Azərbaycanın beynəlxalq mədəni turizm marşrutu Avropada maraq doğurub

 

 Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmer noyabrın 23-24-də Lüksemburqda keçirilən Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət Forumunda mədəni marşrutların sosial, iqtisadi və mədəni inkişaf sahələrinin öyrənilməsi istiqamətində əldə edilən nəticələrə münasibət bildirib.

Xatırladılıb ki, Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən indiyədək 21 beynəlxalq mədəni turizm marşrutu sertifikatlaşdırılıb. Azərbaycanın məşhur "Şərab Yolu" beynəlxalq mədəni turizm marşrutu artıq "İter Vitas şərab marşrutu" layihəsinə daxil edilib.

Azərbaycanı forumda Mədəniyyət və Turizm Nazirliyinin  daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov təmsil edib. Onun sözlərinə görə, Azərbaycanın turizm və mədəni dəyərləri bu layihə çərçivəsində Avropa məkanında təbliğ olunub.

Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi Avropa Mədəni Marşrutlar İnstitutunun direktoru Mişel Tomas-Penet, Avropa Hissəvi Sazişin prezidenti xanım Elke Altzer və icraçı katibi Penelop Denu ilə görüşündə Azərbaycanda mövcud olan beynəlxalq mədəni turizm marşrutları, xüsusən də Avropa Şurasının "Kiyev təşəbbüsü" layihəsi tərəfindən dəstəklənən "Aleksandr Düma Qafqazda" regional mədəni turizm marşrutu ətrafında fikir mübadiləsi aparıb.

 

Azərbaycan.- 2011.- 4 dekabr.- S. 5.