MDB-nin iştirakçısı olan dövlətlərin IV Bakı Beynəlxalq Bank Konfransı öz işinə başlamışdır

 

 Dekabrın 1-də Azərbaycanda MDB-nin iştirakçısı olan dövlətlərin "MDB-nin maliyyə bazarları: qlobal qeyri-sabitlik şəraitində sabit inkişaf yolları" mövzusunda IV Bakı Beynəlxalq Bank Konfransı öz işinə başlamışdır.

Tədbir MDB İcraiyyə Komitəsinin illik dəstəyi ilə MDB-nin Maliyyə-Bank Şurası və Azərbaycan Beynəlxalq Bankı tərəfindən keçirilir.

Konfransda MDB-nin Maliyyə-Bank Şurasının birinci vitse-prezidenti, Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin sədri Cahangir Hacıyev tədbiri açaraq məlumat vermişdir ki, bu tədbir artıq 4-cü dəfədir ki, keçirilir. Konfransda əsasən maliyyə-bank sistemlərinin inteqrasiyası, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaqdır. İkigünlük konfrans işini 3 plenar iclasla davam etdirəcəkdir.

MDB-nin Maliyyə-Bank Şurasının prezidenti A.Kostin, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti A.Şoxin, Rusiya Mərkəzi Bankı sədrinin müavini S.Şveçov və başqaları çıxış edərək bildirmişlər ki, konfransın formatı  aktual məsələlərin müzakirəsi və onlara dair birgə qərar qəbul edilməsi üçün münasibdir. Burada əsas müzakirə mövzularından biri də MDB məkanında bank sistemlərində likvidliyin dəstəklənməsi və artırılması mexanizmlərinin hazırlanmasıdır.

Konfrans plenar diskussiyalarla davam etmişdir. Diskussiyalarda "Dünyanın artan maliyyə-borc böhranı: səbəblər, nəticələr, MDB ölkələrində maliyyə-bank sistemlərinin sabit inkişafı yolları", "2020-ci ilədək Birlik dövlətlərinin bank inkişaf strategiyasının hazırlanması zərurəti ortamüddətli perspektivdə - 2020-ci ilədək MDB-nin bank sisteminin inkişaf proqnozu", "Xəzəryanı regionda investisiya potensialından istifadə problemləri səmərəli nəqliyyat infrastrukturunun inkişafı - Xəzəryanı dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişafı" s. mövzularda məruzələr dinlənilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Tədbir çərçivəsində "İnvestisiya mələyi" Beynəlxalq İnvestisiya Mükafatının səyyar sessiyası keçirilmişdir. Mükafatın təsisçisi Beynəlxalq Kreditorlar Təşkilatıdır (World Organization of Creditors). Təntənəli təltifetmə mərasimində "MDB-nin ən dinamik inkişaf edən subyekti" "MDB-nin ən dinamik inkişaf edən bankı" nominasiyalarında laureatlara qiymətli mükafatlar təqdim edilmişdir.

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 2 dekabr.- S. 7.