GÜCLÜ
DÖVLƏT - YÜKSƏK RİFAH
Azərbaycan
2020-ci ilə inkişaf etmiş ölkə kimi qədəm
qoyacaq
"Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamından
İnkişaf prosesi hər bir ölkədə ictimai mənafelərə
xidmət edən mütərəqqi ideya və proqramların
xalqın iradəsinə söykənən hakimiyyət vasitəsilə
reallaşdırılmasına əsaslanan mürəkkəb,
zəncirvari və iyerarxik mexanizmdir. Təkcə dövlətin deyil,
ümumən hər bir vətəndaşın və fərdin
gələcək taleyini şərtləndirən bu pozitiv
proses, ilk növbədə, xalqına bağlı milli liderlərin
praqmatik və reallığa adekvat fəaliyyətindən
asılıdır. Bu da təsadüfi deyildir
ki, məhz lider fenomeni müasir dövrdə iqtisadi
potensialından asılı olmayaraq, hər bir dövlətin
inkişaf səviyyəsini müəyyənləşdirən
başlıca meyarlardan biri qismində çıxış
edir. Milli lider fenomeninin müəyyən
etdiyi inkişaf strategiyası ölkənin potensialını
hərəkətə gətirir, bu potensialın realizə
edilməsi üçün zəruri əsasları, prioritet
istiqamətləri müəyyənləşdirir.
Perspektiv iqtisadi hədəflərə
hesablanmış inkişaf konsepsiyası
Son 3 ildə
qlobal böhranın mənfi təsirlərindən səmərəli
şəkildə sığortalanaraq sosial-iqtisadi və mədəni
modernləşmənin yeni keyfiyyət mərhələsinə
uğurla transformasiya edən Azərbaycanın
bütövlükdə regionda ən nüfuzlu dövlətlərdən
birinə çevrilməsi, ilk növbədə, elmi əsaslar
üzərində irəli sürülmüş milli iqtisadi
inkişaf strategiyası ilə bağlıdır. Əminliklə
demək olar ki, respublikanın bütün problemlərinə
milli dövlətçilik kontekstindən yanaşan, cəmiyyətin
ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə
qiymətləndirməyi bacaran, eyni zamanda, ictimai həyatın
müxtəlif sahələrindəki
çatışmazlıq və nöqsanlar haqqında
dolğun təsəvvürə malik olan Azərbaycan Prezidenti
İlham Əliyev praqmatik liderlik keyfiyyətləri sayəsində
yeni dövr üçün qarşıda duran prioritet vəzifələri
dəqiq şəkildə müəyyənləşdirmişdir.
Ölkə başçısının rəhbərliyi
altında son illər ardıcıl və sistemli şəkildə
həyata keçirilən çoxşaxəli islahatlar cəmiyyətin
bütün strateji əhəmiyyətli sahələrində
kardinal dəyişikliklərə səbəb olmaqla hər
bir ölkə vətəndaşının taleyində
müstəsna rol oynamış, respublikamızı dinamik
uğur magistralına çıxarmışdır. Bütün bunların nəticəsi olaraq son illərdə
müstəqil Azərbaycan həm də formalaşmaqda olan
özünəməxsus inkişaf modeli ilə beynəlxalq
iqtisadi mərkəzlərin, aparıcı maliyyə
institutlarının diqqət mərkəzindədir.
Hazırkı tarixi mərhələdə sosial-iqtisadi
inkişaf prosesinin davamlılığının təmini
nöqteyi-nəzərindən respublikanın pesrpektiv
inkişaf strategiyasının yaxın və uzaq dəqiq hədəflər
əsasında düzgün müəyyənləşdirilməsi,
reallığa adekvat elmi-iqtisadi proqnozların, təhlillərin
irəli sürülməsi son dərəcə vacib məsələlərdən
biridir. Praqmatik və realist siyasətçi kimi bu
reallığı düzgün müəyyənləşdirən
Prezident İlham Əliyev də hər bir mərhələ
üçün respublikanın qarşısında duran vəzifələri
dəqiq müəyyənləşdirməklə ölkənin
bütün resurslarını bu istiqamətdə səfərbər
edir. 2011-ci il aprelin 21-də Azərbaycan
Milli Elmlər Akademiyasında alimlərlə keçirdiyi
görüşdə dövlət başçısı bu məsələ
ilə bağlı demişdir: "Biz uzunmüddətli
inkişaf strategiyamızı müəyyən edərkən
mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək
istiqamətlərini müəyyən edərkən
güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir. Biz nəinki beşillik proqramı icra edərkən
bu məsələlərlə məşğul
olmalıyıq, uzaq gələcəyə baxmalıyıq -
20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar
hesabına inkişaf edəcəkdir?! Azərbaycanda
elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin
inkişafı uzunmüddətli, uğurlu və
dayanıqlı olsun".
2011-ci il
29 noyabr tarixdə imzaladığı "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının
hazırlanması barədə" sərəncam cənab
İlham Əliyevin uzaq hədəflərə
hesablanmış səmərəli iqtisadi siyasət
yürütdüyünü bir daha təsdiqləyir. Dövlət başçısı tarixi əhəmiyyətli
bu sərəncamı ilə qarşıdakı 10 ildə
hökumət səviyyəsində
reallaşdırılması vacib kompleks tədbirlər
sisteminin əhatə dairəsini və müddətini, habelə
icra mexanizmlərini müəyyənləşdirmək məramını
izhar etmişdir. Bu, həm də şəffaflıq
və hesabatlılıq baxımından mühüm addım
olmaqla, vətəndaşlarda qarşıdakı illərdə
Azərbaycan hökumətinin iqtisadi inkişaf konsepsiyası
barədə dolğun təsəvvürün
formalaşması məqsədi daşıyır.
Sərəncamın preambula hissəsində
vurğulandığı kimi, son dövrdə ölkədə
həyata keçirilən islahatlar bütün sahələrdə
müsbət nəticələrin əldə olunmasına
şərait yaratmışdır. Bu illər ərzində,
xüsusilə də son onillikdə Azərbaycanda makroiqtisadi
sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş,
yoxsulluğun azaldılmasında və əhalinin sosial
rifahının yüksəldilməsində ciddi uğurlar
qazanılmışdır. Sənəddə
həmçinin vurğulanır ki, bütün bunlarla bərabər,
sərbəst bazar iqtisadiyyatı institutlarının
yaradılması və sahibkar təşəbbüskarlığına
söykənən iqtisadiyyat modelinin bərqərar olması,
iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi
ölkəmizin gələcək inkişafı
üçün geniş imkanlar açmışdır.
Sərəncamda yeni mərhələnin əsas hədəfi
kimi çoxşaxəli, səmərəli və innovasiya
yönümlü iqtisadiyyatın
formalaşdırılması, sosial sahədə önləyici
inkişaf trendinin təmin olunması və əhalinin
rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara
uyğun səviyyəyə çatdırılması, habelə
elmin, mədəniyyətin inkişafında, ictimai həyatın
bütün istiqamətlərində yeni nailiyyətlərin əldə
olunması vacibliyi diqqətə çəkilmişdir.
Sərəncamla
2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyası layihəsinin hazırlanmasına ümumi rəhbərlik,
təşkilati və əlaqələndirici səlahiyyətlərin
həyata keçirilməsi Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasına həvalə olunmuşdur. Eyni zamanda, Administrasiya İnkişaf
Konsepsiyasının layihəsini 2012-ci ilin sonunadək
hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan
Respublikasının Prezidentinə təqdim etməlidir.
İnkişaf Konsepsiyasının layihəsinin hazırlanması
prosesinə müvafiq dövlət orqanlarının, elmi təşkilatların
və yüksək ixtisaslı mütəxəssislərin cəlb
olunması; bu sahədə qabaqcıl dünya təcrübəsindən
yararlanmaq məqsədilə Birləşmiş Millətlər
Təşkilatının İnkişaf Proqramı və digər
beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın
həyata keçirilməsi üçün zəruri tədbirlər
görülməsi; vətəndaş cəmiyyəti təsisatlarının
iştirakı, habelə layihənin açıq müzakirəyə
çıxarılması üçün müvafiq tədbirlərin
görülməsi təmin edilməlidir.
Prezident İlham Əliyev dərinməzmunlu nitqlərində
2009-cu ildə iqtisadi sahədə keçid dövrünü
başa vuraraq modernləşmə mərhələsinə qədəm
qoyan müstəqil Azərbaycanın uzunmüddətli
inkişaf strategiyasının əsas hədəflərini
açıqlamış, qarşıda dayanan strateji məqsədlərdən
söz açmışdır. Nazirlər Kabinetinin
2011-ci ilin 9 aylıq sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında cənab İlham
Əliyev daha bir iqtisadi hədəf müəyyənləşdirərək
2020-ci ilədək respublikada ümumi daxili məhsulun 10 dəfəyədək
artırılması vacibliyini hökumət
qarşısında mühüm vəzifə kimi qoymuşdur.
Eyni zamanda, dövlət başçısı
Azərbaycanı yaxın perspektivdə inkişaf etmiş
dövlətlər sırasında görmək niyyətini
böyük əzmlə bəyan etmişdir. Və
"Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyasının hazırlanması da məhz
bu istəyin reallaşdırılmasının fundamental
mexanizmi kimi nəzərdən keçirilir.
Müasir, qüdrətli Azərbaycan
milli ideyanın ali məqsədidir
Tarixdən məlumdur
ki, milli ideya olmadan hansısa dövlətin davamlı iqtisadi
inkişafını təmin etmək, yaxud da əldə olunmuş
nəticələri qoruyub saxlamaq mümkün deyildir. Başqa sözlə, dövlətin intibah və tərəqqisinə
hesablanmış məqsədlərin gerçəkləşdirilməsində
sosiumun birlik və həmrəyliyini təmin edən, ölkədaxili
iqtisadi resursların səmərəli realizəsinə imkan
yaradan başlıca amillərdən biri məhz milli
ideyadır. Tarixən olduğu kimi,
müasir dövrdə də etnik-milli identikliyin kənar təsirlərdən
qorunması prosesində milli ideya müstəsna rolunu və əhəmiyyətini
qoruyub saxlayır. Eyni zamanda, hər bir xalqın
qarşıya qoyduğu ali idealların
praktik surətdə gerçəkləşdirilməsinə əsaslı
təkan verir.
İstənilən toplumun nəyə qadir olduğu,
hansı inkişaf yolu seçdiyi, zamanın qlobal
çağırışlarına nə dərəcədə
cavab verdiyi, ilk növbədə, onun qarşıya qoyduğu
milli ideyada təcəssümünü tapır. Milli ideya hər
bir dövlətin, xalqın konkret məkan və zaman şəraitində
qarşıya qoyduğu, hədəflədiyi məqsədlərdən
soraq verməklə yanaşı, milli inkişaf modelinin
konseptual mahiyyəti barədə dolğun təsəvvür
formalaşdırır. Əksər hallarda
daha uzaq hədəflərə - perspektiv nəticələrə
hesablanan milli ideya həm də yaradılmasına cəhd
göstərilən cəmiyyət modelinin ideoloji-siyasi, mənəvi
əsaslarına çevrilir. Milli ideya cəmiyyətin
inkişafının ümumi məqsəd və
strategiyası olmaqla hərtərəfli inkişafın rəhnidir.
Milli ideya dövrün, zamanın ruhuna, cəmiyyətin
inkişaf xüsusiyyətlərinə, dünya
nizamının gerçəkliklərinə adekvat olaraq dəyişsə
də, bütün dövrlər və cəmiyyətlər
üçün aktualdır. O, bir sıra mütərəqqi cəhətləri
ilə qətiyyən statik xarakter daşımır, əksinə,
hər bir dövr üçün sosiumun yeniləşən
istək və arzularının məcmusudur. Yəni,
siyasi-ideoloji quruluşundan asılı olmayaraq, istənilən
dövlətin inkişafa can atması, habelə bu niyyəti nə
dərəcədə gerçəkləşdirə bilməsi,
ilk növbədə, milli ideya statusu alan
ali məram və məqsədlərdən
asılıdır. Məhz bu məram və məqsədlər
ümumən Azərbaycan xalqının da tarixən
formalaşmış milli-mənəvi dəyərlər
sisteminin yabançı təsirlərdən qorunmasına,
ümumən cəmiyyətin milli ahənginin
saxlanılmasına imkan verir. Yeni
yüzillikdə qarşıya qoyduğu nəcib ideallara
yüksək sadiqlik nümayiş etdirən xalqımız məhz
bunun sayəsində milli identikliyini və özünüdərk
hissini qoruyub saxlayır.
Müasir
fəlsəfi fikrimizin görkəmli tədqiqatçısı,
qloballaşma, modernləşmə, demokratikləşmə və
digər mühüm sahələrdəki
araşdırmaları cəmiyyətdə böyük maraq
doğuran Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev
haqlı olaraq respublikanın hazırkı inkişafı
prosesində milli ideyanın səfərbəredici rolunu diqqətə
çəkir. Bir müddət əvvəl "Azərbaycan"
qəzetində dərc olunmuş "Müasir milli ideyanı
zənginləşdirən odur ki, vətəndaş
özünü dövlətin bir hissəsi hesab edir,
özündə dəyişikliklər üçün
qüvvə görür, güclü dövlətin və
güclü, iradəli liderin varlığına ehtiyac
duyur" sərlövhəli müsahibəni görkəmli
akademikin "Müasir Azərbaycan milli ideyanın təcəssümü
kimi" əsərinin məntiqi davamı kimi də qiymətləndirmək
olar.
Hər iki əsəri maraqlı edən əsas cəhət
bundan ibarətdir ki, görkəmli akademik Ramiz Mehdiyev
müasir dövrdə Azərbaycan milli ideyasının nədən
ibarət olduğunu elmi və praktik dəlillər, faktlar əsasında
açıb göstərir. Müəllif eyni
zamanda milli ideyanın reallaşdırılması istiqamətində
son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən qlobal miqyaslı
islahatlardan söz açır, həyata keçirilən tədbirlərin
gözlənilən nəticələri ilə bağlı
son dərəcə dürüst məntiqi mühakimələr,
proqnozlar irəli sürür. Elmi və
praktik təcrübənin uğurlu sintezi əsasında qələmə
alınan bu əsərlərdə, eyni zamanda, milli ideyanın
gerçəkləşdirilməsi mexanizmi olan milli ideologiya
problemi analitik rakursda təhlilə cəlb edilir, azərbaycançılığın
mühüm komponentlərinə toxunulur.
Azərbaycanın dövlət müstəqilliyinin bərpası
uzun illər ərzində xalqımızın milli ideya səviyyəsinə
yüksəlmiş əsas arzusu, istəyi olmuşdur. Lakin müstəqilliyin bərpasından
sonra onun qorunub saxlanılması, respublikamızın ərazi
bütövlüyünün, suverenliyinin bərpası, habelə
inkişaf etmiş, modern dövlətə çevrilməsi,
demokratik, hüquqi cəmiyyətin formalaşdırılması,
insan hüquq və azadlıqlarının yüksək səviyyədə
qorunması məsələləri məcmu halda xalqın yeni
dövr üçün milli ideyasına çevrilmişdir. Bu sıraya həmçinin vətəndaşların
firavanlığı, mənəvi inkişaf, demokratiya, milli təhlükəsizlik
kimi məsələləri də şamil etmək
mümkündür.
Akademik Ramiz Mehdiyevin bu qənaəti ilə də tam
razılaşmaq olar ki, 2003-cü ilin sonlarından
başlayaraq milli ideya müstəqil dövlətin
inkişafının və dünya ilə münasibətlər
qurulmasının keyfiyyətcə yeni aspektləri ilə zənginləşir. Eyni zamanda, bu
dövrdə inkişaf vektorları regional və qlobal perimetrlərdə
ölkənin yeni mövqeyini müəyyən etmişdir.
Dövlətin iqtisadi qüdrətinin artması
nəticəsində ictimai şüur tədricən elə
istiqamətləndirilir ki, o, ətraf aləmlə ahəngdar
şəkildə qarşılıqlı fəaliyyət
göstərir, inkişafın perspektivlərini və
prioritetlərini real hiss edir. Bütün
bunlarla yanaşı, əsərdə ümumiləşmiş
fikir bundan idarətlir ki, iqtisadi və demokratik tranzitin,
dövlət həyatının bütün sahələrində
innovasiyalı inkişafa keçidin intensivləşdirilməsi
ideyaları getdikcə daha artıq dərəcədə rəqabətədavamlı
paradiqmaya yönələrək hakim və ictimai-siyasi
elitanın şüurunda üstünlük təşkil edir.
"Müasir
milli ideyanı zənginləşdirən odur ki, vətəndaş
özünü dövlətin bir hissəsi hesab edir,
özündə dəyişikliklər üçün
qüvvə görür, güclü dövlətin və
güclü, iradəli liderin varlığına ehtiyac
duyur" sərlövhəli müsahibəsində görkəmli
filosof milli ideyanın hədəflədiyi əsas vəzifələrə
toxunarkən haqlı olaraq demokratikləşmə və
iqtisadi inkişaf proseslərini bir-birindən ayrılmaz vəhdət
kimi səciyyələndirir: "Prezident İlham Əliyev elə
siyasət həyata keçirir ki, orada milli ideya özündə
həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi
və hərtərəfli iqtisadi inkişafı, dünya
birliyinə inteqrasiyanı, həm də milli ruhu və
özünəməxsusluğu qoruyub saxlamağı ehtiva
edir. Qloballaşma şəraitində bu, olduqca
vacib amildir. Hələ 2004-cü ildə
Prezident qeyd edirdi ki, "iqtisadi artım və cəmiyyətin
demokratikləşdirilməsi siyasətimizin əsas elementləridir,
bunların biri olmadan digəri mümkün deyildir. İqtisadi cəhətdən güclü olmaq olar,
lakin əgər demokratiya, şəffaflıq yoxdursa, insan
hüquqları qorunmursa, uğur gözləməyə dəyməz".
Bizim əsrimizdə gənc dövlətin
yaradılması və inkişafı olduqca çətin məsələdir.
Yalnız öz qüvvə və resurslarına
arxalanaraq müstəqil daxili və xarici siyasət
yürütmək isə müstəsna çətin məsələdir.
Bu məsələnin həllinə nail olan dövlət rəhbəri
həqiqətən milli liderdir. Prezident İlham
Əliyev müstəqilliyimizin iyirminci ilində ölkəyə
uğurla rəhbərlik edir və dövləti yeni
üfüqlərə, inkişafın keyfiyyətcə yeni səviyyəsinə
keçməyə doğru aparır".
İnkişafın dəyişməz
hədəfi
Təhlillər göstərir ki, milli ideya xalqın və
dövlətin tarixi inkişaf xüsusiyyətləri ilə
bağlı olaraq dəyişir, yeniləşir, təkmilləşir. Bu baxımdan
postkeçid dövrü mərhələsində Azərbaycan
xalqının milli ideyası təkcə modernləşmək
deyil, həm də elmi-intellektual və mədəni cəhətdən
yüksək dərəcədə inkişaf etməklə
yanaşı, milli identikliyini qoruyub saxlayan sosiuma çevrilməkdir.
Prezident İlham Əliyevin müstəqil Azərbaycanı
yaxın perspektivdə müasir və iqtisadi cəhətdən
inkişaf etmiş ölkəyə çevirmək istəyi
cəmiyyətin ümumi maraq və mənafeyi ilə tam şəkildə
cuğlaşaraq milli ideya səviyyəsinə yüksəlmişdir.
Dövlət başçısı bu məqsədi
lakonik şəkildə "Güclü dövlət -
yüksək rifah" tezisi ilə ifadə edir. Həmin məqsədin milli ideya səviyyəsinə
yüksəlməsi, ilk növbədə, Azərbaycanın
hazırkı iqtisadi inkişaf tempi və mövcud
resursları ilə şərtlənir.
Ümumilikdə,
cənab İlham Əliyevin Azərbaycanın modernləşməsi
ilə bağlı həyata keçirdiyi tədbirlərə
ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi
və bu potensialın kompleks şəkildə səmərəli
reallaşdırılması; qeyri-neft sektorunun inkişaf
etdirilməsi; hər bir regionun malik olduğu potensialdan tam və
səmərəli istifadə olunması, onların
inkişafının tarazlaşdırılması; çoxlu
sayda yeni iş yerlərinin açılmasına şərait
yaradılması; sahibkarlığın inkişaf etdirilməsi;
sosial xidmətlərin həcminin, keyfiyyətinin və
ünvanlılığının əhəmiyyətli dərəcədə
artırılması; yoxsulluğun azaldılması; yüksək
elmi-mədəni tərəqqinin təmini və s.
mühüm məsələləri şamil etmək olar.
2011-ci
ilin 9 ayında Azərbaycanın valyuta ehtiyatlarının 37
milyard dolları ötməsi, ümumilikdə son üç
ildə 32 milyarddan, hesabat dövründə isə 11 milyarddan
çox artması mühüm uğurlar
sırasındadır. Ümumilikdə, valyuta
ehtiyatlarının yüksək sürətlə
artımı ölkə iqtisadiyyatının mümkün
xarici böhran təsirlərinə qarşı həssaslığını
azaldan amillərdən biridir. Hesabat dövründə
neft hasilatının 3 milyon ton azalması ilə bağlı
ümumi daxili məhsulun artımı 0,5
faiz təşkil etsə də, qeyri-neft sektorunda qeydə
alınmış 8,2 faizlik artımı mühüm
makroiqtisadi göstərici kimi səciyyələndirmək
olar. Eyni zamanda, iqtisadiyyatın qeyri-neft sənayesində 9,2 faiz, kənd təsərrüfatında 7,6
faiz artım müşahidə olunmuşdur.
Ümumilikdə, 2011-ci ilin ötən dövrü ərzində
ölkə iqtisadiyyatının inkişaf dinamikası, əldə
edilmiş iqtisadi göstəricilər, artan real vergi
bazası, dövlət və icmal büdcələrin gəlir
proqnozunun yenidən hesablanması dövlət və icmal
büdcələrinə təsdiq edilmiş həcmdən
artıq vəsaitin daxil olmasına zəmin
yaratmışdır. Bununla əlaqədar hələ bu ilin
may-iyun aylarında Milli Məclisdə dövlət büdcəsinə
müəyyən əlavə və dəyişikliklər
edilmişdir. Ümumiyyətlə,
respublikamızın hər ilin ortalarında dövlət
büdcəsinə yenidən baxması, gəlir və xərcləri
artırması dinamik inkişaf göstəricisi kimi təqdirəlayiqdir.
Bu cür sürətli artıma və büdcə dəqiqləşdirmələrinə
dünyanın az ölkələrində
rast gəlinir. Azərbaycan hökuməti isə
ilk növbədə, şəffaflıq, ədalətlilik,
dürüstlük, sosial ədalət prinsipini rəhbər
tutaraq, habelə vətəndaşların rifah halının
davamlı şəkildə yüksəldilməsi məramını
qarşıya məqsəd qoyaraq bu təcrübədən məqsədyönlü
şəkildə bəhrələnir. Dövlət
büdcəsinə dəyişikliklərin edilməsi
hökumətin fəaliyyətinin effektivlik əmsalını
daha da artırır, qarşıya qoyulmuş məqsədlərin
realizəsinə yaxşı imkanlar açır.
"Azərbaycan Respublikasının 2012-ci il dövlət
büdcəsi haqqında" qanun layihəsi də
respublikadakı sürətli inkişafın bariz göstəricisidir. Layihədə göstərildiyi
kimi, 2012-ci ildə dövlət büdcəsinin gəlirləri
ümumi daxili məhsulun 37,8 faizini təşkil
edəcək və bu da 2011-ci ilə nisbətən xeyli
çoxdur. 2012-ci ilin dövlət büdcəsinin gəlirlərinin
ümumilikdə 16436,4 milyon manat
olacağı proqnozlaşdırılır. Bu, 2011-ci illə
müqayisədə 882,2 milyon manat və
ya 5,7 faiz, 2010-cu ilin faktiki icrasına nisbətən 5033,4
milyon manat, yaxud 44,1 faiz çoxdur. Dövlət büdcəsi
gəlirlərinin 12035,0 milyon manatı və
73,2 faizi neft, 4401,4 milyon manatı, yaxud 26,8 faizi qeyri-neft sektoru
üzrə daxilolmaların payına düşəcək.
Qarşıdakı ildə dövlət büdcəsinin xərcləri
16984,4 milyon manat
proqnozlaşdırılır və bu da 2011-ci ilə nisbətən
1043 milyon manat və ya 6,5 faiz çoxdur. Növbəti ildə
dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi
üçün 548 milyon manat həcmində vəsait nəzərdə
tutulmuşdur və bu da ÜDM-in 1,3 faizini
təşkil edir.
2012-ci ilin dövlət büdcəsi
sosialyönümlü siyasətin Azərbaycan
üçün yenə də prioritet məsələlərdən
biri olduğunu təsdiqləyir. Bu, həm də bazar
iqtisadiyyatı şəraitində vətəndaşların
sosial rifah halının yüksəldilməsi məsələsinə
necə böyük həssaslıqla
yanaşıldığının göstəricisidir. Ümumiyyətlə, iqtisadi nəzəriyyədən
məlumdur ki, dövlətin sosialyönümlü siyasəti
yalnız bazar münasibətlərinin və sahibkarlıq fəaliyyətinin
azadlığını saxlamaqla vəsait və ehtiyatların
düşüncəli sürətdə yenidən
bölüşdürülməsinə imkan verən yüksək
iqtisadi inkişaf vasitəsilə həyata keçirilə bilər.
Sosialyönümlü dövlətin əsasını
insan ləyaqəti, ədalət, məsuliyyət, fərdin
maddi statusunun kəskin fərqliliyini aradan qaldırmaq məqsədləri
təşkil edir. Bu, ictimai həyatı
humanistləşdirmək, cəmiyyətdə
qarşıdurmanın azalması, vətəndaş həmrəyliyinin
formalaşması, bütün sosial qrup və fərdlərin
mənəviyyatının artmasının labüd yoludur.
Qərbin sosial məsələlərə geniş yer
verən bir sıra ölkələrinin inkişaf təcrübəsi
bazar azadlığı və dövlətin iqtisadiyyata təsiri
arasındakı balansın nə qədər çətinliklə
əldə olunduğunu göstərir. Yüksək
sosial xərclərin təmin olunması bəzən vergilərin
qalxmasına gətirib çıxarır, bu isə istehsal sahələri
üçün maneə yaradır. Hökumət
belə hallarda sosial proqramları müvəqqəti
azaltmağa məcbur olur. Yəni, ən
inkişaf etmiş dövlətlərin təcrübəsində
də sosial-iqtisadi və mədəni hüquqların təmini
ilə bağlı böyük çətinliklər
yaranır.
Azərbaycanın milli inkişaf modeli isə elə
uzaqgörənliklə düşünülmüşdür
ki, dövlətin sosialyönümlü siyasəti azad bazar
iqtisadiyyatının tələbləri ilə kəskin
ziddiyyətlər doğurmur. 2012-ci ilin dövlət büdcəsində
sosialyönümlü xərclər üçün 4713,4 milyon manat vəsait
proqnozlaşdırılmışdır. Bu, 2011-ci ilə nisbətən
417,3 milyon manat və ya 9,7 faiz, 2010-cu illə
müqayisədə isə 1010 milyon manat və ya 27,3 faiz
çoxdur. Gələn il büdcə təşkilatlarında
çalışanların, müəllim və həkimlərin
məvaciblərinin əsaslı şəkildə
qaldırılması nəzərdə tutulur və bu da vətəndaşların
sosial rifahlarının yüksəldilməsi məqsədinə
xidmət edir.
Ümumilikdə,
sosialyönümlü iqtisadi siyasətin ən parlaq göstəricilərindən
biri də ötən 8 ildə 950 mindən artıq yeni iş
yerinin açılması, ciddi sosial bəla kimi
özünü göstərən işsizlik probleminin əhəmiyyətli
dərəcədə aradan qalxması, habelə
yoxsulluq həddinin 49 faizdən 11 faizə enməsidir. Gənc ailələrin mənzillə təmini
üçün ipoteka sisteminin yaradılması, eləcə
də dövlət büdcəsindən maliyyələşən
strukturlarda məvaciblərin mütəmadi olaraq
qaldırılması da bu istiqamətdə görülən
mühüm tədbirlər sırasındadır.
Proqnozlara görə, 2020-ci ildə Azərbaycanda
adambaşına düşən milli gəlir 10000 min dollara
yüksələcəkdir və bu da respublikamızın
inkişaf etmiş dövlətlər sırasına yüksəlməsinə
imkan verəcəkdir. Bununla paralel, vətəndaşların
rifah halı da ciddi şəkildə yüksələcəkdir,
çünki Azərbaycan dövlətinin sosial sahəyə
müdaxiləsi konsensus və kompromis fəlsəfəsinə
əsaslanır. Bazar iqtisadiyyatı prinsipləri
hər bir vətəndaşın ümumi sərvətlərdən
bəhrələnməsinə, cəmiyyətdə gedən
proseslərə inteqrasiyasına və fərdin bəhrələnmə
imkanlarının artırılmasına xidmət edir.
Azərbaycan
sərmayəçidən sərmayədar dövlətə
çevrilir
Müasir dövrdə dövlətlərin milli iqtisadi
inkişafının dünya iqtisadiyyatından təcrid
olunmuş halda həyata keçirilməsinin
qeyri-mümkünlüyü faktı xarici amillərin tam
ciddiliklə nəzərə alınmasını tələb
edir. Başqa sözlə, qapalı iqtisadi məkandan
dünya təsərrüfatına inteqrasiya edilməsi
artıq ümumbəşəri problemə
çevrilmişdir. Azərbaycanda da
iqtisadiyyata investisiyaların cəlb olunması məqsədilə
hökumət "açıq qapı" siyasəti həyata
keçirir. Xarici investisiyaların,
müasir texnologiyaların və avadanlıqların, idarəetmə
təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi
yolu ilə yüksək keyfiyyətli, rəqabətqabiliyyətli
məhsulların istehsal edilməsi dövlətin müəyyən
etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib
hissəsidir.
Respublikamızın müasir investisiya siyasətinin əsas
xüsusiyyəti isə Azərbaycan iqtisadiyyatının neftdən
asılılığının tamamilə azaldılması
və bu sahədən qazanılan gəlirlərin qeyri-neft
sektoruna yönəldilməsidir. Bunun üçün
biznes mühitinin liberallaşdırılması istiqamətində
davamlı tədbirlər həyata keçirilir. Sahibkarlıq fəaliyyəti subyektlərinin "bir
pəncərə" prinsipi üzrə qeydiyyatı,
birbaşa xarici investisiyalar axınının
liberallaşdırılması, dövlət xərclərində
prioritetlərin oriyentasiyasının yüksək iqtisadi səmərəni,
rentabelliyi təmin edən və gəlirlərin
bölgüsünü yaxşılaşdırmağa imkan
verən sahələrin xeyrinə dəyişməsi
mühüm dəyişikliklər olmuşdur. Bütün bunlar həm də təsərrüfatçılıq
subyektlərinin işinin və qeydiyyat sisteminin daha artıq dərəcədə
şəffaflığına, milli iqtisadiyyatın səmərəli
inkişafına şərait yaratmışdır.
2008-ci ildə
Dünya Bankının Azərbaycanı bir nömrəli
"İslahatçı ölkə" elan etməsi, 2009-cu
ildə Ümumdünya İqtisadi Forumunun Azərbaycanı rəqabətqabiliyyətliliyinə
görə bütün MDB ölkələrindən irəli
- dünyada 51-ci hesab etməsi də məhz əlverişli
biznes mühitinin nəticəsidir. 2011-ci ildə isə
"Moods İnvestors Servises" beynəlxalq reytinq agentliyi Azərbaycan
Respublikasının istiqrazlarına təyin etdiyi "Ba1"
reytinqini təsdiq edərək xarici valyuta üzrə
"Baa2" və yerli valyuta üzrə "A3" reytinqlərin
proqnozunu "sabit"dən "pozitiv"ə
qaldırılması barədə qərar qəbul
etmişdir.
Xüsusi vurğulamaq lazımdır ki, son illərdə
respublikanın maliyyə imkanlarının artması nəticəsində
istifadə edilmiş ümumi investisiyaların strukturunda əhəmiyyətli
dəyişiklik baş vermiş, daxli investisiyaların həcmi
xarici investisiyaların həcmini əhəmiyyətli dərəcədə
üstələmişdir. Bunun nəticəsidir ki, Azərbaycan
nəinki daxildə böyük sərmayə tələb edən
layihələri uğurla reallaşdırır, eyni zamanda,
Gürcüstan, Türkiyə, Moldova, Ukrayna ilə
yanaşı, İçveçrə kimi inkişaf etmiş
dövlətin iqtisadiyyatına sərmayə qoyur. Türkiyənin ən nəhəng sənaye
sütunu olan "Petkim"in və "Tekfen" Holdinqin səhmlərinin
böyük bir hissəsinin Azərbaycan hökuməti tərəfindən
alınması respublikamızın dünya sənayesində ən
tanınmış səhmdarlardan birinə çevrilməsinin
bariz nümunəsidir. Bütün bunlar həm
də Azərbaycanın inkişaf etmiş, qüdrətli
dövlətə çevrilməsi yönündə
atılan inamlı addımlardır.
İqtisadi
islahatlar kursuna ictimai dəstək
Azərbaycan Prezidenti İlham Əliyevin ötən 8 illik rəhbərliyi altında respublikamız elə inkişaf mərhələsinə çatmışdır ki, ölkə iqtidarı idarəetməni tamamilə yeni prinsip və metodlar üzərində qurmağa çalışır. Məhz bu cür demokratik tranzit prosesi ölkədə dövlətçilik ənənələrinin daha da möhkəmlənməsini, siyasi-intellektual elita ilə xalqın möhkəm mənəvi bağlılığını təmin edir. Eyni zamanda, milli ideyanın reallaşdırılması baxımından ən vacib olan hakimiyyət-xalq birliyi daha da möhkəmlənir. "Caspian" İnformasiya Mərkəzinin təşəbbüsü ilə Böyük Britaniyanın nüfuzlu "Populus Limited" şirkətinin bu il sentyabrın 10-dan 30-dək Azərbaycanda min respondent arasında keçirdiyi rəy sorğusunun nəticələri bunu bir daha təsdiqləyir. Sorğu nəticəsində respondentlərin 95 faizi Azərbaycan Prezidenti İlham Əliyevə tam etimad göstərdiklərini, 96 faizi isə onun siyasətini bəyəndiklərini vurğulamışlar. Mərkəzin direktoru G.Frost demişdir ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 79 faizi Azərbaycanda ümumi vəziyyəti təqdir edir, 70 faizi isə ölkə iqtisadiyyatının düzgün istiqamətdə irəlilədiyini düşünür. Bundan əlavə, respondentlərin 82 faizi son 10-15 il ərzində Azərbaycanın dünyadakı nüfuzunun artdığını, 54 faizi isə ölkədə həyat səviyyəsinin yaxşılaşdığını vurğulamışlar. Mərkəzin direktoru demişdir ki, müstəqil şəkildə aparılmış sorğunun nəticələrinə əsasən, ümumilikdə respondentlər Azərbaycanın təhlükəsiz, sabit, uğurla inkişaf edən, güclü bir ölkə olduğu fikrindədirlər.
Ümumilikdə, bu gün Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar ictimai şüurun daha da demokratikləşməsinə gətirib çıxarır, vətəndaş cəmiyyətinin bazisinin təşəkkülü mərhələsini başa çatdırmağa, "Güclü dövlət - yüksək rifah" konsepsiyasının şüurlu şəkildə başa düşülməsinə şərait yaradır. Bu siyasət eyni zamanda cəmiyyətin müxtəlif təbəqələrinin mənafelərinin daha etibarlı müdafiəsi, ictimai qüvvələrin tarazlığının qorunub saxlanılması, cəmiyyətə xas mülki, demokratik, özünüidarə meyillərinin adekvat realizə etmək imkanlarını genişləndirir.
Əlican BABAYEV,
Azərbaycan Dövlət İqtisad
Universitetinin
"İqtisadi nəzəriyyə-1"
kafedrasının müdiri,
iqtisad
elmləri doktoru, professor
Azərbaycan.- 2011.-2 dekabr.- S. 4.