Zəhmətin bəhrəsi

 

 Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının (EABA) Kitab Nəşri üzrə Şurasının  milli mədəniyyətdə, elmdə töhfələr vermiş ən yaxşı əsərlər üçün bu ilin əvvəlində təsis etdiyi D.S.Lixaçov adına mükafat uğrunda müsabiqə başa çatıb. Müsabiqədə bir çox ölkələrdən elmlər akademiyalarının, elmi kitabxanaların, ali məktəblərin əməkdaşları öz kitabları ilə, 2008-2010-cu illərin nəşrləri ilə iştirak ediblər.

Müsabiqədə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası da fəal iştirak edib. Müsabiqənin nəticələrinə əsasən AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli "Milli kitab mədəniyyəti kontekstində Azərbaycan folklor kitabının öyrənilməsinə bəxş etdiyi qiymətli xəzinəyə görə" diplomuna layiq görülüb.

Aybəniz Əliyeva-Kəngərliyə verilən bu mükafat həm də Mərkəzi Elmi Kitabxananın uğurudur. Qeyd edək ki, hazırda Mərkəzi Elmi Kitabxana elmi müəssisə statusu alıb. İndi  kitabxananın özünün elmi şurası, doktoranturası, dissertanturası fəaliyyət göstərir.

Aybəniz Əliyeva-Kəngərli çoxlu elmi əsərin, kitab və məqalənin müəllifidir. O, kitabxana işi ilə yanaşı, elmi işlə də məşğul olub, "Azərbaycan nağıllarında qadın obrazı" mövzusunda namizədlik dissertasiyası üzərində səmərəli araşdırma aparıb, 2010-cu ildə isə "Azərbaycan folklor kitabı: qaynaqlar, təşəkkülü və inkişaf mərhələsi" mövzusunda dissertasiya işi müdafiə edərək doktorluq elmi dərəcəsinə yiyələnib.

 

İsmət SƏFƏROV,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Azərbaycan.- 2011.- 4 dekabr.- S. 5.