Azərbaycan Prezidenti İlham Əliyev
Rusiya Federasiyasının Həştərxan
şəhərinin meri Sergey
Bojenovun rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Rusiya Federasiyasının Həştərxan şəhərinin meri Sergey Bojenovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Həştərxan şəhərinin meri Sergey Bojenov böyük nümayəndə heyəti ilə Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirdi. O, Həştərxan şəhər dumasının qərarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Həştərxan şəhərinin fəxri vətəndaşı" diplomuna layiq görüldüyünü dedi və "Həştərxan şəhərinin fəxri vətəndaşı" diplomunu və medalını dövlət başçısına təqdim etdi. Sergey Bojenov "Həştərxan şəhərinin fəxri vətəndaşı" diplomuna bu yaxınlarda Rusiya Federasiyasının Baş naziri Vladimir Putinin də layiq görüldüyünü vurğulayaraq Azərbaycan Prezidentinin və Rusiyanın Baş nazirinin rəhbərlik etdiyi şəhərin fəxri vətəndaşı olmasından qürur hissi keçirdiyini dedi.
Dövlət başçısı "Həştərxan şəhərinin fəxri vətəndaşı" diplomu ilə təltif edilməsi ilə bağlı qəbul olunan qərara görə Həştərxan Şəhər Dumasına və şəhər rəhbərliyinə təşəkkürünü bildirdi. Azərbaycan ilə Rusiya Federasiyası arasında münasibətlərin, o cümlədən ölkələrimizin şəhərləri arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bu baxımdan Bakı ilə Həştərxan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı. Dövlət başçısı Həştərxana səfərini və xalqımızın ümummilli lideri Heydər Əliyevə Həştərxan şəhər sakinlərinin ehtiramının əlaməti olaraq ucaldılan abidənin açılışında iştirakını xatırladı. Həştərxan şəhər təsərrüfatının və infrastrukturun yenidən qurulmasında, təhsil sahəsinin inkişaf etdirilməsində Azərbaycandan olan iş adamlarının iştirakını qeyd edən Prezident İlham Əliyev bütün bu tədbirlərin ölkələrimiz və şəhərlərimiz arasında əlaqələrin daha da yaxşılaşması işinə xidmət etdiyini vurğuladı.
AzərTAc
Azərbaycan.- 2011.- 1 dekabr.- S. 1.