Daxili işlər orqanlarının və
Daxili Qoşunların şəxsi heyəti
cinayətkarlığa qarşı mübarizəni bundan sonra da
qətiyyətlə davam etdirəcək
Dekabrın 3-də Daxili İşlər Nazirliyində (DİN) "Şəhər, rayon polis orqanlarının növbətçi hissələrində, "Təhlükəsiz şəhər" və "102" xidmətlərində", həmçinin bağlı qalmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması sahəsində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəlikdəki hər iki məsələnin aktuallığı ilə seçildiyini və vacibliyini vurğulamış, mahiyyətinə görə onların insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirləri, perspektiv vəzifələri ehtiva etdiyini bildirmişdir.
Gündəlikdəki birinci məsələ barədə məruzə ilə DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi, polis polkovniki Fuad Bəxtiyarov çıxış etmişdir. O demişdir ki, xidmətin strukturu müasir dövrün tələblərinə uyğun yenilənən funksiyalara uyğunlaşdırılmış, ştatları optimallaşdırılmış, normativ-hüquqi və maddi-texniki bazası möhkəmləndirilmiş, əməliyyat şəraitinin izlənilməsində və nəzarətdə saxlanılmasında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi geniş xarakter almışdır.
Bildirilmişdir ki, cari ilin əvvəlində 56 polis orqanının "102" Xidməti Zəng Mərkəzinə qoşulması ilə sistemin respublikanın bütün ərazisini əhatə etməsi üzrə işlər başa çatdırılmışdır. Nəticədə regionlarda əməliyyat şəraitinə və əməliyyat qruplarının hadisə yerlərinə vaxtında çıxmasına mərkəzləşdirilmiş nəzarət xeyli güclənmiş, bütövlükdə ərazi polis orqanlarının, nizami hissələrin operativliyi və çevikliyi yüksəlmişdir. Cari ilin 10 ayında Xidmətin imkanları ilə 228 cinayət, o cümlədən 1 qəsdən adam öldürmə, 1 qəsdən adam öldürməyə cəhd, 3 quldurluq, 6 soyğunçuluq, 9 qəsdən sağlamlığa zərər vurma, 23 nəqliyyat vasitəsinin qaçırılması, 58 oğurluğa cəhd, 59 oğurluq və 68 xuliqanlıq "isti izlərlə" açılmışdır. Məişət zəminində baş vermiş 5754 hüquqazidd əməlin qarşısı alınmış, müxtəlif məsələlərlə əlaqədar müraciət etmiş 16799 vətəndaşa hüquqi yardım göstərilmiş və ya müvafiq izahlar verilmişdir. Nazirliyin aidiyyəti strukturları tərəfindən polis əməkdaşları barədə "Qaynar xətt"ə daxil olmuş 461 şikayətin araşdırılması təmin edilmişdir.
"Təhlükəsiz Şəhər" Sisteminin videomüşahidə vasitələri ilə 4305, o cümlədən 3707 avtomobil qəzası (toqquşma), 247 asayişin pozulması, 99 piyada vurulması, 51 yanğın, 13 avtoxuliqanlıq, 1 qəsdən sağlamlığa zərər vurma və sair hadisə qeydə alınmışdır. Həmçinin, piyadaların ölümü və xəsarət almaları ilə nəticələnən 14 yol-nəqliyyat hadisəsinin, 5 soyğunçuluq, 4 oğurluq, 3 quldurluq, 2 qəsdən adam öldürmə, 1 qəsdən sağlamlığa zərər vurma, 1 xuliqanlıq cinayəti açılmış, itkin düşmüş 2 şəxs tapılmışdır. Cinayət və hadisələrin araşdırılması ilə bağlı məhkəmə, prokurorluq və polis orqanlarının 604 sorğusu cavablandırılmışdır.
Qeyd olunmuşdur ki, cari ilin 10 ayında "102" Zəng Mərkəzinə daxil olmuş məlumatların sayı 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2,5 dəfə artmış, bu müddətdə qeydə alınmış cinayət xarakterli 10831 məlumatın 85 faizi araşdırma zamanı təsdiqlənmişdir.
Bütövlükdə ötən bir ildə həyata keçirilən tədbirlər vətəndaşların qanuni mənafelərinin, konstitusion hüquqlarının daha etibarlı qorunmasına, onların müraciətlərinə vaxtında və operativ reaksiya verilməsinə dair ölkə Prezidentinin müvafiq tapşırıqlarının uğurla yerinə yetirilməsinə yönəldilmiş, göstərilən sahədə əldə olunmuş müsbət nəticələrin möhkəmləndirilməsinə və inkişafına xidmət etmişdir.
Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski bağlı qalmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması üzrə görülən işlərin vəziyyəti haqqında məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılmasında göstəriciləri aşağı olan şəhər-rayon polis orqanlarına zəruri əməli kömək göstərilmiş, bağlı qalmış müvafiq cinayətlərin açılması üçün adekvat tədbirlər görülmüşdür.
Həyata keçirilmiş təşkilati-praktik tədbirlərin nəticəsi olaraq 2009-cu illə müqayisədə ötən il ölümlə nəticələnən cinayət tərkibli yol-nəqliyyat hadisələrinin sayı 3,5 faiz azalmışdır. Son 3 ilə yaxın bir dövrdə müvafiq cinayətlərin açılma göstəricisi yüksək olmaqla orta hesabla 95 faiz təşkil etmişdir. Ərazi polis orqanlarında 1308 analoji cinayətin istintaqı tamamlanıb məhkəmələrə göndərilmiş, 942 cinayət işi xitam edilmişdir. Bu növ hüquqazidd əməlləri törətmiş 1193 şəxs müəyyənləşdirilmiş, onlardan 905 nəfəri cinayət məsuliyyətinə cəlb olunmuşdur. Digər tərəfdən, "Təhlükəsiz şəhər" xidmətinin video-müşahidə vasitələrinin tətbiqi ilə 6416 yol-nəqliyyat qəzası, o cümlədən piyadaların vurulması ilə bağlı 134 hadisə aşkarlanmış, habelə qeyri-aşkar şəraitdə törədilən müvafiq cinayətlərin 30,1 faizinin açılmasında elmi-texniki vasitələrdən istifadə edilmişdir.
Müzakirələrdə çıxış edənlər görülən işlərdən, fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqlardan danışmış, onların qısa müddətdə aradan qaldırılması üçün təsirli tədbirlər görəcəklərinə söz vermişlər.
Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik Ramil Usubov qeyd etmişdir ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini, cinayətlərin qarşısının alınması və açılması sahəsində həyata keçirilən hərtərəfli təşkilati-praktiki tədbirlər çərçivəsində vətəndaşların müraciətlərinin qəbulu, qeydiyyatı və baxılmasında, polisə gətirilən şəxslərin hüquqlarının qorunmasında, cinayət və hadisələrə çevik reaksiya verilməsində əhəmiyyətli rolu olan növbətçi hissələrin fəaliyyətinin təkmilləşdirilməsinə də böyük önəm verilir. Son illər informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə nazirlik sistemində həyata keçirilmiş mühüm layihələrdən olan "102" xidməti - Zəng Mərkəzi və "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə sistemlərinin yaradılması cinayətlərin qeydiyyatına, növbətçi hissələrdə vətəndaşların qəbuluna mərkəzləşdirilmiş nəzarəti xeyli gücləndirmiş, habelə əməliyyat şəraitinin fasiləsiz izlənməsinə böyük imkanlar yaranmışdır.
Gündəlikdəki ikinci məsələyə diqqəti cəlb edən nazir ölkə həyatının bütün sahələrində olduğu kimi, son illər yol-nəqliyyat infrastrukturunun inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı sərəncamların və təsdiqlədiyi dövlət proqramlarının, habelə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi işinin yaxşılaşdırılması üzrə əhəmiyyətli tədbirlərin görülməsi ilə səciyyəvi olduğunu vurğulamışdır. O, hərəkət iştirakçılarının həyat və sağlamlığının, qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunmasının polisin əsas vəzifələrindən olması baxımından, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və açılması sahəsində görülən işləri hər bir orqan rəisinin ciddi nəzarətdə saxlamasını tələb etmişdir.
Daxili işlər naziri gündəlikdəki məsələlərlə bağlı tapşırıq və tövsiyələrini vermiş, ayrı-ayrı nöqsan və çatışmazlıqların aradan qaldırılması yollarını göstərmiş, həmçinin tədbir iştirakçılarının diqqətini cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahələrində mühüm əhəmiyyət kəsb edən bir sıra digər məsələlərə yönəltmişdir.
Cari ilin başa
çatmasına bir aydan
da az vaxtın qaldığını xatırladan
general-polkovnik Ramil Usubov iclas
iştirakçılarının diqqətini səylərin daha da
artırılmasına, bütün
qüvvə və imkanların ağır və xüsusilə
ağır cinayətlərin açılmasına,
axtarışda olanların tutulmasına səfərbər
olunmasının vacibliyinə cəlb etmişdir.
O, dövlət başçısı İlham Əliyevi əmin etmişdir
ki, daxili işlər
orqanlarının və Daxili
Qoşunların şəxsi heyəti cinayətkarlığa
qarşı mübarizəni bundan sonra da qətiyyətlə
davam etdirəcək, sabitliyin,
əmin-amanlığın, ictimai
qaydanın keşiyində daha sayıq dayanacaq, qarşıya qoyulan
bütün
tapşırıqları layiqincə yerinə yetirəcəkdir.
Azərbaycan.- 2011.- 4 dekabr.- S. 3.