Kiyevdə Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının II Ümumukrayna forumu keçirilir

 

 Dekabrın 1-də "Ukrayna evinin" böyük zalında Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) II Ümumukrayna forumu işə başlamışdır. Tədbir Azərbaycanın Kiyevdəki səfirliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK), Xaricdə təhsil alan və təhsil almış azərbaycanlı tələbələrin və məzunların beynəlxalq forumunun (ASAİF) təşkilati dəstəyi ilə keçirilir.

Ukraynada yaşayan azərbaycanlı gəncləri öz sıralarında birləşdirən, Azərbaycanın qədim ənənələrini, zəngin mədəniyyətini və müasir gerçəkliklərini təbliğ edən UAGİ strateji tərəfdaşlar - Azərbaycan və Ukrayna arasında tarixi dostluq və qardaşlıq münasibətlərini daha da inkişaf etdirməyi və dərinləşdirməyi qarşısına məqsəd qoymuşdur.

İki ölkənin dövlət himnləri səsləndirildikdən sonra forumu giriş sözü ilə UAGİ-nin rəhbəri Anar Tahirov açmışdır. O, başçılıq etdiyiöz sıralarında yeddi min nəfərdən çox üzvü birləşdirən ictimai təşkilatın çoxtərəfli fəaliyyətindən danışmışdır. Sonra forumun iştirakçılarına Ukraynadakı gənc həmyerlilərimizin müxtəlif aksiyaları barədə videoçarx nümayiş etdirilmişdir.

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli forumun nümayəndələrini və qonaqlarını səmimi salamlamışdır. O qeyd etmişdir ki, Prezident İlham Əliyev gənclərə xüsusi diqqət yetirir. Azərbaycanda Dövlət gənclər proqramı müvəffəqiyyətlə həyata keçirilir, Heydər Əliyev Fondu istedadlı gənclərə böyük dəstək verir. Səfir  həmçinin qeyd etmişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi Rusiya Azərbaycan Gənclər Təşkilatının (RAGT) uğurlu fəaliyyəti gənc həmvətənlərimiz üçün gözəl nümunədir.

Sonra RAGT İcraiyyə Komitəsinin üzvü Emin Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-nin sədri Leyla Əliyevanın forumun təşkilatçılarına və iştirakçılarına təbrikini oxumuşdur.

Ali Radanın deputatı, "Gənc regionlar" Ümumukrayna ictimai təşkilatının sədri Andrey Pinçuk, Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Həsən Məmmədzadə, Milli Məclisin deputatı Ceyhun Osmanlı, respublikanın gənclər və idman nazirinin müavini İntiqam Babayev, ASAIF-in sədri Orxan Əkbərov və başqaları gənc həmvətənlərimizə səmimi arzularını bildirmiş, müvəffəqiyyətlər arzulamışlar.

Sonra UAGİ-nin regional təşkilatlarının rəhbərləri görülmüş işlər barədə hesabatla çıxış etmişlər.

Forumun rəsmi hissəsindən sonra gənclərə dair müxtəlif mövzular üzrə panel bölmələr işə başlamışdır.

Forum iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə və Ukrayna Prezidenti Viktor Yanukoviçə müraciətlər qəbul etmişlər.

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Kiyev

 

Azərbaycan.- 2011.- 2 dekabr.- S.  6.