Prezident İlham Əliyev Həbəşistanın Azərbaycandakı səfiri Mulatu Teşomenin etimadnaməsini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Həbəşistan Federativ Demokratik  Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mulatu Teşomenin etimadnaməsini qəbul etmişdir.

Səfir Mulatu Teşomen fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Mulatu Teşomen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bağlı keçirilən səsvermə zamanı Azərbaycana verdiyi dəstəyə görə Həbəşistan hökumətinə təşəkkür etdi. Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Həbəşistan arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Mulatu Teşomen Həbəşistan Prezidenti Girma Volde-Giorgisin salamlarını dövlətimizin başçısına çatdırdı. Səfir ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi üçün qarşılıqlı maraqların olduğunu dedi.

Dövlətimizin başçısı Prezident Girma Volde-Giorgisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Həbəşistanın dövlət başçısına çatdırmağı xahiş etdi.

 

 AzərTAc

 

Azərbaycan.- 2011.- 2 dekabr.- S. 2.