Baku Steel Company» Almaniya firması ilə müqavilə bağlayıb

 

"Baku Steel Company" MMC Almaniyanın Siemens VAİ firması arasında istehsalın yenidən qurulması üçün 15 milyon avro dəyərində investisiya qoyulmasını nəzərdə tutan müqavilə bağlanmışdır.

Layihədə mövcud sobanın Almaniyanın Siemens VAİ firmasının istehsalı olan daha müasir - 50 tonluq  soba ilə əvəz olunması nəzərdə tutulur. İstehsalın yenidən qurulmasının birinci mərhələsində  yeni sobanın qurulması   zavodun birinci sahəsində istehsal həcminin 350 min tondan 500 min tona qədər artırılmasına şərait yaradacaq.

Yeni soba ilə yanaşı, toztüstütutucu qurğuların da yenidən qurulması həyata keçiriləcək. Almaniyanın ən müasir metallurgiya zavodlarında uğurla tətbiq olunan bu təmizləyici qurğular tam avtomatlaşdırılmış, havaya atılan bütün zərərli maddələrin miqdarına avtomatik nəzarət mexanizminə malik olan cihazlarla təchiz olunmuşdur.

Yeni layihə "Baku Steel Company" MMC-ni Avropanın ən müasir metallurgiya zavodları ilə bir sıraya çıxarmaqla yanaşı, onun istehsal gücünun 1 milyon 100 min tona çatdırılmasına imkan verəcək.

Xatırladaq ki, "Baku Steel Company" MMC Qafqaz regionunda birinci müasir poladəritmə müəssisəsidir. Müasir Azərbaycan metallurgiyasının flaqmanı olan müəssisənin 2001-ci ilin iyununda keçirilmiş rəsmi açılış mərasimində ümummilli lider Heydər Əliyev iştirak etmiş, buradakı istehsalat şəraitini yüksək qiymətləndirmişdir.

 

Azərbaycan.- 2011.- 4 noyabr.- S. 3.