Qırğızıstanın yeni seçilmiş Prezidentinin andiçmə mərasimi olmuşdur

 

 Mərasimdə Azərbaycanın Baş naziri Artur Rasizadə iştirak etmişdir

 

Dekabrın 1-də Toktoqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında bu ölkənin yeni seçilmiş Prezdenti Almazbek Atambayevin andiçmə mərasimi keçirilmişdir.

Mərasimdə Azərbaycanın Baş naziri Artur Rasizadə iştirak etmişdir.

Türkiyə və Gürcüstan prezidentləri Abdullah GülMixeil Saakaşvilinin, Qazaxıstanın və Tacikistanın Baş nazirləri Kərim Məsimov və Akil Akilovun, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin, Belarusun, Türkmənistanın və bir sıra digər dövlətlərin yüksək vəzifəli nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri tədbirdə Qırğızıstan Prezidenti Roza Otunbayeva yeni seçilmiş dövlət başçısı Almazbek Atambayevi təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulamışdır.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tuyqunalı Abraimov Almazbek Atambayevin Qırğızıstan Prezidenti seçilməsi haqqında MSK-nın qərarını oxumuş, dövlət başçısını təbrik etmişdir. MSK-nın sədri demişdir ki, Almazbek Atambayev oktyabrın 30-da keçirilən prezident seçkilərində seçicilərin 62,52 faizinin səsini qazanmışdır.

Sonra o, Prezident vəsiqəsi, döş nişanı və ştandartı dövlət başçısına təqdim etmişdir.

Yeni dövlət başçısı Almazbek Atambayev çıxış edərək ona etimad göstərdiklərinə görə Qırğızıstanda yaşayan xalqlara minnətdarlığını bildirmişdir. Prezident demişdir ki, bu gündən Qırğızıstanın yeni tarixi başlayır, xalqımız sabitlikbirliyi seçmişdir.

Almazbek Atambayev demişdir: "Allahxalq qarşısında and içirəm ki, dövlət başçısı kimi mənim üzərimə düşən vəzifələri ədalətlə yerinə yetirəcəyəm. Mən hər bir insanın və vətəndaşın hüquqlarını müdafiə edəcək, demokratik prinsipləri, xalqın birliyi və təhlükəsizliyini qoruyacağam".

Sonra Prezident Evin qarşısına gəlmiş, Ali Baş Komandan kimi Milli Qvardiyanın hərbi paradını qəbul etmişdir.

Bununla da Qırğızıstan Prezidentinin andiçmə mərasimi başa çatmış, dövlət başçısı rəsmi olaraq vəzifəsinin icrasına başlamışdır.

Almazbek Atambayev 1980-ci ildə Moskva İdarəetmə İnstitutunu bitirmiş, Qırğızıstanda müxtəlif vəzifələrdə işləmiş, iki dəfə Baş nazir olmuşdur.

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

 

Bişkek

 

Azərbaycan.- 2011.- 2 dekabr.- S. 2.