işsizliyin səviyyəsinin azaldılmasına, əmək bazarında zəif rəqabətli əhali qruplarının, xüsusilə gənclərin, çoxuşaqlı qadınların, qaçqın və məcburi köçkünlərin, əlillərin, şəhid ailəsi üzvlərinin, şərbəstləşdirilmiş işçilərin məşğulluğuna yönəldilmiş siyasəti həyata keçirmək; müvafiq icra hakimiyyəti orqanları, dövlət və qeyri-dövlət müəssisələri ilə birgə yeni iş yerlərinin yaradılmasına yönəldilmiş tədbirlər hazırlamaq, əmək ehtiyatlarını bazar şəraitinə uyğunlaşdırmaq məqsədilə peşə hazırlığı mexanizmini təkmilləşdirmək; əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlayıb müvafiq orqanlara təqdim etmək; əhalinin aztəminatlı təbəqələrinə dövlət yardımının tənzimlənməsi üzrə təkliflər hazırlamaq, tənha ahıl vətəndaşlara və əlillərə sosial-məişət xidməti təşkil etmək; demoqrafiya, əmək və sosial müdafiə məsələləri üzrə elmi-tədqiqat və beynəlxalq əməkdaşlıq sahəsində işləri əlaqələndirmək; tibbi-sosial ekspertizanı, əlillərin reabilitasiyasını təşkil etmək, əlillərin protez-ortopedik vasitələrlə təmin olunmasına kömək göstərmək; mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi, əmək şəraiti, əməyin ödənilməsi, əmək münasibətləri, əməyin gigiyenası, əhalinin məşğulluğu, miqrasiya sahəsində qanunvericilik aktlarının icrasının təmin olunmasına dövlət nəzarətini həyata keçirmək.
Bununla yanaşı, dövlət başçısı tərəfindən müxtəlif vaxtlarda verilən sərəncamlar da sosial təminat sahəsində böyük əhəmiyyətə malikdir. Buna misal olaraq "Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə" Prezident İlham Əliyevin 29 dekabr 2009-cu il tarixli fərmanını göstərmək olar. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədilə dövlət başçısının qərarına əsasən, əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə yaranmış 327 milyon manat məbləğində borcları silinib. Əhalinin borclarının silinməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə silinmiş borcların məbləği həcmində Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsindən təzminat verilib.
Təhlillər göstərir ki, ildən-ilə ölkəmizdə sosial təminatın güclənməsi məqsədilə dövlət büdcəsindən ayrılan xərclərin miqdarı artan xətt üzrə inkişaf edir. Bu, bir daha təsdiq edir ki, həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam məhz xalqın sosial rifahının daha da yaxşılaşdırılması fonunda Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsini təmin etməkdir və bu, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir.
Qaçqın və
məcburi köçkünlərə hər zaman
yüksək dövlət qayğısı göstərilir
Ölkəmizdə yaşanan sürətli sosial-iqtisadi inkişaf hər bir vətəndaşın həyatında özünü göstərərək, insanların maddi-rifah halının günü-gündən yaxşılaşmasına təkan verir. Əldə edilən bu uğurlar Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti üzündən doğma yurd-yuvalarını tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların yaşayış durumuna və sosial vəziyyətinə də təsirsiz ötüşmür. MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə ilk yerlərdə duran dövlətlərdən biri olmasına baxmayaraq, Azərbaycan bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkələrdən hesab olunur. Bu gün də qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edir və göstərilən istiqamətdə uğurlu nəticələrin əldə olunduğu beynəlxalq miqyasda da açıq etiraf edilir.
(ardı
var)
Azərbaycan.- 2011.- 28 avqust.- S. 2.