İtaliyanın paytaxtı Azərbaycanı yenidən kəşf etdi

 

 Romada Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirildi

 

Dekabrın 2-də Romada Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə baş tutan mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər.

Mərasimdən əvvəl Mehriban xanım Əliyeva İtaliyanın Xarici İşlər Nazirliyinin dövlət katibi xanım Marta Dassu ilə görüşdü.

Azərbaycanın birinci xanımı ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün İtaliyanın paytaxtında keçirilməsindən məmnunluğunu bildirdi. Mehriban xanım Əliyeva Azərbaycan ilə İtaliya arasında əlaqələrin yüksək sürətlə inkişaf etməsinin təsadüfi olmadığını diqqətə çatdırdı. Məqsədinin Azərbaycanın mədəni irsini dünyada tanıtmaq olduğunu vurğulayan Heydər Əliyev Fondunun prezidenti bu görüşün əlaqələrin inkişafına yeni təkan verəcəyini söylədi.

İtaliyanın Prezidenti Ciorcio Napolitano ilə görüşünü xatırlayan Mehriban xanım Əliyeva bir sıra vacib məsələlərin müzakirə edildiyini, Azərbaycan ilə İtaliyanı sıx dostluq münasibətlərinin birləşdirdiyini və əlaqələrin daha da genişlənəcəyini diqqətə çatdırdı.

Xanım Marta Dassu yeni təyin olunduğu vəzifəsində ilk görüşünü məhz Azərbaycanın birinci xanımı ilə keçirdiyindən məmnunluğunu dilə gətirdi. "Mən hesab edirəm ki, Azərbaycan hər bir sahədə İtaliya ilə yaxın münasibətdə olmalıdır" - deyən dövlət katibi bu əlaqələrin xüsusən iqtisadi və mədəni sahələrdə genişlənməsinin zəruriliyini önə çəkdi.

Xanım M.Dassu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tərcümeyi-halı ilə tanış olduğunu diqqətə çatdırdı, onun rəhbərliyi altında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğuladı.

 

***

 

Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Marta Dassu milli xalçalarımızın sərgisinə baxdılar. Azərbaycan xalçaçılıq məktəbinin zəngin ənənələrini əks etdirən xalçalar sərgiyə baxanlarda heyranlıq doğurdu. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri bu ərazinin əzəli Azərbaycan torpağı olduğunu bir daha sübut etdi. Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaçılıq sənəti bu gün özünün qayğıkeş hamisi olan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə dünyada tanınır, yeni inkişaf mərhələsinə qədəm qoyur.

Qədim misgərlik nümunələrinin və milli musiqi alətlərinin  sərgiləndiyi guşə isə Azərbaycanın incəsənətini, mədəniyyətini nümayiş etdirməklə yanaşı, onun qədim tarixinin və ənənələrinin əyani göstəricisi oldu. Bu ənənələr bu günqorunub saxlanılmaqdadır.

Sərgidə qonaqlar iki ildir ki, Bakıda keçirilən "Qız qalası" festivalında yaradılan və nümayiş olunan əsərlərə də tamaşa etdilər. İyirmi əsərin nümayiş olunduğu bu sərgidə dünyanın müxtəlif ölkələrindən olan rəssamlar Bakının rəmzi sayılan Qız qalasının timsalında hiss və duyğularını auditoriyaya çatdırdılar.

Sərgi çərçivəsində Heydər Əliyev Fondunun nəşr etdirdiyi və Azərbaycan tarixinin, mədəniyyətinin müxtəlif istiqamətlərini əks etdirən kitab və bukletlərlə yanaşı, "Azərbaycan" nəşrinin italyan dilində variantının təqdimatı oldu. Ölkəmizin tarixi, mədəniyyəti, paytaxtı da daxil olmaqla regionları haqqında ətraflı məlumatın toplandığı nəşrdəki 1000-dən çox fotoşəkil sərgiyə gələnlərdə böyük maraq oyatdı.

Sonra təntənəli mərasim başladı.

Mərasimdə çıxış edən İtaliyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Marta Dassu Azərbaycan üçün çox əhəmiyyətli bir yubileyə həsr olunmuş tədbirdə iştirakından şərəf duyduğunu söylədi. O, Mehriban xanım Əliyevanı Azərbaycan mədəni irsinin dünyada təbliği işinə verdiyi töhfələri təqdir etdiyini bildirdi.

Marta Dassu Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyətinin beynəlxalq aləmdə yüksək qiymətləndirildiyini vurğuladı.

Azərbaycanın birinci xanımı mərasimdə çıxış etdi.

 

Mehriban xanım Əliyevanın çıxışı

 

- Hörmətli xanım Dassu!

Xanımlar və cənablar!

Hörmətli qonaqlar, əziz dostlar!

Mən sizi Azərbaycana həsr olunmuş bu gecədə səmimi-qəlbdən salamlayıram. Dəvətimizi qəbul edib bu axşam bizimlə olduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm.  Görüşümüz Azərbaycanın tarixində çox əlamətdar bir hadisəyə həsr olunub. Bu il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edir. Biz müstəqil ölkə kimi çox gəncik. Lakin Azərbaycan qədim tarixə və mədəniyyətə malik olan bir ölkədir.

Xəzər dənizinin sahilində yerləşən ölkəmiz əsrlər boyu Qərb və Şərq arasında körpü rolunu oynamışdır. Hələ eramızdan əvvəl II əsrdə Azərbaycanın ərazisindən Böyük İpək Yolu keçmişdir. Mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanda bir çox qədim mədəniyyətlər öz izini qoyub. Bu izləri biz bu gün də görə bilərik. Bakının yaxınlığında yerləşən Qobustan qayalıqlarında Roma tarixinin izləri vardır. Bu qayaların üzərində eramızın I əsrində buradan Roma İmperatoru Germanikin legionunun keçdiyi əks olunub. Əsrlər boyu ölkəmizdə müxtəlif dillərdə danışan və müxtəlif dinləri təmsil edən insanlar qarşılıqlı hörmət və sülh şəraitində yaşayıb. Bu gündini dözümlülük, açıqlıq, tolerantlıq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir.

1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Həmin dövrdə ölkəmizdə demokratiya institutları formalaşmağa başlamışdı. Ölkədə çoxmillətli parlament fəaliyyətə başlamışdı, Azərbaycan qadınları səsvermə hüququnu qazanmışdı, müsəlman qızları üçün ilk dünyəvi məktəb açılmışdı, Şərqin ilk operabaleti yazılmışdı.

Əfsuslar ki, Xalq Cümhuriyyətinin ömrü çox qısa oldu, cəmi 23 ay sürdü və müstəqilliyimiz böyük imperiyaların siyasi maraqlarının qurbanı oldu. Bir çox amillərin arasında Bakı neftinə artan maraq da öz rolunu oynadı. Nəticədə ölkəmiz müstəqilliyini itirdi, hərbi müdaxilə yolu ilə Azərbaycanda sovet rejimi quruldu.

Sovet dövründə bütün çətinliklərə baxmayaraq, ölkəmizin siyasi potensialı formalaşdı, savadsızlıq tamamilə ləğv olundu, təhsil sistemi quruldu, Milli Elmlər Akademiyası fəaliyyətə başladı. Lakin təməli 1918-ci ildə qoyulan dövlətçilik, müstəqillik və demokratiya ideyaları unudulmadı və nəhayət, 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa edərək Azərbaycan xalqı öz taleyinin, öz torpağının sahibi oldu.

Müstəqilliyimizin ilk illərində biz çoxlu problem və çatışmazlıqlarla üzləşdik. İyirmi ildən çox sürən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün də həllini tapmayıb. Ölkəmizin ərazisinin 20 faizi işğal altındadır, bir milyondan çox soydaşımız məcburi köçkün və qaçqın şəraitində yaşayır. Bu gün də Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq və prinsiplər əsasında həllinin tərəfdarıdır. Biz ümidvarıq ki, ölkəmizin ərazi bütövlüyü tezliklə bərpa olunacaqdır. Bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hər bir qaçqın, hər bir məcburi köçkün öz doğma torpağına qayıdacaqdır.

Əziz dostlar, bu 20 il ərzində biz böyük nailiyyətlər əldə etmişik. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biridir. Regiondakı bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür. Ölkəmizdə sosial problemlər həllini tapır. Son 8 il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enib, 900 mindən çox yeni yeri açılıb, 2 mindən çox yeni məktəb tikilibdir.

Bu gün Azərbaycanın xarici siyasətinin prioritetləri AvropayaAvratlantik qurumlara inteqrasiyadır, Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək və bütün xarici dövlətlərlə qarşılıqlı maraqlardostluq əsasında münasibətlər qurmaqdır. Ölkəmiz beynəlxalq sülhsabitliyin qorunmasına yönəldilmiş dünya miqyaslı proseslərdə fəal iştirak edir. Avropa İttifaqı bu gün Azərbaycanı enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş kimi tanıyır. Azərbaycan Avropanın neftqazla təminatına öz töhfəsini verməyə hazırdır.

Bu ilin oktyabr ayında Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdirbu da ölkəmizin beynəlxalq arenada ildən-ilə artan nüfuzunun sübutudur.

Xarici dövlətlərlə əməkdaşlıq siyasətimizdə İtaliya ilə əlaqələrimiz xüsusi yer tutur. İtaliya bu gün Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. İtaliyanın iri şirkətləri Azərbaycanda, xüsusilə də neft sektorunda uğurla fəaliyyət göstərir. Qeyri-neft sektorunda əməkdaşlığımız genişlənir, parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir, hökumətlərarası komissiya artıq 2006-cı ildən fəaliyyətdədir. Onlarca Azərbaycan tələbəsi bu gün İtaliyanın ali məktəblərində və universitetlərində təhsil alır.

Mədəniyyət sahəsində əlaqələrimiz genişlənməkdədir. İtaliyanın paytaxtında - Romada Azərbaycanın mədəniyyət günləri keçiriləcəkdir. Gələn il payızda isə ölkəmizdə İtaliyanın mədəniyyət günləri təşkil olunacaqdır.

Əziz dostlar, dünyanın ən qədim, ən zəngin mədəniyyət və sivilizasiya ocaqlarından biri olan İtaliyada mənim üçün öz ölkəmi təqdim etmək böyük şərəfdir. Bu qədim torpaqda yerləşən mədəni irs  bütün bəşəriyyətin sərvətidir. Bu mədəni irs insanlığın, insanın imkanlarının, gözəlliyin, bəşəri dəyərlərin əbədi bir abidəsidir. Biz azərbaycanlılar da mədəni irsimizlə haqlı olaraq fəxr edirik. Azərbaycanın qədim xalçaçılıq məktəbi, ədəbiyyatı, musiqisi, incəsənəti, memarlıq abidələri xalqımızın ən böyük varlığıdır.

Biz bu axşam mədəniyyətimizin kiçik bir hissəsini sizin diqqətinizə təqdim edəcəyik və ümidvaram ki, sizin ürəyinizdə bizim ölkəyə olan maraq və hörmət daha da artacaq. Ümidvaram ki, bu gün birgə keçirdiyimiz axşam dövlətlərimizi və xalqlarımızı bir-birinə daha yaxın və bağlı edəcəkdir. Fürsətdən istifadə edərək mən sizin hamınızı Azərbaycana dəvət edirəm. Mən sizin hamınıza xoşbəxtlik, cansağlığı və məhəbbət arzu edirəm.

Diqqətinizə görə çox sağ olun. 

 

***

 

Mərasimin rəsmi açılışından sonra xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri, İsfar Sarabski və "Natiq ritm qrupu" maraqlı konsert proqramı ilə çıxış etdilər.

 

***

 

Konsertdən sonra qonaqlara zəngin Azərbaycan mətbəxinin nümunələri təqdim olundu.

Birinci xanım Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bu möhtəşəm gecədə Azərbaycan öz gözəlliyi və mədəni zənginliyi ilə İtaliya tamaşaçısının ürəyinə yol tapdı.

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 4 dekabr.- S.  2.