Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı birgə bəyanat
yayılmışdır
ATƏT-in Nazirlər Şurasının Vilnüsdə keçirilən 18-ci illik toplantısında iştirak edən Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin (Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Hillari Klinton və Fransanın Avropa məsələləri üzrə naziri Jan Leonetti), Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın birgə bəyanatı yayılmışdır.
ATƏT-in rəsmi saytına yerləşdirilmiş bəyanatın girişində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının əhəmiyyəti bir daha vurğulanmışdır. Bəyanatda qeyd edilir ki, 2008-ci il Moskva Bəyannaməsi, eləcə də ATƏT Nazirlər Şurasının Helsinki (2008-ci il) və Afina (2009-cu il) toplantılarında, ATƏT-in Astana (2010-cu il) sammitində verdikləri bəyanatları xatırladaraq, nümayəndə heyətlərinin rəhbərləri ATƏT-in Minsk qrupu formatında danışıqların davam etdirilməsinin və münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində irəliləyişlər əldə edilməsi üçün zəruri etimad mühitinin yaxşılaşdırılmasının vacibliyini ifadə etmişlər. Bu istiqamətdəki addımlardan biri kimi bəyanatı verən tərəflər razılaşdırmışlar ki, prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın 2011-ci ilin mart ayında Soçi görüşündə qəbul etdikləri birgə bəyanatın nəticəsi olaraq, atəşkəs rejiminin pozulmasına qarşı mexanizmin detalları üzərində işlə bağlı səylərini bundan sonra da davam etdirsinlər.
Prezidentlərin 2011-ci ilin may ayında Dovil bəyanatında Azərbaycan və Ermənistanı
Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə
nizamlanması üçün baza prinsipləri üzərində işi yekunlaşdırmağa dair
çağırışlarını qeyd
edərək, Minsk qrupunun
həmsədr ölkələrinin nümayəndə
heyətlərinin başçıları təəssüflə
bildirmişlər ki, münaqişə tərəfləri
bu istiqamətdə həlledici
addımı atmaq iqtidarında
olmamışlar. Hər üç
nümayəndə heyətinin rəhbəri
vurğulamışdır ki,
Dağlıq Qarabağ münaqişəsinin
hərbi həll yolu yoxdur
və BMT Xartiyası, Helsinki Yekun Aktının prinsipləri, prezidentlərin
2009-cu ildə Akvil və 2010-cu il Muskoka birgə bəyanatlarındakı
elementlər bütün tərəflərə
qəbuledilməz status-kvo çərçivəsindən
çıxaraq sülh yolu
ilə münaqişəni nizamlamaq üçün yolu təqdim
edir.
Nümayəndə
heyətlərinin üç rəhbəri tərəfləri
ən ali səviyyə də daxil olmaqla, ATƏT-in Nazirlər
Şurasının 2007-ci il Madrid toplantısından bəri
aparılmış intensiv danışıqlar fonunda həmsədr
ölkələrin təqdim etdiyi təklifləri gələcəkdə
diqqətlə nəzərdən keçirməyə
çağırmışlar.
Bəyanatın
sonunda qeyd edilir ki, Azərbaycan və Ermənistanın xarici
işlər nazirləri münaqişənin hamı tərəfindən
məqbul sayılacaq sülh yolu ilə nizamlanmasının əsaslarının
hazırlanması üçün tərəflərə
göstərdiyi köməyə görə həmsədr
ölkələrə, o cümlədən prezidentlər
Dmitri Medvedev, Barak Obama və Nikola Sarkoziyə minnətdarlıqlarını
bildirmişlər. Onlar həmsədr ölkələrin
nümayəndə heyətlərinin rəhbərlərinə
məlumat vermişlər ki, Azərbaycan və Ermənistan
prezidentləri yaxın zamanlarda həmsədr ölkələrin
himayəsi altında görüşərək, birbaşa
dialoqu davam etdirməyə, son dövrlərin təcrübəsinə
söykənərək öz xalqlarını sülh, sabitlik
və rifaha qovuşdurmağa hazırdırlar.
Elgün NİFTƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Vyana
Azərbaycan.- 2011.-7 dekabr.- S. 1.