«Cronaca di Roma»: «İncəsənət, musiqi, təamlar - Azərbaycanın birinci xanımı ölkəsini belə təqdim edir»

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva noyabrın 28-dən dekabrın 2-dək VatikandaRomada səfərdə olmuş, ölkəmizin müstəqilliyinin bərpa edilməsinin 20 illiyi ilə bağlı təntənəli tədbirlərdə iştirak etmiş, bir sıra görüşlər keçirmişdir. Azərbaycanın birinci xanımının səfəri və ölkəmizlə bağlı tədbirlər yerli mətbuatda geniş işıqlandırılmışdır.

"Romanın Opera Teatrının yeni mövsümünü açan Verdinin "Maqbet"i səhnəni uzaqdan gələn musiqiçilərin ixtiyarına verdi. Bir neçə gün teatrın foyesi Avropanın son hüdudları hesab olunan ölkənin bayram tədbirlərinin məkanına çevrildi". Bu, İtaliyanın nüfuzlu "Cronaca di Roma" qəzetinin "Azərbaycanın birinci xanımı Mehriban Əliyeva. Azərbaycanın operada uğuru" sərlövhəli yazısının ilk cümlələridir.

Məqalədə deyilir: "İncəsənət, musiqi, təamlar- Azərbaycanın birinci xanımı ölkəsini İtaliyada belə təqdim edir". Bəli, İtaliya cəmiyyəti bu təqdimatı uzun illər unutmayacaqdır. Çünki Heydər Əliyev Fondunun təşəbbüsü ilə İtaliyanın paytaxtında keçirilmiş təntənəli tədbir rəngarəngliyi, məzmun və forma gözəlliyi, təkrarolunmazlığı ilə qəlblərdə dərin iz buraxdı.

Azərbaycanın birinci xanımının həm Vatikan, həm də İtaliyada görüşləri, həmçinin təntənəli tədbirlər paytaxt Romanın ictimai və mədəni həyatının ən önəmli hadisələri kimi işıqlandırıldı.

"Giornalistica İtalia" agentliyi noyabrın 30-da Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı opera teatrında təşkil olunacaq böyük tədbir barədə anons vermişdir. Yazıda bu tədbirin ölkələrimiz arasında dostluq münasibətlərini daha da möhkəmlədəcəyi bildirilmişdir.

"Cronaca di Roma" qəzetinin 2 dekabr tarixli nömrəsində də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İtaliyaya səfəri və ölkənin Baş nazirinin xanımı Elza Monti ilə görüşü barədə məqalə dərc olunmuşdur. Məqalədə qeyd olunur ki, ölkəsinin müstəqilliyinin bərpasının 20-ci ildönümünün təbliği məqsədi ilə İtaliyada səfərdə olan birinci xanım Mehriban Əliyeva Elza Monti ilə görüşmüş, təhsil sahəsində əhəmiyyətli danışıqlar aparmışdır.

Ölkənin ən çox izlənən "roma.repubblica.it" saytında isə Azərbaycanın birinci xanımının İtaliyaVatikana səfəri ilə bağlı xülasə yerləşdirilmişdir. Xülasədə Mehriban xanım Əliyevanın İtaliyanın Prezidenti Ciorcio Napolitano, kardinal Can-Franko Ravasiİtaliya Baş nazirinin xanımı Elza Monti ilə görüşləri və aparılan danışıqlar barədə ətraflı məlumat verilmişdir. Sayt yazır: "Azərbaycanın gözəl birinci xanımı Mehriban Əliyeva bir neçə gündür ki, Romada ölkəsinin müstəqilliyinin 20-ci ildönümüİtaliya ilə əlaqəli bir sıra dostluq tədbirlərində iştirak edir. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva keçirdiyi bir sıra rəsmi görüşlərdə də iki ölkə arasındakı əməkdaşlığın inkişafı məsələlərindən söhbət açmışdır".

Romanın Opera Teatrında Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir də ölkənin "Tutta Roma" qəzetində ətraflı işıqlandırılmışdır. Məqalədə Azərbaycan mədəniyyətinin kiçik bir parçasının Roma ictimaiyyətində doğurduğu təəssürat öz əksini tapmışdır. Yazıda həmçinin Mehriban xanım Əliyevanın çıxışının xülasəsi də verilmişdir. Qeyd olunmuşdur ki, tədbir İtaliyanın görkəmli insanlarının diqqətini cəlb etmişdir. Ölkənin məşhurlarının da iştirak etdiyi mədəni tədbir böyük maraq yaratmışdır.

"Corriere della Sera" qəzeti isə "Milli musiqi nümunələri və Vivaldini ifa edən dövlət orkestrinin konserti. Operanın "Azərbaycan gecəsi" başlıqlı məqaləsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Roma şəhərində mühüm tarixi abidələrdən birinin bərpası üçün 100 min avro yardım edəcəyini bəyan etdiyi yazılır. Məqalədə, həmçinin İtaliyanın Baş nazirinin xanımı Elza Montinin ilk beynəlxalq səviyyəli görüşünü məhz Azərbaycanın birinci xanımı ilə keçirdiyi vurğulanır.

Vatikanın rəsmisi kardinal Ravazi ilə görüşün şərhində isə Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasındakı əlaqələrdən söhbət açılır. Yazıda deyilir: "Tədbirdə Vatikan kitabxanasında Azərbaycana aid 40-a yaxın əlyazmanın bərpasına başlanıldığı barədə məlumat verildi. Bunların arasında qədim Quranın da olduğu 15 əlyazmanın bərpası artıq tamamlanmışdır. Kardinal Ravazi iki ölkə arasındakı dostluğa əsaslanaraq, Azərbaycan hökumətindən və ölkənin birinci xanımından Müqəddəs PietroMarçellinonun Romadakı katakombalarının bərpasına himayədarlıq etməyi xahiş etdi".

İtaliyanın daha bir nüfuzlu qəzeti "la Repubblica" 2 dekabr tarixli nömrəsində yer almış "Bu gün operada Azərbaycan gecəsi" sərlövhəli məqaləsində yazır: "İtaliya Azərbaycanı bağrına basır. Keçmiş sovet respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə bu gün opera teatrında təntənəli tədbir keçiriləcəkdir. Musiqili gecənin əsas məqsədi İtaliya ilə yüksək səviyyəli iqtisadi əlaqələrə malik olan Azərbaycan mədəniyyətinin təqdim edilməsidir.  Gecənin sahibi Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır".

İtaliya mətbuatının yazdığı kimi, Azərbaycanla bağlı tədbirlər çox geniş əks-səda doğurmuşdur. Bu heç də təsadüfi deyildir. Birinci xanım Mehriban Əliyevanın Azərbaycanın müstəqillik illərində  əldə etdiyi uğurlar barədə zəngin faktlara əsaslanan dolğun çıxışları, dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasının ürəkləri riqqətə gətirən uvertürası, xalqımızın qədim mədəni irsinin əvəzsiz inciləri olan xalçalarımız, misgərlik nümunələri, milli musiqi alətləri, xalq mahnılarımız, zəngin mətbəximiz italiyalıların da ürəyini ofsunladı. Bu unudulmaz tədbirlərin mahiyyətini Mehriban xanım Əliyeva çox dəqiq ifadə edərək demişdir: "Biz bu axşam mədəniyyətimizin kiçik bir hissəsini sizin diqqətinizə təqdim edəcəyik və ümidvaram ki, sizin ürəyinizdə bizim ölkəyə olan maraq və hörmət daha da artacaqdır. Ümidvaram ki, bu gün birgə keçirdiyimiz axşam dövlətlərimizi və xalqlarımızı bir-birinə daha yaxın və bağlı edəcəkdir". Mehriban xanım Əliyevanın bu fikirləri İtaliya mətbuatında Azərbaycanla bağlı geniş yer almış yazılarda da təsdiqini tapmışdır. Müstəqilliyimizin bərpasının 20 illiyinin Avropanın qədim mədəniyyət beşiyi olan Romada təntənəli surətdə qeyd edilməsi hələ uzun müddət yaddaşlarda yaşayacaqdır.

 

AzərTAc

 

Azərbaycan.- 2011.-7 dekabr.- S.  2.