Ustad
Ötən əsrin 50-60-cı illərində hər bir fikir, təşəbbüs asanlıqla həyata keçmirdi. Elə ilk nömrələrindən oxucuların sevimli qəzetinə çevrilən "Bakı" axşam qəzetini yaratmaq üçün nə qədər səy, əsaslandırıcı dəlil lazım idi. Azərbaycan mətbuatının liderlərindən biri Nəsir İmanquliyev çoxdan arzusunda olduğu "Bakı" şəhər qəzetini yaratmaq üçün Azərbaycan KP Mərkəzi Komitəsinə müraciət etmişdi. Mərkəzi Komitənin ideoloji işlər üzrə katibi, görkəmli ictimai-siyasi xadim, yazıçı Şıxəli Qurbanov bu ideyanı rəğbətlə qarşılamışdı. Ancaq qəzetin nəşrinə Moskva da razılıq verməli idi.
Nəsir müəllim Moskvadan cavab gözləyəndə onu Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinə sədrin müavini təyin etdilər. Yeni vəzifəyə təzəcə vərdiş etdiyi bir vaxtda Moskvadan arzuolunan cavab gəldi. Bakıda şəhər qəzetinin nəşrinə icazə verilmişdi. Bu xəbər Nəsir müəllimin böyük sevincinə səbəb oldu. Elə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika bölməsini yenicə bitirmiş biz məzunların da sevinci yerə-göyə sığmırdı. "Bakı" qəzetini yaratmaq Nəsir İmanquliyevə tapşırıldı. O, yeni vəzifəsindən, nisbətən yüksək maaşından keçib arzusunda olduğu qəzetin təşkili ilə məşğul olmağa başladı. Bakı Şəhər Partiya Komitəsinin (keçmiş Marinskaya Qız Gimnaziyasının) birinci mərtəbəsində redaksiya üçün geniş, işıqlı otaqları, hər cür şəraiti olan yer ayrıldı. Nəsir müəllim, ilk növbədə, kadr məsələsinə diqqət yetirirdi. O, məni də yanına çağırdı. Hansı şöbədə işləmək istədiyimi soruşdu. Mən sevincək dedim: - Əgər mümkünsə, ədəbiyyat və incəsənət şöbəsində. Nəsir müəllim gülümsünüb dedi: - Cabir Novruz şairdir. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Bizdə işləmək istəyir. Özü də ədəbiyyat şöbəsində. Ona söz vermişəm. Sən yerdə qalan şöbələrdən hansında işləmək istəyirsən, seç.
Mən maarif və mədəniyyət şöbəsini seçdim. Bu sahə mənə həm tanış, həm də maraqlı idi. Nəsir müəllim də seçimimi bəyəndi. Məni təbrik etdi.
1957-ci ilin dekabr ayı idi. Nəsir müəllim gələcək kadrlarını Mərkəzi Komitəyə -Şıxəli Qurbanovun yanına təsdiqə apardı. Həm sevinir, həm də həyəcan keçirirdik. Əvvəla ona görə ki, respublikamızda ana dilində yeni bir mətbuat orqanı yaradılırdı. İkincisi, bu qəzetin ilk əməkdaşları sırasında Azərbaycan Dövlət Universitetinin jurnalistika bölməsini yenicə bitirmiş biz gənclər də olacaqdıq.
Nəsir müəllim bizi
Şıxəli Qurbanova təqdim edib hər birimiz
haqqında məlumat verdi. Növbə mənə
çatanda dedi ki, Sabir universiteti
bir neçə aydır ki, bitirib. Amma işə düzələ
bilməyib. Ancaq o, bu
müddətdə boş
durmayıb. Azərbaycanın ilk maarifpərvər qadınlarını
üzə çıxarmaq
üçün axtarışlar
aparır, müəyyən
səbəblər üzündən
unudulmuş təhsil,
mədəniyyət xadimləri
haqqında silsilə tarixi oçerklər yazıb, mətbuatda çap etdirib. Ümidverən gəncdir...
Şıxəli Qurbanovun üzündə xoş bir təbəssüm
göründü. Təbiətən
zarafatçıl olan
bu şəxsiyyət
bir mənə, bir də Nəsir
müəllimə baxıb
dedi:
- Tələbəsi qadınlara
belə istiliklə yanaşır, amma müəllimi redaksiyaya bir nəfər də qadın işə götürməyib.
Araya xoş
bir gülüş düşdü. Nəsir müəllim də gülümsünüb dedi:
- Redaksiyamızda onlar da
olacaq...
1957-ci il dekabrın
25-də əmrimiz verildi.
Redaksiyanın ilk kollektivi yarandı.
Şıxəli müəllimin zarafatla dediyi irad da
nəzərə alındı. Qəzetdə qadın, qız səliqə-sahmanı da duyulmağa başladı.
Biz səmimi, mehriban bir ailənin
üzvləri olduq.
Mən ədəbi
işçi kimi işə başladım. Şöbəmizin müdiri istedadlı jurnalist, kəskin felyetonlar müəllifi, tərcüməçi Rəfail
Nağıyev idi.
Beş il
burada işlədim. Həmin beş
il gənclik illərimin ən məzmunlu, mənalı illəri olub. Kiçik həcmdə çıxan qəzet az vaxtda
böyük nüfuz qazandı. Biz burada
paytaxtın coşub-çağlayan
həyatına aid maraqlı
yazılar, informasiyalar
dərc edirdik.
Şöbəmizin ətrafında respublikanın
adlı-sanlı ziyalıları,
mədəniyyət və
incəsənət xadimləri,
aspirantlar, elmi işçilər toplanmışdı. Onların köməyi
ilə biz Bakının,
o cümlədən respublikamızın
zəngin mədəniyyət
tarixinə aid maraqlı
materiallar çap edib oxuculara çatdırırdıq.
Biz qəzetin geniş
əhali arasında yayılması, daha çox oxucu cəlb etmək üçün Nəsir müəllimin tapşırığı
ilə zavodlara, fabriklərə, təhsil
müəssisələrinə, elm və mədəniyyət
ocaqlarına gedir, söhbətlər aparır,
abunəçi toplayırdıq. Harada olurduqsa, əmək adamları, ziyalılar bizi gülərüzlə
qarşılayır, ana
dilimizdə "Bakı"
qəzetinin yaranmasına
sevinirdilər. Mən bu
görüşlərdə, söhbətlərdə fəhlələrin,
təhsil və mədəniyyət işçilərinin
milli duyğularının
güclü olduğunu
hiss edirdim.
Müəssisələrimizdə çalışan, mətbuatı
sevən onlarca ştatdankənar müxbirlərimiz
var idi. Onlar yenilikləri
həvəslə yazıb
bizə göndərirdilər.
İşimizdən mənəvi zövq
alır və qürur hissi keçirirdik. Bunun da səbəbi vardı.
Çünki üzərimizdə Nəsir İmanquliyev fenomeni, qayğıkeş
müəllim diqqəti
vardı. Bu xeyirxah insanın gözəl məziyyətləri
çox idi. O, işçilərinə yüksək
diqqət və qayğı ilə yanaşırdı. Hər birimizin
həyatı, taleyi ilə maraqlanır, kömək edirdi. Redaksiyaya cəlb etdiyi işçilərin əksəriyyəti
gənc idi, evə ehtiyacları vardı. Nəsir müəllim Bakı Şəhər Sovetinin sədri Əliş Lənbəranskiyə müraciət
edib işçiləri
üçün ev tikilməsini xahiş etmişdi. Ə.Lənbəranski Nəsir müəllimə
demişdi ki, bu, çox çətin bir işdir. Amma redaksiyada ehtiyacı
olanların siyahısını
verin, onları hazır olan mənzillərlə təmin
edək.
Çox keçmədi ki, redaksiyamızın əməkdaşlarına
mənzillər verildi. Mənə və
"Xəbərlər" şöbəsinin müdiri
Kazım Ələkbərova
isə ikiotaqlı mənzil verildi. O gün redaksiyamızda əsl toy-bayram idi. Sevincimiz yerə-göyə sığmırdı.
Nəsir müəllim çoxlarına
atalıq qayğısı
göstərmişdi. Xeyir işlərində
himayədarlıq etmiş,
dərd-sərinə yardımçı
olmuşdur.
Biz ondan nə öyrənmişdik? Hər şeydən əvvəl
görərik ki, peşəkar jurnalist kimi yetişməyimizdə,
mənəvi keyfiyyətlərimizin
formalaşmasında bu
nadir şəxsiyyətin böyük
rolu olmuşdur.
O, istər auditoriyada,
istərsə də ictimai həyatda əsl müəllim idi. Yerişi, rəftarı, səmimiyyəti,
ürəyinin genişliyi,
saflığı ilə
əsl müəllim idi. Onun yetirmələri mənəviyyatca sağlam,
əqidəcə möhkəm
həyat məktəbi
keçiblər. Düzgünlük, ədalətlilik, işgüzarlıq,
insanpərvərlik, alicənablıq
bu məktəbin həyat və əməl devizi idi. O özünə
də, bizə də tələbkar idi. İşdə nizam-intizam, səliqə-sahman
olmasını istəyirdi.
Bəzən sərt də
olurdu. Amma səsini qaldırmazdı.
İradını təmkinlə, incə
yumorla bildirərdi.
Ümumiyyətlə, Nəsir müəllim işindən
zövq alan,
bəzən saatlarla masa arxasında yorulmadan çalışan
iradəli, zəhmətkeş
bir insan idi. 10-14 saat
oturub işləmək
qabiliyyətinə malik
idi. Halbuki belə hövsələ,
işgüzarlıq hər
adamda olmur. Bu təcrübə məktəbi onun yetirmələrinə öz
peşəsinin vurğunu
olan, mənən sağlam, əqidəli publisistlər və mətbuat işçiləri
olmağı öyrətmişdir.
Nəsir müəllim tələbələrini çox istəyirdi. Vaxtı imkan verəndə onların tədbirlərində iştirak edirdi. 1982-ci ildə universiteti bitirməyimizin 25 illiyini qeyd edəndə Nəsir müəllim də bizimlə idi. O, həmin unudulmaz gecədə hərarətlə çıxış etdi, uğurlarımıza sevindiyini bildirdi, tövsiyələrini verdi...
Nəsir müəllimin mənzilində
zəngin bir kitabxana vardı. Burada toplanmış
kitabların çoxunu
ona böyük ehtiramı olan ziyalılar, alimlər, ilk
yazıları işıq
üzü görmüş
gənclər hədiyyə
etmişdilər. Həmin
kitablarda yazılmış
avtoqrafları oxuyanda düşünürsən ki,
Nəsir müəllimə
həqiqətən də
çox böyük
el məhəbbəti olub!
Nəsir
İmanquliyevin ətrafına
topladığı işçilər
mehriban, səmimi, işgüzar bir ailənin üzvləri idilər. Əhməd
Rəşidov, Adil Cavadlı, Kazım Ələkbərov, Qeybulla
Rəsulov, Çingiz
Ələkbərov, Cəmşid
Əmirov, Şakir Abdullayev, Rəfail Nağıyev, Səfər
Məmmədov, Şamil
Şahməmmədov, Cabir
Novruz, Şükufə
Tağızadə, İsmayıl
Kərimov, Şaban Şabanov, Arif Ələsgərov və sonralar redaksiyada işləməyə başlayan
əməkdaşların hər
birinin öz fərdi xüsusiyyətləri,
dünyagörüşləri və zövqləri olsa da, hamısı
bu ailədə bir amala, bir
məqsədə qulluq
edirdi. Hər biri də
"Bakı" qəzetində
peşəkar jurnalist
və mətbuat işçisi səviyyəsinə
qalxmışdı.
Sabir GƏNCƏLİ,
tarix elmləri doktoru,
professor
Azərbaycan.- 2011.- 2 dekabr.- S. 6.