Azərbaycan-Türkiyə
münasibətlərinə dair beynəlxalq
konfrans
Azərbaycan Respublikası Prezidenti yanında və Türkiyənin Xarici İşlər Nazirliyi nəzdində strateji araşdırmalar mərkəzlərinin (SAM) birgə təşkilatçılığı ilə Konya şəhərinin Səlcuk Universitetində Azərbaycan-Türkiyə münasibətlərinə dair beynəlxalq konfrans keçirilmişdir. Konyada səfərdə olan Azərbaycan nümayəndə heyəti konfransdan əvvəl Səlcuk Universitetinin rektoru professor Süleyman Okudan ilə görüşmüşdür.
Universitetin hüquq fakültəsinin salonunda keçirilən konfransda SAM-ın aparıcı elmi işçisi Cavid Vəliyevin "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları", Milli Məclisin deputatı Fazil Mustafanın "Azərbaycanın və Türkiyənin erməni problemi və atılacaq birgə addımlar", Türkiyənin Odalar və Borsalar Birliyi Universitetinin dosenti İhsan Çomakın "Dağlıq Qarabağ problemi və digər dövlətlərin mövqeyi", Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndəsi Rəşad Rəsullunun "Türkiyə-Azərbaycan arasında iqtisadi əlaqələr" və s. mövzularda məruzələri dinlənilmişdir.
Məruzələrdə iki qardaş ölkə arasında əlaqələrin siyasi, iqtisadi və mədəni aspektləri, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, erməni təbliğatına qarşı birgə mübarizə məsələləri yer almışdır.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Konya
Azərbaycan.- 2011.- 3 dekabr.- S. 3.