Parlament 2012-ci ilin dövlət
büdcəsini təsdiq
etdi
Dekabrın 6-da Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər parlamentin plenar iclaslarında geniş müzakirə edilmişdir. Müzakirələr zamanı qaldırılan məsələlər hökumət tərəfindən araşdırılmışdır.
Sonra çıxış edən maliyyə naziri Samir Şərifov bildirdi ki, müzakirələr zamanı deputatlar tərəfindən əhalinin maddi rifahının daha da yaxşılaşdırılması, ölkənin müdafiə potensialının möhkəmləndirilməsi, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, sənaye sahələrinə və aqrar sektora, bələdiyyələrə, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin artırılması, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı ilə bağlı təkliflər, suallar və tövsiyələr irəli sürülmüşdür. Milli Məclisin xərclər smetasının müzakirəsi zamanı səslənən təkliflərə əsasən parlamentin maddi-texniki təminatının möhkəmləndirilməsi, o cümlədən ezamiyyə, kommunal və kommunikasiya, internet, nəqliyyat xərclərinin tənzimlənməsi üçün əlavə 671 min manat, ehtiyatda və istefada olan hərbi qulluqçular üçün müəyyən edilmiş mənzil kirayəsi xərclərinin qulluqda olan hərbçilərə verilən kirayə haqlarına uyğunlaşdırılması üçün əlavə olaraq 1,4 milyon manat vəsaitin ayrılması məqbul hesab edilib. Bunlardan başqa, qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyinin artırılması üçün 2012-ci ilin dövlət büdcəsi layihəsində bu məqsədlə nəzərdə tutulmuş vəsaitin 1 milyon manat artırılaraq 3,7 milyon manata, bələdiyyələrə verilən dotasiyanın məbləğinin 1,5 milyon manat artırılaraq 5 milyon manata çatdırılması qərara alınıb.
Maliyyə naziri onu da bildirdi ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan diaqnostika mərkəzlərinin, xəstəxanaların və mədəniyyət saraylarının həmin təşkilatın balansından çıxarılaraq Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinə verilməsinin maliyyə təminatı üçün əlavə 61 milyon manat vəsait tələb olunur. Eyni zamanda, 2012-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi və bundan ötən dövrdə bilavasitə dövlət büdcəsi ilə əlaqəli olan bir sıra qərarlar qəbul edilmişdir. Bu dövrdə dövlət başçısının imzaladığı sərəncamların, hökumət və Tarif Şurası tərəfindən qəbul edilən müvafiq qərarların icrası əlavə maliyyə vəsaiti tələb edir. Bütün bu məsələlərlə bağlı dövlət büdcəsi xərclərinin funksional və iqtisadi təsnifatının istiqamətləri üzrə müvafiq dəyişikliklərin aparılması və əlavə vəsaitin ayrılması zərurəti yaranmış və "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində nəzərə alınması məqsədəuyğun hesab edilmişdir. Bütövlükdə, sadalanan tədbirlərin maliyyə təminatının yaradılması üçün əlavə təklif olunan 87,6 milyon manat vəsaitin ayrılması nəticəsində 2012-ci il dövlət büdcəsi xərclərinin təqdim olunmuş ümumi məbləği 0,5 faiz artırılaraq 16 milyard 984 milyon manat səviyyəsindən 17 milyard 72 milyon manata çatdırılacaq. 2012-ci il dövlət büdcəsi xərclərinin artımı üçün ayrılmış 87,6 milyon manat əlavə vəsaitin 63,6 milyon manatı səhiyyə, 7,1 milyon manatı təhsil, 4,6 milyon manatı mədəniyyət, incəsənət və informasiya, 4,2 milyon manatı sosial müdafiə və sosial təminat, 4,2 milyon manatı ümumi dövlət xidmətləri, 3,9 milyon manatı nəqliyyat və rabitə xərclərinə yönəldiləcəkdir. Əlavə tələb olunan xərclərin 1,6 milyon manatının 2012-ci il dövlət büdcəsi gəlirlərinin, 86 milyon manatının isə dövlət büdcəsi kəsirinin artırılması hesabına təmin edilməsi nəzərdə tutulur. Artımdan sonra dövlət büdcəsinin gəlirləri 16 milyard 438 milyon manat, dövlət büdcəsinin kəsiri 634 milyon manat, icmal büdcənin kəsirinin yuxarı həddi isə 1 milyard 893 milyon manat təşkil edəcək. Dövlət büdcəsi kəsirinin 2012-ci il üçün nəzərdə tutulan ümumdaxili məhsulda xüsusi çəkisi 0,2 faiz artaraq 1,5 faiz təşkil edəcək. Bu da normal bir səviyyə hesab olunur.
Samir Şərifovun sözlərinə görə, eyni zamanda, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin normal fəaliyyətinin təmin edilməsi üçün tələb olunan əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı təkliflər də nəzərə alınıb. Maliyyə məsələləri birliyin rəhbərliyi ilə araşdırılmaqla real tələbat müəyyən edilib və ilkin hesablamalara görə 500 min manat vəsait tələb olunur. Müvafiq vəsaitin 2012-ci ilin dövlət büdcəsinin Ehtiyat Fondundan birdəfəlik qaydada ayrılması nəzərdə tutulur.
Çıxışının sonunda maliyyə naziri Samir Şərifov dedi ki, 2012-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputatlar tərəfindən irəli sürülən və Hesablama Palatasının rəyində göstərilən digər təklif və tövsiyələr hökumətin diqqətində saxlanılacaq.
Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gələn ilin may ayında büdcəyə yenidən baxılacaq və yəqin ki, bir sıra məsələlər o zaman öz həllini tapacaq.
Bununla da, "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi səsə qoyularaq təsdiq olundu.
Sonra "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında" qanun layihəsi təqdim olundu. DSMF sədri Səlim Müslümov fondun 2012-ci il büdcəsinin layihəsinə edilən dəyişiklikləri diqqətə çatdırdı. Bildirdi ki, sığorta olunanların uşaqlarının sağlamlıq düşərgələrində müalicəsi və istirahəti üçün ayrılan vəsaitin daha 100 min manat artırılaraq 250 min manata çatdırılması məqsədəuyğun hesab olunub. Pensiyaların pensiyaçılara çatdırılması məqsədilə ölkə ərazisində əlavə bankomatların yerləşdirilməsi üçün Azərbaycan Beynəlxalq Bankı tərəfindən əlavə olaraq 50, Kapitalbank tərəfindən 23 bankomatın yaxın müddətdə seçilmiş yerlərdə yerləşdirilməsi və quraşdırılması barədə qərar qəbul olunub. Azərbaycan Beynəlxalq Bankı daha 50 bankomat və 4 səyyar bankomat sifariş edib.
Bu qanun layihəsi də təsdiqləndi.
Daha sonra iclasda 2012-ci ilin dövlət büdcəsi zərfinə daxil digər məsələlər - "Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının 2012-ci il üçün xərclər smetaları haqqında layihələr təsdiq olundu.
İclasda son
olaraq "Azərbaycan
Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında" qanun
layihəsi müzakirəyə təqdim olundu.
Milli Məclisin İqtisadi
siyasət komitəsinin sədri Ziyad Səmədzadə
dəyişikliyin vergi orqanları
işçilərinin sosial müdafiəsi
ilə bağlı olduğunu dedi. Qanun layihəsi təsdiq
olundu.
Azərbaycan.- 2011.- 7 dekabr.- S. 1.