Malayziyanın nüfuzlu «New Straits Times» qəzeti Azərbaycan haqqında yazır

 

 Malayziyanın geniş oxucu kütləsinə malik ingilisdilli "New Straits Times" qəzetində Azərbaycan haqqında məqalə dərc olunmuşdur.

Azərbaycanın Malayziyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalə səfir Tahir Kərimovun müsahibəsi əsasında hazırlanıb çap olunmuşdur.

T.Kərimov müsahibəsində bildirmişdir ki, Azərbaycan ilə Malayziya arasında ticarət dövriyyəsi 3,5 milyard rinqqit (Malayziya dolları) təşkil edir bu göstərici sürətlə artır. Əlbəttə, ticarət balansı daha çox Malayziyanın xeyrinə irəliləyir. Biz öz məhsullarımızın bu ölkəyə ixracını artırmağa çalışırıq. Malayziyadan isə Azərbaycana idxal olunan malların əsasını elektronika qida məhsulları təşkil edir.

Səfir, həmçinin Azərbaycan hökuməti ilə Malayziyanın "Measat Satellite Systems" şirkəti arasında orbital mövqenin birgə istifadəsi ilə bağlı ötən il imzalanmış müqavilənin əhəmiyyətini vurğulamışdır.

Diplomat qeyd etmişdir ki, Malayziya Azərbaycanda səfirliyini açsa, ölkələrimiz arasında münasibətlər daha yüksək səviyyəyə qalxa bilər.

T.Kərimov son illər Azərbaycanda gedən inkişaf prosesləri, xüsusilə paytaxt Bakıda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq abadlıq işləri haqqında məlumat vermişdir.

 

Azərbaycan.- 2011.- 3 dekabr.- S.4.