Prezident İlham
Əliyev Vyetnamın Azərbaycandakı səfiri Fam Suan Şonun
etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Vyetnam Sosialist Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fam Suan Şonun etimadnaməsini qəbul etmişdir.
Səfir Fam Suan Şon fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Fam Suan Şon etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu vurğulayan dövlət başçısı bu əlaqələrin hazırda yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanın Vyetnam ilə münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu dedi.
Səfir Fam Suan Şon Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın salamlarını dövlət başçısına çatdırdı. Ölkəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük ehtiramla yad edildiyini qeyd edən vyetnamlı diplomat ulu öndərlə Türkiyədə səfir olarkən görüşdüyünü məmnunluqla xatırladı. O, Azərbaycanla Vyetnam arasında əlaqələrin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.
Dövlət başçısı Prezident Çıonq Tan Şanqın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Vyetnam dövlətinin başçısına çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2011.- 2 dekabr.- S. 2.