Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının II Ümumukrayna forumu çərçivəsində Kiyevdə tədbirlər keçirilmişdir

 

Xəbər verildiyi kimi, dekabrın 1-də Kiyevdə Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) və Xaricdə təhsil alan və təhsil almış azərbaycanlı tələbələrin və məzunların beynəlxalq forumunun (ASAIF) təşkilati dəstəyilə Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) II Ümumukrayna forumu keçirilmişdir.

Dekabrın 2-də səhər forumun təşkilatçıları və iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Ukrayna-Azərbaycan Sosial Elmlər İnstitutu qarşısında ulu öndərin abidəsi önünə çiçəklər düzmüşlər.

Sonra Ukraynanın Ali Radasında ASAIF-in sədri Orxan Əkbərovun, UAGİ-nin rəhbəri Anar Tahirovun və digər həmvətənlərimizin "Gənc regionlar" Ümumukrayna ictimai təşkilatının - hakim Ukrayna Regionlar Partiyasının gənclər cinahının fəalları ilə görüşü olmuşdur.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmiş, gələcək əməkdaşlıq strategiyası hazırlanmışdır.

Həmin gün Ukraynada olan Milli Məclisin deputatı Ceyhun Osmanlı, Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev, Orxan Əkbərov, Anar Tahirov və başqaları Kiyevin peyk şəhəri sayılan İrpenə getmişorada görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın şəhər parkındakı abidəsi önünə çiçək dəstələri düzmüşlər.

Axşam "Prezident-oteldə" Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının II Ümumukrayna forumunun işinin başa çatmasına həsr edilmiş qala-konsert olmuşdur.

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.- 2011.-3 dekabr.- S. 3.