«Azərbaycan nağılları»nı ingilisdillilər də oxuyacaqlar

 

 Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Türkiyədə ingilis dilində nəfis şəkildə nəşr olunan "Azərbaycan nağılları"nın və eyni adlı diskin təqdimolunma mərasimi keçirilib.

Dünya ədəbi nümunələrinin   müxtəlif dillərə çevrilməsi mədəni həyatda əlamətdar hadisə hesab edilir. Azərbaycan ədəbiyyatının ayrı-ayrı bölmələrinin, o cümlədən folklor nümunələrinin də  avropalıların dilinə çevrilməsi istiqamətində son illər  bir çox layihələr həyata keçirilir ki, bunda da Heydər Əliyev Fondunun  göstərdiyi təşəbbüs mühüm rol oynayır. Belə layihələrin reallaşması, yalnız Azərbaycan xalqının maddi və mənəvi  sərvətlərinin qorunub saxlanması deyil, həmçinin dünya mədəniyyətinə qovuşması və təbliği deməkdir.

Layihə rəhbəri Leyla Əfəndiyeva, rəsmlərin müəllifi xalq rəssamı Arif Hüseynov olan "Azərbaycan nağılları" kitabının təqdimolunma mərasimində mədəniyyət nazirinin müavini Vaqif Əliyev  xalqımıza məxsus ədəbi nümunələrin, xüsusən də, folklorun ingilisdilli oxuculara çatdırılmasının əhəmiyyətini qeyd edib.

Üz qabığı dəri məmulatından hazırlanmış kitabda Azərbaycan xalqına məxsus 72 nağıl və 40 illüstrasiya toplanıb. Kitabı ingilis dilinə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin xarici dillər kafedrasının baş müəllimi, tərcüməçi Səadət İbrahimova  çevirib.

Yenicə işıq üzü görməsinə baxmayaraq, "Azərbaycan nağılları" İstanbulFrankfurtda keçirilən kitab sərgisində nümayiş olunub və yüksək dəyərləndirilib. Onu da xatırlatmaq yerinə düşərdi ki, kitab satış üçün deyil, respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirlikləri vasitəsilə diplomatik korpuslara hədiyyə olunacaq.

 

Azərbaycan.- 2011.- 2 dekabr.- S.  8.