Azərbaycan ilə Macarıstan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Macarıstanın Azərbaycandakı səfiri  Jolt Çutora Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.

Nazir Əbülfəs Qarayev ilə görüşdə Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilmişdir.

Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən AzərTAc-a bildirmişlər ki, görüş zamanı, həmçinin ölkələrimiz arasında mədəniyyət və turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanmışdır. Əbülfəs Qarayev Macarıstan Respublikasının Prezidenti Pal Şmittin bu yaxınlarda Azərbaycana  baş tutmuş rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd etmişdir.

Səfir J.Çutora öz növbəsində Azərbaycanı "Eurovision-2011" müsabiqəsində parlaq qələbə münasibətilə təbrik etmiş, bu uğurun ölkəmizin turizm potensialının təşviq olunması baxımından böyük nailiyyət olmasını xüsusilə vurğulamışdır. Jolt Çutora, həmçinin Azərbaycan nümayəndə heyətini 2012-ci ilin iyununda Budapeştdə keçiriləcək XVII Beynəlxalq Dunay Karnavalında iştiraka dəvət etmişdir.

Ə.Qarayev dəvətə görə minnətdarlığını bildirmişdir. O, iki ölkə arasında turist axınının sayını artırmaq üçün Azərbaycan-Çexiya-Macarıstan marşrutunun açılması məsələsinə baxılmasını təklif etmişdir.

Daha sonra görüşdə regional və beynəlxalq əhəmiyyət kəsb edən bir neçə konkret layihə və proqramlar müzakirə edilmişdir.

 

Azərbaycan.- 2011.-4 dekabr.- S.  5.