Naftalanın əvvəlki şöhrəti qayıdır

 

Möcüzəli neft şəfa verir

 

Təbib qüdrətli Naftalanda şərait yaxşılaşdıqca müalicəyə gələnlərin sayı get-gedə artır. Təkcə cari ilin yeddi ayı ərzində bura ölkənin müxtəlif guşələrindən dörd mindən çox adam gəlmişdir. Bu da ötən ildəkindən xeyli çoxdur.

O da bəllidir ki, "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində yeni-yeni müalicə-sağlamlıq mərkəzləri yaranır. "Möcüzəli Naftalan", "Şəfa vannaları", "Sehirli Naftalan", "Müalicə və sağlamlıq ocağı" və digərləri hər yanda tanınır. İndi "Qarabağ" sanatoriyasının bərpası üçün də hazırlıq işləri görülür.

Naftalanda olarkən Sumqayıtdan, Lənkərandan, Qubadan, Zaqataladan gələnlərlə söhbət etdik. Hamı buradakı şəraitdən, xidmətin keyfiyyətindən, neftin müalicəvi qüdrətindən razılıqla danışır.

Ona görə də Naftalan kurortunun miqyası genişlənir. Bu ilin yaz aylarında ölkə rəhbəri İlham Əliyevin iştirakı ilə burada daha iki kompleksin - "Çinar" və "Qaşaltı" sanatoriyalarının açılışı oldu. Dövlət başçısı ulu öndərin adını daşıyan parkı gəzdi, Heydər Əliyev muzeyi ilə tanış oldu, istirahət və sağlamlıq mərkəzlərinə getdi. Gözəl iqlimi və əlverişli təbii şəraiti olan Naftalanın dünyada neft ilə müalicə aparılan yeganə kurort olduğunu vurğulayaraq dedi ki, Naftalan həm coğrafi baxımdan strateji nöqtədir, həm də iqtisadi baxımdan çox mühüm bir şəhərdirE Burada nəinki müalicə almaq olar, həm də sadəcə, gözəl vaxt da keçirmək mümkündür.

Naftalanın inkişafının vacibliyini xüsusi qeyd edən cənab İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüş zamanı dedi ki, mən Bakıya qayıdandan sonra şəhərin inkişafına dair lazımi qərarları verəcəyəm və siz onların nəticələrini görəcəksiniz.

Şəhərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Prezidentin Ehtiyat Fondundan bir milyon manat vəsait ayrıldı. Müalicə-sağlamlıq mərkəzinin inkişafı planı təsdiq olundu. Ərazinin genişləndirilməsi üçün əsaslı tədbirlər görüldü. Təbii qaz, elektrik enerjisi və su təchizatı sistemləri yenidən quruldu. Goranboy qazpaylayıcı stansiyasından Naftalana 14,5 kilometr uzunluğunda xətt çəkildi. Şəhər daxilində istismara yaramayan metal borular plastik borularla əvəz edildi. Hazırda su və kanalizasiya sistemlərinin başdan-başa yenidən qurulması, habelə təmizləyici qurğunun yaradılması üçün tədbirlər görülür.

Uzun illər nəzər-diqqətdən kənarda qalan Naftalanın şəhər təsərrüfatı, mühəndis qurğuları yararsız vəziyyətə düşmüş, yollar, küçələr dağılmış, binaların görkəmi dəyişmişdi. Dövlət başçısı tapşırdı ki, şəhərdəki bütün binalar təmir olunmalı, parklar, yeni xiyabanlar salınmalı və Naftalan nəinki Azərbaycanda, dünyada tanınan kurort şəhərinə çevrilməlidir.

Son vaxtlarda bu sahədə çox işlər görülüb. Küçələr, yollar, səkilər başdan-başa təmir edilib. Parklar, xiyabanlar salınıb. Çoxlu yaşıllıq zolaqları yaradılıb, ağac və gül kolları əkilib. Ən səfalı guşələrdən birində bayraq meydanı düzəldilib.

Şəhərdə su problemi uğurla həll olunur. Hazırda Çəkil Hacallı kəhrizləri bərpa olunur. Şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov deyir ki, istilik məsələsi bu yerlərin ən müşkül məsələsi sayılırdı. İllər boyu baxımsızlıq üzündən istər fərdi evlərdə, istərsə ictimai binalarda istilik sistemi tamamilə sıradan çıxmışdı. Bu işin nizama salınması üçün qısa müddət ərzində birinci ikinci mikrorayonlarda qazanxanalar tikildi. Birinci mikrorayonda 20 ədəd çoxmərtəbəli yaşayış binasının istilik sistemi bərpa olundu. İndi qışa hazırlıqla əlaqədar ikinci mikrorayonda qızğın gedir. On iki yaşayış binasının istilik sistemi yenidən qurulur. İllər boyu təmir üzü görmədiyi üçün yaşayış binaları yararsız vəziyyətə düşmüşdü. Hər yanda tanınan kurort şəhərində buna yol vermək olmazdı. Ona görə biz bu sahədə sistemli surətdə tədbirlər görməyə başladıq. Son bir il ərzində çoxmərtəbəli on bir yaşayış binasının fasadları milli memarlıq ənənələrinə uyğun formada aqlay daşla üzləndi, eyvanları əsaslı təmir olundu, dam örtükləri təzələndi, bütün mənzillərdə plastik pəncərələr quraşdırıldı. Kurort şəhərinin abadlığı həm şəhərin təmizliyi, səliqə-sahmanı, yaşıllığı ilə əlaqədardır. Şıxəli Qurbanov, Dədə Qorqud, Nəsimi küçələri, Şirvan prospekti yenidən quruldu. Yollar boyu milli üslubda istinad divarları tikildi, müasir formalı işıqlandırma sistemi yaradıldı, bağlarda, parklarda istirahət guşələrində oturacaqlar qoyuldu.

Naftalanın dünya miqyaslı kurorta çevrilməsi üçün hər cür imkan var. Möcüzələr məskəni Naftalan dirçəlir, tədricən əvvəlki şöhrətini qaytarır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının tələbi, Prezident İlham Əliyevin tövsiyə tapşırıqları yerinə yetirildikcə vaxtilə adı dillərdə gəzən bu kurort şəhəri əvvəlki şöhrətini qaytara biləcəkdir. Bu əminlik dövlət başçısının ümumən ölkənin inkişafına, eləcə əhalinin cansağlığına göstərdiyi tükənməz qayğı diqqətdən yaranır. Prezident İlham Əliyev "Çinar" "Qaşaltı" sanatoriyalarının açılışı zamanı demişdir ki, bugünkü gün Naftalanın yeni tarixinin başlanğıcıdır. Əminəm ki, bir neçə ildən sonra biz istədiyimizə nail olacağıq Naftalan dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir.

Bu müdrik sözlərin reallığını naftalanlılar elə indidən çox aydın şəkildə hiss edirlər.

 

 

 Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.- 28 avqust.- S. 5.