Kanadada Azərbaycan Tədqiqatlar
İnstitutu təsis edilmişdir
Kanadada Azərbaycan
Tədqiqatlar İnstitutu (KATİ) təsis edilmişdir. Diasporla İş üzrə
Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər
ki, Kanadanın dünya şöhrətli Vaterloo Universitetinin
bazasında fəaliyyət göstərən KATİ Azərbaycan
üzrə tədqiqatlar sahəsində aparıcı elmi mərkəz
olacaqdır.
KATİ
qarşılıqlı maraq doğuran layihələr üzrə
Kanadanın və Azərbaycanın akademik institutları,
xüsusilə Toronto Universitetinin Qlobal Məsələlər
üzrə Munk kollecinin alimləri, tələbələri ilə
sıx əməkdaşlıq edəcək, Azərbaycan
üzrə tədqiqatlar aparacaq, materiallar nəşr edəcək,
Azərbaycanın nailiyyətlərini, mədəni irsini təbliğ
edəcəkdir.
KATİ-nin
əsas hədəflərindən biri də Azərbaycan
İnternet Ensiklopediyasını (ingilis dilində) yaratmaq və
bu yolla ölkəmizin tarixi, coğrafiyası, ədəbiyyatı,
cəmiyyəti, iqtisadiyyatı, diasporu və mədəni
irsini tanıtmaq, elmi ictimaiyyət, hökumət və mətbuat
işçiləri üçün yüksək səviyyəli
konfrans, seminar və mühazirələr təşkil etməkdir.
Azərbaycan.- 2011.- 28 avqust.- S. 6.