Minsk qrupunun həmsədrləri: Sülh razılaşması bütün qaçqın və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə dönməsi hüququnu özündə ehtiva etməlidir

 

 Regiona növbəti səfərini yekunlaşdırmış ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaymışlar.

ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, həmsədrlər İqor Popov (Rusiya), Bernard Fasye (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik noyabrın 28-dən 30-dək Yerevan və Bakıda səfərdə olmuş, prezidentlər İlham ƏliyevSerj Sarkisyanla, eləcə də hər iki ölkənin xarici işlər və müdafiə nazirləri ilə görüşmüşlər. Fransalı həmsədr Bernar Fasyeni yaxınlarda əvəz edəcək səfir Jak For da səfər müddətində nümayəndə heyətinin tərkibində olmuşdur.

Bəyanatda qeyd edilir ki, keçirilmiş bütün görüşlərdə həmsədrlər tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həllinə yardım üçün öz ölkələrinin götürdüyü ciddi səyləri vurğulamışlar.

Qoşunların təmas xəttində baş vermiş insidentlərlə bağlı ən yeni xəbərləri qeyd edərək həmsədrlər dövlət başçılarına 1994-cü ildə bağlanmış atəşkəs sazişinə riayət olunmasının əhəmiyyətini bir daha çatdırmışlar. Onlar bildirmişlər ki, bu kimi hallar prezidentlərin prinsip etibarilə razılıq verdiyi və cəbhə xətti boyunca insidentlərin araşdırılması üçün təklif olunmuş mexanizmin həyata keçirilməsinin vacibliyini nümayiş etdirir. Həmsədrlər, həmçinin insanlar arasında etimadın gücləndirilməsi və ibadət yerləri, mədəniyyət abidələri və qəbiristanlıqların qorunmasının gücləndirilməsi üçün əlavə tədbirləri müzakirə etmişlər.

Noyabrın 29-da qoşunların təmas xəttini piyada keçən həmsədrlər hər iki tərəfdə yerli rəsmilərlə görüşərək cəbhə bölgəsində vəziyyəti müzakirə etmişlər. Həmsədrlər noyabrın 30-da Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşmüş və vurğulamışlar ki, sülh razılaşması bütün qaçqın və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə dönməsi hüququnu özündə ehtiva etməlidir.

Dekabrın əvvəlində ATƏT-in Nazirlər Şurasının Vilnüsdə keçiriləcək toplantısı ərəfəsində həmsədrlər tərəfləri bu imkandan yaralanaraq, münaqişənin sülh yolu ilə həlli və qəbuledilməz status-kvo çərçivəsindən çıxmaq üçün səylərini gücləndirməyə çağırmışdır.

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Vyana

 

Azərbaycan.- 2011.- 2 dekabr.- S.  7.