Sumqayıtda Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin 8 illiyinə həsr olunmuş «dəyirmi masa» keçirilmişdir

 

Dekabrın 2-də Sumqayıt Şəhər Tarix Muzeyinin konfrans zalında "İlham Əliyev 8 il hakimiyyətdə" mövzusunda "dəyirmi masa" keçirilmişdir. AzərTAc xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının şəhər təşkilatı tərəfindən təşkil olunmuş tədbirdə Milli Məclisin deputatları, dövlət idarələrinin və təşkilatlarının rəhbərləri, görkəmli alimlər, tanınmış ictimai xadimlər, şəhər ziyalılarının nümayəndələri iştirak etmişlər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov "dəyirmi masa"nı açaraq demişdir: "Elə illər var ki, onilliklərə bərabərdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi səkkiz il Azərbaycanın quruculuq və özünütəsdiq dövrüdür". Dövlət başçısının çoxşaxəli və səmərəli fəaliyyətini təhlil edən E.Əzizov bütün sahələrdə ölkənin yüksək nailiyyətlərini aydın şəkildə göstərən konkret rəqəmlərə və faktlara əsaslanmışdır. Şəhər icra hakimiyyətinin başçısı demişdir: "Ən bacarıqlı dövlət liderlərinin belə həsəd aparacağı dərəcədə böyük intellektual potensialı və sanballı siyasi təcrübəsi olan Prezident İlham Əliyev ən mürəkkəb vəzifənin öhdəsindən inamla gəlir: milli maraqlar çərçivəsində real müstəqil daxilixarici siyasət həyata keçirirbu zaman müstəsna olaraq öz qüvvə və potensialına arxalanır". O, qeyd etmişdir ki, ölkəmizin beynəlxalq nüfuzunun təsdiqi şübhəsiz, xalqın kollektiv şüurunda öz Vətəni üçün iftixar hissi oyadır. Respublika iqtisadiyyatının dinamik yüksəlişi, onun yeni üfüqlərə doğru irəliləyişi, ölkənin keyfiyyətcə yeni inkişaf səviyyəsinə keçməsi, ümummilli lider Heydər Əliyevin yaratdığı Azərbaycan inkişaf modelinin mötəbərliyini və təntənəsini parlaq surətdə təsdiq edir.

"Dəyirmi masa"da AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudovun, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun, fəlsəfə elmləri namizədi Şəfiqə Məmmədovanın, filologiya elmləri namizədi, Milli Məclisin deputatı Elmira Axundovanın, tarix elmləri doktoru Musa Quluzadənin, Azərbaycan Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevin, Milli Məclisin deputatı, professor Musa Qasımlının, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun çıxışları maraqlı və məzmunlu olmuşdur.

Hər bir çıxış müəyyən sahədə və bütövlükdə ölkənin həyatında Prezidentin roluna həsr olunmuşdur. Natiqlər statistik məlumatlardan, müqayisəli təhlillərdən bacarıqla istifadə etmiş, misallar göstərmiş, respublikanın qüdrətinin artmasında dövlət başçısının əvəzsiz xidmətlərini təsdiq edən hadisələri xatırlatmış, onun fenomenal qabiliyyətini və çox böyük intellektual imkanlarını, yaradıcı ruhunusosial yönümlü mövqeyini xüsusi vurğulamışlar. Çıxış edənlər respublikanın intensiv inkişafı fonunda Sumqayıtın da simasının sürətlə dəyişdiyini bildirmişlər.

"İlham - qurucu" - bu fikir bütün çıxışların leytmotivi olmuşdur.

"Dəyirmi masa"nın iştirakçıları ölkə rəhbərinin fəaliyyətindən danışarkən xüsusilə qeyd etmişlər ki, dövlət başçısı İlham Əliyevin   ölçülüb-biçilmiş, dərindən düşünülmüş ardıcıl siyasət yürütməsi istər mədəniyyət, istərsə də siyasət baxımından Azərbaycanın dünya miqyaslı nailiyyətlərinin mənbəyi olmuşdur. Azərbaycan vətəndaşları ölkənin misilsiz beynəlxalq müvəffəqiyyəti ilə - Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və "Evrovison-2011" mahnı müsabiqəsində qazanılmış qələbə ilə haqlı olaraq fəxr edirlər. Tədbirdə deyilmişdir ki, bu faktlar Azərbaycanın dünya birliyi tərəfindən tanınmasının göstəriciləridir.

"Dəyirmi masa"nın yekununda Bəyanat qəbul edilmişdir.     

"Dəyirmi masa"nın məruzələri və materialları dekabrın 24-də - Azərbaycan Prezidenti İlham Əliyevin yubileyi günündə təqdimatı keçiriləcək kitaba daxil ediləcəkdir.

 

Azərbaycan.- 2011.- 3 dekabr.- S.  3.