Əməksevər insanlar bərəkət
ünvanlarının həsrətindədirlər
Qubadlınin işğalından 18
il ötür
"...O torpaqlar əməksevər
insanların qeyrət, bərəkət ünvanı idi.
Qubadlılar Qarabağa, Laçına, Kəlbəcərə
Ermənistandan gələn yolun üstündə möhtəşəm
qala kimi dayanmışdılar. Onun işğalından da bərk
sarsıldım".
Heydər ƏLİYEV
İşğal
tariximizin daha bir gününə gəlib çatdıq. Bu
günün hədəfi Qubadlıdır. O Qubadlı ki, onu
min illərdi məskən saldığı, ev-eşik
qurduğu torpaqlardan heç kim ayıra bilməmişdi. Mərd,
zəhmətsevər insanları ilə seçilən
Qubadlı düşmən qarşısında da məğrur
dayanıb, torpağını, elini-obasını qəhrəmanlıqla müdafiə edə bilmişdi. Azərbaycanın,
Qarabağın içərilərinə soxulmaq istəyən
qüvvələr həmişə Qubadlıdan keçmək
istəsələr də, niyyətləri gözündə
qalıb. Bunu Qubadlının
yaxın, uzaq tarixi də sübut edir.
Qubadlı bir
rayon kimi 1933-cü ildə təşkil olunub. Ərazisi 802
kvadratkilometr, əhalisi 33 800 nəfərdi. Ancaq onun bu statusda
yaşaması çox çəkməyib - 1963-cü ildə
ləğv edilərək, Zəngilan
rayonu ilə birləşdirilib. "Perspektivsiz" dağ kəndləri,
ucqar yaşayış məskənləri zorla
köçürülüb, başqa rayonlarla birləşdirildiyi
sovet dövründə Qubadlı da belə bir taleyi, qısa
da olsa, yaşamalı olmuşdu. Ancaq əhalinin
narazılığı və verilən qərarın
perspektivsizliyi özünü çox gözlətmədi və 1964-cü ildə Qubadlı yenidən
müstəqil rayona çevrildi.
Qubadlı rayonu
şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən
Xocavənd və Cəbrayıl rayonları, qərbdən isə
elə bir vaxtlar Qubadlının da torpaqları hesabına
zorla yaradılan Ermənistanla həmsərhəddir. Gözəl təbiətə və təbii sərvətlərə
malik olan Qubadlının Bazarçay (Bərgüşad), Həkəri,
Kiçik Həkəri, Meydan dərəsi çayları və
çoxlu bulaqlar regionun əsas su mənbələri
sayılırdı. Ancaq Qarabağın hər yerində
olduğu kimi, bu rayonun da su kimi təmiz və rahat həyatı
qəflətən alt-üst oldu, Qarabağ uğrunda
savaşlar başladı.
Döyüşən Qubadlı
Yenidən Azərbaycana
qarşı torpaq iddiasına başlayan erməni quldur dəstələri
1988-ci ilin noyabr ayında rayonun ərazisində yerləşən,
Gorus-Qafan yolunun kənarındakı Eyvazlı kəndində
yanğınlar və qətllər törətdilər. Bu qanlı hadisələr qubadlıları
çıxılmaz vəziyyətə saldı. O zamankı
respublika rəhbərliyinin köməyindən əlini üzən
rayon camaatı özünümüdafiə dəstələri
təşkil etməklə dədə-baba torpaqlarını təcavüzdən
qorumağa çalışırdı. Onlar səngərlər
quraraq düşmənin basqılarının
qarşısını almağa çalışır, dinc əhalini
gülləbaran olmaqdan qoruyurdular.
Lakin
1992-ci ilin mayında Şuşa
və Laçın rayonlarının işğalından
sonra hər yerdə olduğu kimi, Qubadlıda da vəziyyət
gərginləşdi. 1993-cü il
avqustun 23-də Cəbrayıl və Füzulinin
işğalı isə Qubadlının və Zəngilanın
Azərbaycanın əsas torpaqları ilə əlaqələrini tamamilə
qırmış oldu. Qubadlı rayonu nə qədər mərdliklə
vuruşsa da, düşmənə müqavimət göstərsə
də, düşmənin hərb maşını
qarşısında dayana bilmədi - 1993-cü il avqustun 31-də
tamamilə işğal olundu.
Qubadlı
uğrunda gedən döyüşlərdə 54 nəfər
şəhidlik zirvəsinə yüksəldi. Qarabağ
müharibəsində isə Qubadlının ümumilikdə
241 övladı şəhid, 191-i əlil olub.
Döyüşən Qubadlı haqqında bir də onun 8 Milli
Qəhrəmanı, yaralı torpaqları şəhadət
verə bilər.
Dağılan Qubadlı
Ermənilər
Qubadlıda 94 kənd və qəsəbəni, 205 mədəni-məişət
obyektini, 40-dan artıq tarixi abidəni yandıraraq məhv
ediblər.
İşğala
qədər 33800 nəfər əhalisi olan Qubadlıda 21 orta,
15 səkkizillik və 15 ibtidai məktəb, 7 məktəbəqədər
təhsil müəssisəsi fəaliyyət göstərib.
Bu təlim-tərbiyə və təhsil müəssisələrində
1280 nəfər müəllim çalışıb.
Rayonda 111 mədəni-maarif
müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və
28 klub, 6 avtoklub olub.
Yaddaşımızı vərəqləsək...
"Ermənilər
işğal etdikləri torpaqları "viran qoymaq"
taktikasına əl atmışdılar. Müharibədə
20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər
yaralanmış, 50 min nəfər əlil olmuşdu.
Qaçqın və köçkünlərin sayı milyonu
keçmişdi. Rəsmi məlumata görə, erməni
işğalçıları tərəfindən 4 861 nəfər
azərbaycanlı, o cümlədən 314 qadın, 58 uşaq
və 255 qoca əsir və girov
götürülmüşdür. Erməni faşistləri əsir
və girovların həqiqi sayını beynəlxalq humanitar
təşkilatlardan gizlədir, onlarla qeyri-insani, amansız rəftar
edir, qul kimi işlədir, təhqir edir,
alçaldırdılar". (Qarabağ. Real
tarix. Faktlar. Sənədlər. Bakı-2005).
Yaşayan Qubadlı
Hazırda
respublikamızın müxtəlif şəhər və
rayonlarında məskunlaşan qubadlılılar yaşamaq,
qurub-yaratmaq, dədə-baba torpaqlarına qayıtmaq
eşqini, həvəsini itirməyiblər. Yenə
uşaqları məktəbə gedir, cavanları
çalışır, qocaları isə doğma yurda
qayıtmağı gözləyir. Axı gözləyə-gözləyə,
istəyə-istəyə də həmin günü yaxın
etmək olar. O günü - Qələbə
gününü.
Bəxtiyar QARACA
Azərbaycan.-
2011.- 28 avqust.- S. 8.