Hüququndan keçən əsgər - Mehdi Hüseynzadə

 

"Bu gün Sloveniya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar və unudulmaz bir gündür. Bu gün biz Azərbaycan xalqının böyük oğlu, qəhrəman Mehdi Hüseynzadənin - Mixaylonun memorial muzeyinin açılışına toplaşmışıq.

Mehdi Hüseynzadə burada sloveniyalı dostları ilə bərabər partizan dəstəsində faşistlərə qarşı döyüşmüş və qəhrəmancasına həlak olmuşdur. Bu mübarizə  və xalqlarımızın birgə səyləri nəticəsində faşizm kimi bəla üzərində hamımız birlikdə qələbə qazanmışıq. Qəhrəmanlarımızın əziz xatirəsi xalqlarımızın qəlbində daim yaşayır və bugünkü mərasim bu sözlərin ən gözəl təsdiqidir".

 

İlham Əliyev

 

O hələ də sadə, şərəfli və qəhrəmanlıqlarla dolu bir ömür yaşamaqdadır. Söhbət kinolardan, əsərlərdən və bir də xatirələrdən hər birimizə tanış olan, illər ötdükcə bizlərə daha da  yaxınlaşan və doğmalaşan əfsanəvi Mehdi Hüseynzadədən gedir. Azərbaycan xalqının və dövlətinin adını bizdən çox-çox uzaqlarda yaşayan milyonlarla insana doğmalaşdıran Mixaylonun qəhrəmanlığı unudulmur, əksinə, hər il onun haqqında təzə faktlar ortaya çıxır, yeni filmlər çəkilir, kitablar yazılır, müxtəlif əsərlər yaradılır.

Özü tarix olacaq belə əsərlərdən biri də bu günlərdə Sloveniya Respublikasının Novo Qoritsa şəhərində yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyev Sloveniyaya rəsmi səfəri çərçivəsində əfsanəvi qəhrəmanın memorialını ziyarət edərək muzeylə tanış olmuşdur. Həmin günlərdə Novo Qoritsa şəhərinin meri Matej Arkon nümayəndələri salamlayaraq deyib: "Mehdi Hüseynzadə bizi birləşdirən şəxs idi və onun qəhrəmanlığı bütün ətraf kəndlərin əhalisi tərəfindən ehtiramla yad olunur, o, hər birimizin qəlbində yaşayır. Alman faşizmi Mehdi Hüseynzadənin arzularını yarımçıq qoysa da, bu yerlərin insanlarının azadlıq rəmzini qıra bilmədi".

Onu da xatırladaq ki, İkinci Dünya müharibəsində 600 min azərbaycanlı döyüşüb. Onların yarısı - 300 min nəfəri ağır döyüşlərdən qayıda bilməyib. Azərbaycan faşizmə qarşı təkcə canlı qüvvəsi ilə deyil, həm də nefti ilə vuruşurdu. Bu isə nə az, nə çox - o vaxt sovet sənayesinin yanacağa olan ehtiyacının 90 faizi demək idi.

Azərbaycanlı əsgərlərin partizan hərəkatında iştirakı isə tariximizin şərəfli bir hissəsidir. Biz hələ onları tanımağa macal tapmamış bütün Avropa onlarla fəxr edir, öyünürdü, onların xatirəsinə abidələr ucaldır, muzeylər yaradırdı. Azərbaycanı Avropa ilə bağlayan tellərdən biri də məhz budur. Dövlət başçısının qeyd etdiyi kimi, "Qəhrəmanlarımıza, onların xatirəsinə olan hörmət və xoş münasibət əlaqələrimizi daha da gücləndirir".

İkinci Dünya müharibəsinin gedişində bir çox azərbaycanlı əsgər, Avropa ölkələrinin əksəriyyətində olduğu kimi, həm də sloven partizanları ilə birlikdə 9-cu korpusun tərkibində faşistlərə qarşı mübarizə aparırdı.  Onların arasında Mehdi Hüseynzadənin - Mixaylonun xüsusi yeri var.

Mehdi Hüseynzadənin ömür yolunu əks etdirən fotolar, sənədlər  memorial muzeyə gələnlərin diqqətini cəlb edir. Onun döyüş dostlarının muzeyə bağışladıqları eksponatlar isə qanlı tarixdən xəbər verir. Qəhrəmana məxsus döyüş sursatı, şəxsi əşyalar da olduqca qiymətlidir. Mixaylonun həyatının son günlərini əks etdirən "Uzaq sahillərdə" filminin fotoları da muzeydə geniş nümayiş olunur. Onlar həm də insanlıq naminə tökülən qanlardan, yarımçıq arzulardan xəbər verir.

Bir sözlə, həyatdan, canından və hüququndan keçməyi bacaran övladlarımız həmişə, tarixin bütün dövrlərində olub. Onların arasında bugünkü gəncliyə həm həyatı, həm də ölümü ilə örnək olan bir əsgərin xüsusi yeri var. O, Mehdi Hüseynzadədir, o, əfsanəvi Mixaylodur, o bizim böyük azərbaycanlılardan biridir.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2011.- 28 avqust.- S. 10.