Rumıniyanın milli bayramı şərəfinə

 

 Dekabrın 2-də Rumıniyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Birlik günü münasibətilə rəsmi qəbul təşkil etmişdir. AzərTAc xəbər verir ki, səfir Daniel Kristian Çiobanu ötən müddətdə ölkəsinin keçdiyi inkişaf yolundan danışmışdır. Azərbaycan-Rumıniya münasibətlərinə toxunan diplomat ölkələrimiz arasında hərtərəfli əlaqələrin son illər sürətlə inkişaf etdiyini vurğulamışdır. Bildirmişdir ki, Azərbaycan və Rumıniya prezidentləri arasında yaranmış münasibətlər hər iki ölkənin strateji əməkdaşlığının daha da inkişafına böyük töhfə verir. Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsindən məmnunluğunu diqqətə çatdıran səfir münasibətlərimizin gələcəkdə daha sürətlə inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu əlamətdar gün münasibətilə dost rumın xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik edərək dövlət başçısının salamlarını və xoş arzularını çatdırmışdır.

Rumıniyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu deyən nazir ölkələrimiz arasında əlaqələrin əsasının ümummilli lider Heydər Əliyevin 1995-ci ildə bu ölkəyə rəsmi səfəri ilə qoyulduğunu demişdir. Nazir əlavə etmişdir ki, Prezident İlham Əliyevin 2009-cu ildə Rumıniyaya rəsmi səfəri, həmçinin bu il Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişafına təkan vermişdir. Rumıniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləmişdir.

Nazir ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və informasiya texnologiyaları sahəsində əlaqələrin inkişaf etdiyini də vurğulamışdır.

Əli Abbasov əmin olduğunu bildirmişdir ki, Azərbaycan ilə Rumıniya arasında əməkdaşlıq istər ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional təşkilatlar çərçivəsində daha da inkişaf edəcəkdir.

Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

Azərbaycan.- 2011.- 3 dekabr.- S. 3.