Gender əsaslı məişət zorakılığı ilə bağlı seminar keçirilir

 

 Dekabrın 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və UNESCO-nun Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Gender əsaslı məişət zorakılığının aradan qaldırılması məqsədi ilə cəmiyyətin maarifləndirilməsində KİV-lərin rolu" mövzusunda treninq-seminar keçirilmişdir.

Tədbiri açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müzakirə olunan məsələnin aktuallığını və problemin aradan qaldırılmasında KİV-lərin rolunun əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, Azərbaycanda fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti azadlığının təməli hesab olunur. Bu, bir daha sübut edir ki, Azərbaycan yüksək inkişaf etmiş, ümumbəşəri dəyərlərə, prinsiplərə sadiq, gender baxımından qadınların peşə seçimində heç bir maneə olmayan ölkədir.

Komitə sədri təəssüflə qeyd etmişdir ki, respublikamızda hələ də gender əsaslı müəyyən problemlər aktuallığını saxlamaqdadır. Belə ciddi problemlərdən biri gender əsaslı məişət zorakılığının aradan qaldırılması ilə bağlıdır. Məhz bu istiqamətdə komitə tərəfindən məişət zorakılığı ilə bağlı müxtəlif səviyyələrdə geniş fikir mübadiləsi, debatlar təşkil edilir. Bu problemə KİV-lərin də diqqəti xüsusilə önəmlidir və məişət zorakılığının qarşısının alınmasında medianın apara biləcəyi maarifləndirmə işini heç bir digər sosial institut apara bilməz. Treninq-seminar bu sahədə qarşıda duran vəzifələrin həlli istiqamətində fikir mübadiləsinin aparılmasına xidmət edir.

UNESCO-nun Moskva ofisinin rəhbəri Dendev Badarç tədbirin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmış və bu sahəni işıqlandıran KİV nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirmişdir. O, bu istiqamətdə UNESCO xətti ilə də bir sıra tədbirlərin görüldüyünü, tədqiqatlar aparıldığını, problemin səbəblərinin araşdırılması və onun qarşısının alınması üçün yeni strategiya hazırlandığını söyləmişdir. 

Milli TeleviziyaRadio Şurasının üzvü Sona Vəliyeva müzakirəyə çıxarılan məsələnin vacibliyini önə çəkərək bildirmişdir ki, Azərbaycan dövləti milli-mənəvi dəyərlərə böyük əhəmiyyət verirbunu öz dövlət siyasətinin prioritet vəzifəsi hesab edir. Bu baxımdan Azərbaycan ailəsinin qloballaşan dünya ailə modelində özünəməxsus yeri vardır. Gender bərabərliyini və məişətdə baş verən neqativ halları insanlara çatdıran KİV-lərdir. Odur ki, məişət zorakılığı haqqında yazarkən jurnalistlər ehtiyatlı olmalı, bu məsələyə həssaslıqla yanaşmalıdırlar. Mənəvi zorakılığa uğramış bir şəxsin taleyini populyarlıq və yaxud reytinq xatirinə verilişə, qəzet səhifələrinə çıxarmaq jurnalistin peşə etikasına yaddır və ilk növbədə, həmin insanın sabahını, psixoloji durumunu düşünmək lazımdır. Vurğulanmışdır ki, məişət zorakılığı hallarının baş verməməsi üçün konkret tədbirlər görülməli, layihələr həyata keçirilməlidir. S.Vəliyeva treninqin jurnalistlər üçün böyük fayda verəcəyinə əminliyini ifadə etmişdir.

Treninq-seminar dekabrın 3-dək davam edəcəkdir.

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 3 dekabr.- S. 2.