Şam kimi yanan ömür
Azərbaycan mədəniyyət tarixini fədakarlığı, can yanğısı, zəhmət və istedadı ilə zənginləşdirən, teatr və kino sənətinin inkişafında xüsusi əməyi olan xalq artisti Həsənağa Salayev çətin, şərəfli bir ömür yaşadı. Lentlərin yaddaşında qalmış yadigar səslər, müxtəlif xarakterli obrazların surətləri bu görkəmli səhnə ustasının, kino aktyorunun peşəkarlığından, istedadından, bənzərsizliyindən xəbər verir. Cəmi 60 il ömür sürmüş müqtədir sənətkarın 90 yaşı tamam olur.
Həsənağa Salayevin yaratdığı müxtəlif xarakterli obrazlar haqqında ancaq müasirlərinin xatirələrindən, teatrşünasların resenziyalarından xəbər tutmaq olur. Onu səhnədə görənlər bilirlər ki, o, əsl sənət fədaisi idi. Mədəniyyət və incəsənət xadimi, görkəmli rejissor, pedaqoq və professor Mehdi Məmmədov həmişə Həsənağa Salayevin yaradıcılığını, onun aktyorluğunu yüksək qiymətləndirərdi: "Əgər tamaşada Həsənağa Salayev oynayırdısa, o gün tamaşaçılar arasında mütləq qeyri-adi bir təlatüm olardı". Tənqidçi Məsud Əlioğlu yazırdı: "Həsənağa Salayev səhnəni Tanrısı qədər sevən, milli teatrı xalqa xidmət edən sənət kimi möhkəmləndirib yüksək səviyyəyə çatdırmaq eşqi ilə çırpınan peşəkar və daim coşqun fəaliyyətdə olan mübariz aktyordur".
Həsənağa Salayev 1921-ci il dekabrın 5-də Bakıda anadan olub. Əvvəlcə teatr texnikumunda
oxuyub. Hələ tələbə ikən tədris tamaşalarında həvəslə
iştirak edər, klassik dramaturqların əsərlərində müxtəlif
rollar yaradardı.
Ötən əsrin
30-cu illərində Azərbaycan
teatrında artıq möhtəşəm bir aktyor dəstəsi fəaliyyət göstərirdi: Sidqi Ruhulla, Mirzağa Əliyev, Mərziyyə Davudova, Sona Hacıyeva, Mustafa Mərdanov,
Rza Təhmasib, Kazım Ziya, Rza Əfqanlı və onlarca başqaları. Belə aktyor ansamblı
olan yerdə yaradıcılığa başlamaq
maraqlı, eyni zamanda, böyük məsuliyyət demək idi. Çünki bu sənətkarların
ziyası səhnəni
alovlandırırdı. İstedadlı olmalıydın ki,
sən də ora öz yanğını
qoya biləsən.
Həsənağa elə gənclik
illərindən ürəyində
səhnəyə, teatra
səngiməz bir məhəbbət yaşadırdı.
Bu səbəbdən də korifeylərlə bir sırada mətin addımlamaq onun üçün çətin olmadı.
Həsənağa Salayev 1938-ci ildən Azərbaycan Dövlət
Dram Teatrında işləməyə
başlayıb. Çalışqanlığı, teatra müqəddəs
məbəd kimi baxması, yorulmaq bilmədən öz üzərində işləməsi
bəhrəsini verib.
Səhnədə ilk rolu S.Vurğunun
"Xanlar" pyesinin
tamaşasındakı jandarm
olub. Tamaşada tərəf-müqabili görkəmli səhnə
ustası Mərziyyə
Davudova idi. Mərziyyə xanım Həsənağanın rolunu
bəyənərək demişdi:
"Sən bu rolu elə gözəl
oynadın ki, mən səhnədə özümü əsl jandarm qarşısında
hiss edirdim. İnanıram ki, sən yaxşı artist olacaqsan".
Həqiqətən də, böyük
sənətə gedən
bu ilk cığırın
nəticəsi uğurlu
oldu. Həsənağa Salayev həm
rejissorlar, həm də tamaşaçılar
tərəfindən bəyənildi.
Onun sonrakı
yolları İkinci dünya müharibəsinin
qanlı-qadalı günlərindən
keçdi. Qələbədən sonra yenidən
doğma kollektivə qayıtdı. O dövrdə
dövlət tərəfindən
belə bir qərar da qəbul
edilmişdi: "Dram teatrlarının
repertuarı və onu yaxşılaşdırmaq
tədbirləri haqqında".
Həmin
qərarda dramaturqların
qarşısında bir
vəzifə olaraq belə bir məsələ
qoyulurdu ki, sovet adamı haqqında parlaq, bədii cəhətdən
tam dəyərli əsərlər
yaratmaq. Bu qərarın nəticəsi
öz əks-sədasını
tapdı. Həsənağa Salayev səhnədə onlarca müxtəlif xarakterli obrazlar yaratdı. Klassik dramaturgiya ilə
yanaşı, müasirlərinin
də əsərlərindən
təqdim etdiyi rollar həm həmkarları, həm də sənətsevərlər
tərəfindən rəğbətlə
qarşılandı.
Həsənağa Salayevin bir aktyor
kimi yetişməsində
teatrın rejissorlarından
xalq artistləri Adil İsgəndərovun,
Mehdi Məmmədovun,
Ələsgər Şərifovun,
əməkdar incəsənət
xadimi Tofiq Kazımovun və başqalarının böyük
əməyi olmuşdur. Həsənağa Salayev dolğun, psixoloji xarakterə malik mürəkkəb obrazları müvəffəqiyyətlə
yaradırdı. Onun rolları
heç vaxt bir-birinə bənzəməzdi.
Xüsusilə də, C.Cabbarlının,
H.Cavidin, S.Vurğunun,
M.Hüseynin, M.İbrahimovun
tamaşaya qoyulmuş
əsərlərində Həsənağa
Salayev özünəməxsus
artistlik məharətini
bütün varlığı
ilə aça bilirdi.
Teatr tarixindən bəllidir ki, bir sıra
rollara yalnız öz möhürünü
vurmuş bənzərsiz
aktyorlar var. Məsələn,
Ələsgər Ələkbərovun
Vaqifi, Sidqi Ruhullanın Qacarı, Abbas Mirzə Şərifzadənin İblisi
əvəzedilməzdir. Onların yaratdıqları
bu obrazlar indi də bir
örnəkdir. Həsənağa Salayev ikinci olaraq Vaqifi, Qacarı özünəməxsus
məharətlə tamaşaçılara
təqdim edə bildi.
Böyük türk şairi
Nazim Hikmət Azərbaycanda olarkən Milli Dram Teatrında onun "Şöhrət və ya unudulan
adam" əsəri göstərildi.
Həsənağa Salayev də
həmin tamaşada iştirak edirdi. Onun yaratdığı Doktor obrazı bütün salonu heyrətə gətirmişdi. Bu obraz
haqqında Mehdi Məmmədov yazırdı:
"Əgər hər
hansı bir aktyor desəydi ki, mən səhnədə
Hamlet obrazını yaratmışam,
ona belə cavab verərdim: kaş mən də Həsənağa Salayev kimi Doktor
obrazını oynamış
olaydım".
Həsənağa Salayevin böyük zəhmətlə, sönməz
ilhamla yaratdığı
obrazların hamısı
bir-birindən maraqlı
və uğurlu alınırdı. O, səhnədə
şam tək yanaraq tamaşaçının
qəlbinə işıq
saçırdı. Yaratdığı obrazlar tamaşaçıların
qəlbində uzun müddət yaşayırdı.
Həsənağanın "Oqtay Eloğlu"
(C.Cabbarlı) tamaşasında
yaratdığı baş
qəhrəman haqqında
uzun illər mətbuatda müxtəlif
fikirlər səsləndi.
Səhnə fədaisinin yaratdığı
həmin monumental obraz
bu günə kimi əvəzedilməz olaraq qalmaqdadır.
O, teatrla yanaşı, kino sahəsində də çalışırdı.
"Azərbaycanfilm" kinostudiyasının çəkdiyi
"Fətəli xan"
(1947), "Görüş" (1955),
"O olmasın, bu olsun" (1957), "Onu bağışlamaq olarmı?"
(1959), "İstintaq davam edir" (1966) bədii filmlərində yaratdığı Süleyman,
Musa, Əzimzadə, Qüdrət,
mayor Rüstəmov kimi
müxtəlif taleli obrazlar da kinosevərlərin
yadında yaxşı
qalıb. Bu gün də həmin filmlərə maraqla baxılır, Həsənağa Salayevin
sirayətedici səsi,
müxtəlif jestləri,
tamaşaçıda xoş
ovqat yaradır. "İstintaq davam
edir" bədii filmində Həsənağa
Salayev həm baş rolda oynayıb, həm də bu ekran
əsərinin rejissoru
olub.
1961-ci ildə ilk dəfə
olaraq Azərbaycanda bədii televiziya filmi çəkildi. S.Vurğunun "Aygün" poeması əsasında çəkilmiş
eyni adlı filmdə Əmirxan obrazının yaradıcısı
da Həsənağa Salayevdir. O, bu obrazın daxili sarsıntılarını, ziddiyyətini,
çaşqınlığını olduqca təbii oynayıb. "Azərbaycanfilm"
kinostudiyasının bədii
şurasının uzun
müddət üzvü
olmuş Həsənağa
Salayev xarici filmlərin Azərbaycan dilində səsləndirilməsində
də iştirak etmişdir. Onun repertuarı həmişə
rəngarəng idi.
İstər televiziyada, istərsə
də radio tamaşalarında
saysız-hesabsız rollar
yaratmışdır. Xüsusilə də, İ.Şıxlının
"Dəli Kür"
romanı üzrə səhnələşdirilmiş radio tamaşasında Həsənağa
Salayevin təqdim etdiyi Cahandar ağa obrazı böyük şöhrət
qazandı. Həsənağa Salayevin səsindəki amiranəlik, mətinlik, qətiyyətlilik əsl bəy, xan xarakterinin
açılmasına kömək
edirdi.
Onu təkcə
Azərbaycanda deyil, keçmiş SSRİ-nin bütün müttəfiq
respublikalarında da yaxşı tanıyırdılar. Oynadığı rollara görə hətta qastrollara getdiyi yerlərin mükafatlarını alırdı.
Həsənağa Salayevin teatrın inkişafındakı xidmətləri
yetərincə qiymətləndirilmişdir. 1959-cu ildə əməkdar,
1974-cü ildə xalq
artisti fəxri adlarına layiq görülmüşdür. O, məzunu olduğu Azərbaycan Dövlət İncəsənət İnstitutunda
"Səhnə danışığı"
fənnindən dərs
deyirdi. Öz zəngin
təcrübəsini gələcək aktyorlara
öyrətməkdən xüsusi zövq alırdı.
Çoxcəhətli yaradıcılığı ilə müxtəlif səpkili rollar yaradaraq sənət xəzinəmizin ən parlaq incisinə çevrilmiş Həsənağa Salayevin fəaliyyəti bütövlükdə bir örnəkdir. Təəssüf ki, onun teatr səhnəsində yaratdığı saysız-hesabsız obrazlar lentə alınmayıb. Amma bədii filmlərdəki maraqlı obrazları bu istedadlı sənət fədaisi Həsənağa Salayevin aktyorluq məharətindən az da olsa məlumat verir. Belə sənətkarları unutmamaq və daim yaşatmaq üçün incəsənət, mədəniyyət ocaqlarında onun adı ilə bağlı müxtəlif tədbirlər, müsabiqələr keçirmək, müasirlərinin tədqiqatlarını yenidən çap edib gələcək aktyorlara çatdırmaq çox vacibdir.
Sağlığında səhnədə bir şam kimi yanan bu sənətkarın könüllərə saldığı işıq hamını sevindirərdi. Gül-çiçəyə, alqışa, xoş sözə çevrilən bu sevgi Həsənağa Salayevin üstünə yağış kimi yağardı. Belə vaxtlarda kimsə ağlına belə gətirməzdi ki, ömrünü gilə-gilə əridən sənətkar bir gün səhnədə olmaya, çəkilişə gəlməyə bilər. O müdhiş günü - Həsənağanın yoxluğunu tamaşaçılar da, elə sənət dostları da çox pərişan, ağır kədər və xiffətlə qarşıladılar. Həyat eşqli, sənətsevər, ömrünü yaratdığı obrazların taleyinə bürüyən Həsənağanın qəfil "zarafat"ını uzun müddət qəbul edə bilmədilər.
Flora XƏLİLZADƏ,
Azərbaycan.- 2011.- 4 dekabr.- S. 5.