ATƏT XİNŞ-nin iclasında Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi qeyd edilmişdir
ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə keçirilən 18-ci iclası çərçivəsində bir sıra xarici ölkələrin nümayəndələri öz bəyanatlarında Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulamışlar.
ABŞ dövlət katibi Hilları Klinton Qarabağ münaqişəsinin həllinin vacibliyini qeyd edərək bu regionda sabitliyin və barışığın bərqərar olacağına ümid etdiyini bildirmişdir.
İrlandiya parlamentinin deputatı Lüsinda Qreyton ATƏT məkanında münaqişələrin həlli mövzusuna toxunaraq bildirmişdir ki, 2012-ci ildə ATƏT-in sədri olacaq İrlandiya həlli uzanan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə nail olmaq üçün ATƏT-in Minsk qrupu ilə sıx əməkdaşlıq edəcəkdir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi ilə danışıqlar prosesinin çox intensiv davam etdiyini vurğulayaraq, tərəfləri son iki ildə Prezident D.Medvedevin təşəbbüsü ilə keçirilmiş görüşlərdə işlənib hazırlanmış və bu il may ayında Dovildə Rusiya, ABŞ və Fransa liderlərinin birgə bəyanatında dəstəklənmiş təkliflərdən istifadə etməyə çağırmışdır.
Fransanın Avropa işləri üzrə naziri Jan Leonetti demişdir ki, Rusiya, ABŞ və Fransa prezidentlərinin səylərinə və cəhdlərinə baxmayaraq 2011-ci ildə Qarabağ münaqişəsinin tənzimlənməsində konkret irəliləyiş olmamışdır. Fransalı nazir demişdir: "Lakin hazırlanmış təkliflər 2012-ci ildə dinamikanı təzələməyə imkan verəcəkdir. Tərəflər bugünkü iclasdan istifadə etməli və Madrid prinsiplərinin yenilənmiş variantlarını dəstəkləməlidirlər".
Nigar HÜSEYNOVA,
AzərTAc-ın xüsusi müxbiri
Vilnüs
Azərbaycan.- 2011.- 7 dekabr.- S. 1.