Aİ-nin Əddis-Əbəbədə keçirilən konfransında Azərbaycanın Somaliyə yardımı qeyd olunmuşdur

 

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, Afrika İttifaqının (Aİ) təşkilatçılığı ilə  Efiopiyanın paytaxtı Əddis-Əbəbədə "Afrika burnu regionunda quraqlıq və aclıqdan əziyyət çəkən ölkələrə yardım" adlı konfrans keçirilmişdir.

Tədbirdə Azərbaycanın Afrika İttifaqı yanında nümayəndəsi statusunda səfir Ş.Abdullayev Somalidə quraqlıq nəticəsində yaşanan böhranla əlaqədar Azərbaycanın həmin ölkəyə 100 min ABŞ dolları məbləğində yardım etdiyini bildirmişdir. Azərbaycanın humanitar yardımının bu ölkədə böhranın aradan qaldırılmasında müəyyən rol oynadığı üçün Afrika İttifaqının rəhbərliyi və konfrans iştirakçıları tərəfindən alqışlanmışdır.

Konfransda Afrika İttifaqının üzv ölkələrinin, Aİ yanında tərəfdaş və müşahidəçi dövlətlərin, BMT və onun ixtisaslaşmış strukturlarının, digər regional təşkilatların nümayəndələri və qeyri-hökumət təşkilatları, Afrikada fəaliyyət göstərən özəl şirkətlərin rəhbərləri iştirak etmişlər.

Səfir Ş.Abdullayev konfrans çərçivəsində Afrika İttifaqının rəhbərliyi, Keniya, Çad, Sudan, Cibuti, Zimbabve və Efiopiya nümayəndə heyətləri ilə görüşlər keçirmişdir.

 

 

Azərbaycan.- 2011.- 28 avqust.- S. 6.