"Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsində növbəti mərhələ

 

Çıraq Neft Layihəsinə (ÇNL) başlamaq barədə qərarın verildiyi vaxtdan yarım il ötür. Dəyəri 6 milyard dollar olan bu layihə Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsində növbəti bir mərhələdir.

Layihənin məqsədi AÇG-dən neft hasilatını artırmaqdır. Bunun üçün mövcud "Çıraq" və "Dərinsulu Günəşli" platformaları arasındakı infrastrukturda hiss edilən boşluq doldurulacaq - yeni bir dəniz qurğusu quraşdırılacaq. Bu, hazırda  ayrı-ayrı hissələri  qurudakı obyektlərdə tikilməkdə olan "Qərbi Çıraq" platformasıdır.

İstər platformanın inşası, istərsə də ÇNL çərçivəsində aparılan digər işlər qrafikə uyğun davam edir. "Qərbi Çıraq"ın üst modulları Bibiheybətdəki ATA ("AMEK-Tekfen-Azfen") tikinti-quraşdırma sahəsində inşa olunur. Bunun üçün ilin birinci yarısında ATA-nın modernləşdirilməsi proqramı başa çatdırılıb. Burada platformanın qazma avadanlıqlarının tikintisi işləri müvəffəqiyyətlə gedir və onların 40 faizdən çoxu artıq tamamlanıb.

Yardımçı qazma avadanlığının, ikinci göyərtənin birləşmələrinin hazırlanması sona çatıb.  İndi digər işlərə - kommutator otağının quraşdırılmasına, üst göyərtə hissəsinin tikintisinə, alt göyərtədə birinci mexaniki avadanlığın quraşdırılmasına başlanılıb. Platformanın üst hissəsinin ağırlığı ümumilikdə 19200 ton təşkil edəcək. Görünüşünə və quruluşuna görə isə bu qurğu "Şərqi Azəri" platformasına bənzəyəcək.

Hazırda təkcə ATA-da sifarişçi, podratçı və subpodratçı təşkilatların işçiləri də daxil olmaqla, təxminən 3 min nəfər çalışır. İşin keyfiyyətini təmin etmək üçün 400 nəfərdən çox qaynaqçıya təlim proqramı keçirilib.

Platformanın bir neçə hissəsi, o cümlədən dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa edilir. Dayaq blokunun dənizə 2012-ci ilin sonlarında yola salınması nəzərdə tutulur. Hazırda sexlərdə polad təbəqələr bükülür. İşlərin xeyli hissəsi  üstüörtülü yerlərdə aparılır. İndi BDÖZ-ün  tikinti-quraşdırma sahələrində 1265 nəfər "Qərbi Çıraq"la bağlı işləri görür. Ümumiyyətlə, ÇNL-nin tikinti işlərinə cəlb olunmuş insanların 95 faizdən çoxu Azərbaycan vətəndaşıdır.

ÇNL-nin öncəqazma proqramına isə hələ ötən ilin aprel ayından başlanıb. Proqram 16 quyunun qazılmasından ibarətdir. Üç quyu artıq qazılıb və onlardan gələcəkdə - platforma işə düşəndən sonra istifadə etmək məqsədilə ağızları qapanıb.

Yataqda bu işlər "Dədə Qorqud" yarımdalma qazma qurğusu ilə aparılır. Hazırda qazma işləri davam edir.  Lakin belə qərara alınıb ki, beş əlavə quyu qazıldıqdan sonra bu istiqamətdə işlər platforma işə düşənədək dayandırılsın.

İlin qalan aylarında ATA-da və BDÖZ-də "Qərbi Çıraq"ın tikintisi davam edəcək. ÇNL-yə aid bütün borular isə CPC-də - Bakıdakı boruörtükləmə zavodunda  izolyasiya olunacaq.

Məlum olduğu kimi, AÇG-dən neft və qaz Səngəçal terminalına sualtı borularla nəql edilir. Lakin "Qərbi Çıraq"ın neftini və səmt qazını terminala gətirmək üçün yeni sualtı kəmərlərin çəkilməsinə ehtiyac yoxdur. Buradan yalnız yataqdaxili xətlər çəkiləcək və onlar AÇG-nin  mövcud kəmərlərinə birləşdiriləcək. Nefti və qazı həmin kəmərlərə qovuşduran xətlərin hər biri təxminən 10 kilometr uzunluğunda olacaq.

Xatırladaq ki, ÇNL-nin işlənməsi ümumilikdə 360 milyon barel əlavə ehtiyatların çıxarılmasına imkan verəcək. Layihə çərçivəsində ilk neftin 2013-cü ilin sonlarında hasil ediləcəyi gözlənilir.

 

 

F.SADIQLI

 

Azərbaycan.- 2011.- 28 avqust.- S. 4.