Ədəbi və
musiqili səyahət
Azərbaycanın müstəqilliyinin 20 illiyinin beynəlxalq aləmdə də qeyd edilməsi onun inkişafının və Avropaya inteqrasiyasının göstəricilərindəndir. Son vaxtlar bu istiqamətdə həyata keçirilən tədbirlər silsilə xarakteri daşıyır. Almaniyanın Blankenheim şəhərində fəaliyyət göstərən "Alte Kanzlay" cəmiyyətinin təşəbbüsü ilə 300 illik tarixi olan qəsrin konsert salonunda Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr edilmiş "Azərbaycana ədəbi və musiqili səyahət" adlı tədbir keçirilib. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və Almaniya-Azərbaycan Forumunun birgə əməkdaşlığı ilə təşkil edilmiş gecədə adıçəkilən cəmiyyətin sədri Frider Füllers, təşkilatın üzvü Volker Klayn çıxış ediblər. AAKM-in direktoru Samira Patzer-İsmayılova ölkəmiz haqqında ətraflı məlumat verib.
Gecənin musiqili hissəsində Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov və T.Quliyevin əsərləri səsləndirilib. Dahi Nizami Gəncəvinin, Rəsul Rzanın və Mirvarid Dilbazinin əsərlərinə bəstələnmiş mahnı və ariyaları opera müğənnisi, maestro-soprano Silke Hartsang Azərbaycan dilində məharətlə ifa edib. Köln Ali Musiqi Məktəbinin dosenti Elnarə İsmayılovanın fortepianoda solo çıxışı xüsusilə yaddaqalan və alqışlara səbəb olub.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2011.- 2 dekabr.- S. 8.