Peşəkar neftçi, yaradıcı mühəndis, istedadlı alim

 

Yaşasaydı bu gün məşhur neft ustası, ixtiraçı-alim, sovetlər dönəmində Lenin və Azərbaycan SSR Dövlət mükafatı laureatları adını almış texnika elmləri doktoru, professor, respublikanın fəxri neftçisi Bəhmən Əbiş oğlu Hacıyevin 85 yaşı tamam olardı.

Bəhmən Hacıyev Azərbaycanda, eləcə də keçmiş İttifaqın neft rayonlarında çalışan həmkarları arasında neft sənayesinin və elminin fədailərindən biri kimi tanınırdı. O, zəkalı, əməksevər, prinsipial və nəcib bir insan idi. Zəngin biliyi və təcrübəsi, ekstremal şəraitdə düzgün qərar qəbul etməsi, daim yeniliyə can atması ona böyük şöhrət qazandırmışdı. Bununla yanaşı, o, tələbkar olduğu qədər də diqqətcil və qayğıkeş rəhbər idi. Onun üçün ən böyük sərvət tabeliyindəki insanlar - neftçi həmkarları idi və Bəhmən Hacıyev onların əmək və məişət şəraitinin yaxşılaşdırılmasını özünün başlıca vəzifəsi bilirdi.

Çətin, şərəfli və mənalı bir həyat yolu keçmiş B.Hacıyev ömrünün 27 ilini Neft Daşlarına sərf etmiş, möhkəm iradəsi və cəsarəti ilə əfsanəvi dəniz şəhərində çalışanlara örnək olmuşdu. O, novator işçi və əsl dəniz adamı idi. Həyatının mənasını xalqa xidmətdə gördüyü üçün hələ sağlığından özünə əbədiyaşarlıq qazanmışdı.

Bəhmən Hacıyev 1926-cı il dekabr ayının 2-də Sisyan rayonunun Qızıl Şəfəq kəndində anadan olmuşdu. 1939-cu ildə orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Bakıya gəlmiş, Sabunçu rayonundakı 148 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdi. Əmək fəaliyyətinə buranı bitirdikdən sonra - 1943-cü ildə "Əzizbəyovneft" trestinin (indiki H.Z.Tağıyev adına NQÇİ) ikinci mədənində operator köməkçisi kimi başlamışdı. 1945-ci ildə istehsalatdan ayrılmadan Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olmuş, burada 1950-ci ildə neftqaz yataqlarının işlənməsi üzrə dağ mühəndisi ixtisasına yiyələnmişdi.

Gənc mütəxəssis 1950-ci ildən "Bibiheybətneft" trestinin 6-cı mədənində neftqaz hasilatı üzrə usta işləmiş, bir il sonra işini "Gürganneft" trestinin 2-ci mədənində eyni vəzifədə davam etdirmiş, daha sonra həmin mədənin böyük mühəndisi təyin olunmuşdu. 1953-cü ildən 1960-cı ilədək isə "Gürganneft" trestinin baş mühəndisi vəzifəsində çalışmışdır. 1960-cı ildə həmin trest Sov.İKP-nin XXII qurultayı adına Neft və Qazçıxarma İdarəsinə çevrilmiş və Bəhmən Hacıyev 1962-ci ilədək idarənin baş mühəndisi, 1977-ci ilədək rəisi olmuşdur.

Bəhmənlə ilk tanışlığımız 1954-cü ildə Neft Daşlarında oldu. Tale elə gətirdi ki, mən təzə təşkil olunmuş "Dənizneft" Birliyinin aparatından Neft Daşlarına göndərildim və 1-ci mədənin böyük geoloqu vəzifəsində işləməyə başladım. Mədənin müdiri Bəxtiyar Məmmədov idi. "Neft Daşları" cavan yataq olduğundan burada yeniliklərin tətbiqinə geniş imkan var idi. Elə həmin il "Neft Daşları" yatağında dünyada ilk dəfə olaraq laylara su vurulması prosesinə başlandı. Bütün texniki məsələlərin həllinə trestin baş mühəndisi Bəhmən Hacıyev nəzarət edirdi. Neft Daşlarının çox qaynar bir dövrü idi. Bəhmənlə aramızda işgüzar münasibətlər yaranmışdı. Hər bir məsələni xırda detallarına kimi müzakirə edir və birlikdə qərar çıxarırdıq.

Açıq dənizdə yerləşən "Neft Daşları" kimi qeyri-adi yataqda 50-ci illərin sonu - 60-cı illərin əvvəllərində qapalı istismar sisteminin yaradılması da Bəhmən Hacıyevin xidmətlərindən biridir. Neft sənayesində belə addımlar köklü dəyişikliklər deməkdir. Dəniz neftçiləri çətin şəraitdə Bəhmən Hacıyevin rəhbərliyi ilə neftqaz yataqlarının istismarında əsl qəhrəmanlıq nümunəsi göstərir, on kilometrlərlə uzanan estakadalar qurur, yeni fikirlər, ixtiralar, səmərələşdirici təkliflər irəli sürərək dənizdə əfsanəvi şəhər salırdılar.

Böyük kollektivin əməyinin, çəkdiyi zəhmətin nəticəsi, əlbəttə ki, çıxarılan neftin həcmi ilə ölçülürdü. Ona görə də Bəhmən Hacıyev neftin çıxarılması ilə yanaşı,  onun qorunması, saxlanılması və itkisiz daşınması məsələlərinə ciddi diqqət yetirirdi. O vaxt neft sahilə tankerlərlə gətirilirdi və sutkada 22 min ton yanacağın belə uzaq məsafəyə dənizlə hər cür hava şəraitində - fırtınada, qasırğada daşınması nəqliyyatın hərəkəti üçün çətinliklər yaradırdı. Neft Daşlarının tarixində bu məsələ ilə də ilk dəfə Bəhmən Hacıyev məşğul oldu. O, SSRİ neft sənayesi naziri Valentin Dmitriyeviç Şaşinin Neft Daşlarına gəlməsindən istifadə edərək, neftin boru kəməri ilə nəqli ideyasını irəli sürdü. Nazir bu təşəbbüsü bəyəndi. Beləliklə də neftçiləri uzun illər narahat edən, onlara əziyyət verən bir problemin həlli yolu tapıldı. Bacarıqlı neft təşkilatçıları Sabit OrucovunQurban Abbasovun rəhbərliyi altında bu ideya əsasında Neft Daşlarından Abşeron yarımadasının Dübəndi məntəqəsinə neft kəməri çəkildi. Bu işin gedişində Bəhmən Hacıyevin neçə-neçə səmərələşdirici təklifi, ixtirası həyata vəsiqə aldı və öz bəhrəsini verdi. Qeyd edim ki, neftin yığılması üçün iriləşdirilmiş məntəqələrin yaradılması da onun adı ilə bağlıdır.

Bəhmən müəllim mütəxəssislərlə həmişə fikir mübadiləsi aparır, yeni ideyaların, səmərələşdirici təkliflərin meydana gəlməsinə şərait yaradır, yol açırdı. Onun üçün xırda, yaxud böyük məsələ yox idi - ən əsas cəhət elmi izah və əsaslandırma idi.

Bəhmən Hacıyev 1959-cu ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olundu. 1960-cı ilin may ayında isə "Azərbaycan SSR-in neft ustası" fəxri adına layiq görüldü. 1961-ci il aprel ayının 22-də SSRİ Elm Texnika Komitəsinin qərarı ilə bir qrup mütəxəssis Lenin mükafatına layiq görüldü. Onlardan biri Bəhmən Hacıyev idi.

Həmin illərdə o, artıq məhsuldar bir alim kimi yetişmişdi. 1961-ci ildə "Dənizdə neft yataqlarının işlənilməsi istismarı məsələləri" ("Neft Daşları" timsalında) mövzusunda dissertasiya işini müdafiə edən B.Hacıyevə texnika elmləri namizədi alimlik dərəcəsi verilmişdi. Dəniz neftçiləri yaxşı bilirlər ki, Neft Daşlarında quyuların maili istiqamətdə küt qazılması, maili qazmanın köməyi ilə bir nöqtədən iki quyunun qazılması üsulları Bəhmən Hacıyevin rəhbərliyi bilavasitə iştirakı ilə tətbiq olunmuşdur.

Bəhmən Hacıyevin rəhbər işçi kimi təşkilatçılıq qabiliyyəti Neft Daşlarında özünü daha qabarıq göstərdi ona böyük şöhrət qazandırdı. Azərbaycan KP-nin 1964-cü ildə keçirilmiş XXIV qurultayında o, təftiş komissiyasının üzvü seçildi, 1965-ci ildə Almaniya Demokratik Respublikasının fəxri Qızıl diplomuna layiq görüldü, həmin ilin sentyabrında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Lenin ordeni aldı. Azərbaycan KP-nin növbəti qurultayında isə MK üzvü seçildi. 1966-cı ildə SSRİ Neft Nazirliyi tərəfindən "SSRİ neft sənayesinin əlaçısı", 1970-ci ildə Azərbaycan neft sənayesinin inkişafındakı xidmətlərinə görə "Fəxri neftçi" adına layiq görüldü. Dənizdəki neft yataqlarının işlənilməsində istismarında xidmətlərinə görə 1971-ci ildə Bəhmən Hacıyev ikinci dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olundu. Dərin maili quyuların qazılması texnologiyasının işlənib hazırlanmasına bu üsulun dəniz neft-qaz yataqlarında geniş tətbiqinə görə B.Hacıyev 1972-ci ildə Azərbaycan SSR Dövlət mükafatına, "Neft Daşları" yatağının işlənməsinin 25 illiyi ilə əlaqədar olaraq 1975-ci ildə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görüldü. Ötən əsrin 70-ci illərində o, Azərbaycan SSR Ali Sovetinin deputatı Respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdu. Həmin dövrdə layiq görüldüyü mükafatların sırasına "Oktyabr inqilabı" ordeni əlavə edilmişdi.

Bütün bu illər ərzində Bəhmən müəllim istehsalatda istedadlı təşkilatçı püxtələşmiş rəhbər kimi tanınmışdı. Respublika rəhbərliyi bunları nəzərə alaraq, 1977-ci ilin mart ayında onu "Azneft" İB-nin baş direktoru vəzifəsinə təyin etdi. Bu vəzifədə o, geniş fəaliyyəti ilə bir çox dəyişikliklərə nail oldu. Belə ki, axtarış-kəşfiyyat işləri canlandı, onun rəhbərliyi ilə Azərbaycanda Gürcüstanda neft-qaz yataqlarının axtarış kəşfiyyatının kompleks layihələri (1979-1980, 1981-1985-ci illər) hazırlanıb SSRİ Neft Sənayesi Nazirliyində təsdiq olundu. Nəticədə Cəfərli, Kəlaməddin, Tərsdəllər yataqları kəşf edildi, Muradxanlıda neft sahəsi genişləndi, bir sıra infrastrukturlar - mərkəzdənqaçma ştanqlı quyu nasoslarının, müxtəlif tipli elektrik mühərriklərinin ixtisaslaşdırılmış təmir bazaları s. yaradıldı.

1984-cü ildə Bəhmən Hacıyev o vaxtkı Zaqafqaziya Ümumittifaq Təhlükəsizlik Texnikası İnstitutunun direktoru təyin olundu. Burada onun rəhbərliyi ilə dünyada analoqu olmayan buruqların yeni təhlükəsiz sınaq üsulu, 50-yə yaxın normativ sənəd, təhlükəsiz texnologiya, təhlükəli qazların sızmasına yol verməmək məqsədilə boru kəmərlərində çənlərdə nasaz yerlərin təyin olunması üçün aerozolun tətbiqi  s. kimi yeniliklərin işlənib hazırlanması başa çatdırıldı. "Tengiz" (Qazaxıstan) yatağının kükürd-hidrogen tərkibli digər neftli yataqların işlənməsi ilə bağlı təhlükəsiz texnologiya təklif olundu.

İstedadlı alim özünün dərin mədən-istehsalat təcrübəsinə, zəngin biliyinə arxalanaraq ona müvəffəqiyyətlər qazandırmış elmi araşdırmalarını da uğurla davam etdirirdi. 1990-cı ildə B.Hacıyev doktorluq dissertasiyasını müdafiə etditexnika elmləri doktoru alimlik dərəcəsi adını aldı. Onun 105 elmi əsəri və 50-dən çox ixtirası vardır. Həmin əsər və ixtiralar 1963-cü ildən başlayaraq Bəhmən müəllimin bütün həyatını, neft işində danılmaz xidmətlərini göz önündə bir epopeya kimi canlandırır.

Bir insan kimi o, səmimi və tələbkar idi, gənclərə nümunə və etimad göstərirdi. İstehsalatelmi fəaliyyəti ilə yanaşı, pedaqoji işlə də uğurla məşğul olurdu. Bəhmən müəllim uzun müddət Azərbaycan Neft Akademiyasında dərs demiş, neft-mədən ixtisası üzrə dövlət imtahan komissiyasının sədri olmuş, 1991-ci ildə ona professor elmi adı verilmiş, 1996-cı ildə Yusif Məmmədəliyev adına mükafata layiq görülmüşdür.

Həyatının son illərində Azərbaycan Dövlət Neft-Qaz Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunda çalışan Bəhmən müəllim burada da axtarış və araşdırmalarını davam etdirmiş, Vətənə sədaqətlə xidmət etmişdir.

Bəhmən Hacıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur.

Məşhur neftçi-alim, gözəl insan, neft sənayesinin inkişafında müstəsna rolu olan yaradıcı mühəndis və istedadlı ixtiraçı Bəhmən Hacıyev xalqımızın, Azərbaycan neftçilərinin və onunla birlikdə çalışanların qəlbində daim yaşayacaqdır.

 

 Xoşbəxt YUSİFZADƏ,

 

Azərbaycan Respublikası Dövlət

Neft Şirkətinin birinci vitse-prezidenti,

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki

 

Azərbaycan.- 2011.- 2 dekabr.- S.  6.