İnkişafın
milli formulu - Azərbaycan
2020: strateji hədəflərlə real nəticələrə
Hansı birincidir: hədəflər, yoxsa
nəticələr?
"Təqlid ən asan yoldur. Təcrübə ən acı yoldur. Ən düzgün yol düşüncə yoludur".
Konfusi
Müasir dövlətin əsas göstəricilərindən biri sürəkli dəyişən reallığa həssaslıq, mövcud strateji fazanın başlanğıc və sonunun fərqində olmaq, çevik manevrlər etməkdir. XXI əsrdə siyasət həmişəkindən daha çox intellektual mübarizə meydanına çevrilmişdir. Hər bir dövlət inkişaf vektorunu müəyyən etmək, strateji oriyentirləri dəqiqləşdirmək zərurəti ilə üzləşərək, onlara tarixi təcrübə, reallıq və perspektivlər prizmasından düzəlişlər edir.
Bu zaman düzgün seçim edilməsinə nə dərəcədə nail olmaq isə bir məsələdə - hədəflər və nəticələr asılılığının mükəmməl hesablanmasında özünü aşkar göstərir. Düzgün hədəflərin nişan alınması davamlı uğurlar və nəticələr deməkdir. Gələcək yalnız uğurların üzərində qurula bilər. Lakin şübhəsiz ki, bundan daha əvvəl real nəticələrə hesablanmış aydın hədəflər olmalıdır.
Dövlət başçısı İlham Əliyev "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasının hazırlanması barədə sərəncam imzalamışdır. Bu sənədin dövlətçilik üçün tarixi əhəmiyyətini kiçik yazıda əhatə etmək qeyri-mümkündür. Müstəqil Azərbaycanda dövlət siyasəti həmişə strateji xarakterli olmuşdur. İnkişafın müxtəlif sahələrinə - iqtisadiyyatın, elmin, regionların, mədəniyyətin, gənclər siyasətinin və s. - dair çoxsaylı qısamüddətli proqramlar qəbul edilmiş və yerinə yetirilmişdir.
Qeyd edilən sərəncam müstəqillik tarixində bütövlükdə Azərbaycan dövlətinin yaxın perspektivlərinə hesablanmış ilk rəsmi dövlət sənədidir. Bununla, dövlətçiliyin növbəti 10 il üçün inkişaf strategiyasının təməli qoyulur. 2020-ci ildə qarşıdakı 10 ilə yekun vurulacaq və həmin yekunların necə olacağı dövlət başçısının verdiyi sərəncamın əsas məqsədini təşkil edir.
Bu, o
deməkdir ki, Azərbaycan əldə etdiyi uğurlar üzərindən
geniş üfüqlər açmaq
niyyətindədir.
Milli quruculuğun strateji
fazaları: son və yenidən başlanğıc
Sərəncamda dövlətimizin milli inkişaf strategiyasında bir tarixi mərhələni arxada qoyaraq, yeni keyfiyyət mərhələsinə - milli quruculuğun üçüncü fazasına adlaması öz əksini tapmışdır. Bu mərhələnin konturları hamı tərəfindən hələlik aydın sezilməsə də, biz artıq onunla qoşa addımlayırıq. Tarixə qovuşan 2011-ci ildə ölkədə və dünyada müstəqilliyimizin 20 illiyinin yekunları ən geniş müzakirələrin mövzusunu təşkil etmişdir. Ötən 20 ilin bütün uğurlu yekunları sübut edir: müstəqil Azərbaycan gələcəyə yönəlmiş və dəyişiklikləri önləyə bilən siyasət həyata keçirmişdir. Bu qısa tarix ərzində Azərbaycan nəinki inkişafın ən düzgün oriyentirlərini müəyyən etmiş, həmçinin mövcud modellərin böhran yaşadığı dünyada sabitliyin təmin olunmasının, böhrandan öndə olmağın milli modelini formalaşdıra və dünyaya təqdim edə bilmişdir.
Geridə qalan hər on il qarşıdakı nəhəng vəzifə və hədəflərinə görə bir-birindən fərqli olmuş, konkret dövrün simvolu kimi dəyər kəsb edən siyasi konseptləri müəyyən etmişdir. 1990-cı illərdən başlayan birinci onillikdə proseslər tranzitoloji paradiqma çərçivəsində baş verdi, keçid dövrü kimi yadda qaldı. Onun başlıca məzmununu işğalçı müharibə şəraitində "xaos və anarxiyanın aradan qaldırılması, sabitliyin və müstəqilliyin təmin edilməsi" kimi siyasi konsept təşkil etmişdir.
2003-cü ildən başlayan növbəti fazanın mahiyyətini "davamlı dinamik inkişaf və islahatlar" kimi siyasi konseptlər ifadə etmişdir. Qeyd edilən konseptlər ictimai şüurda dövlətçiliyin inkişafı üçün yeni uğurların sinoniminə, mənəvi dəyərə çevrilir.
Yalnız gələcəyə baxan dövlətin gələcəyi ola bilər
"Əgər gələcək haqda düşünmürsünüzsə, onda sizin gələcəyiniz olmayacaq".
Nobel mükafatçısı ingilis yazıçısı Jon Qolsuorsi
Strategiya ən qısa şəkildə - 1. Gələcəyin aydın hədəfləri, 2. Onlara nail olmaq üçün milli birlik və ortaq səylərin təminatı mənasında başa düşülür. Yalnız strateji siyasət həyata keçirən dövlət bu gələcəkdə mövcud ola biləcək və keçmişin stereotiplərinə qapanıb qalanların gələcəyi ola bilməz. Strategiya elmindən məlumdur ki, adətən, proqnozlar müəyyən edilərkən analitiklər subyektiv stereotiplərin təsiri altına düşə bilirlər. Bu, o qədər də təhlükəli deyildir.
Ən təhlükəli olan odur ki, bütöv xalqlar və dövlətlər keçmişin arxaik stereotiplərinin əsirinə çevrilir, gələcəkdən məhrum siyasəti dövlət səviyyəsində həyata keçirirlər. Ermənistan dövlətinin yürütdüyü siyasət buna bariz nümunədir. Hər bir xalqın keçmişində qəhrəmanlıq səhifələri də, acı faciələr də vardır. Eyni zamanda, inkaredilməz bir həqiqət də var ki, keçmiş heç zaman gələcək üçün örnək ola bilməz. Bu gün gələcəyin obrazını yaxına belə buraxmayan, keçmişin əsirinə çevrilərək strateji düşüncə mədəniyyətindən məhrum olan Ermənistan dövləti var. Təsadüfi deyil ki, keçmişin saxta miflərinin əsiri olan Ermənistanda son 20 ildə strategiya ilə bağlı, ümumiyyətlə, heç bir sənədə rast gəlmək mümkün deyildir. Bunu erməni analitikləri də (A.Arzumanyan) etiraf edir: "Ermənistanın inkişafı və müasir dövlətə çevrilməsi yolunda ən böyük maneə erməni xalqının özüdür. Bugünkü Ermənistan elitasının ölkənin gələcəyi üçün heç bir layihəsi mövcud deyildir. Bu elita erməni xalqının inkişafına ən böyük maneədir və gələcəyin mənzərəsində onun yeri yoxdur. Çünki bu, iflas edən ölkənin elitasıdır, inkişaf onun üçün təhlükəli ola bilər. Onun əsas dərdi öz canının qeydinə qalmaqdır. Aydın dərk etmək lazımdır ki, bu vəziyyətin davam etməsi heçliyə gedən yoldur. Bu, erməni dövlətinin yaxın perspektivdə məhv edilməsi strategiyasıdır. 20 ildən sonra Ermənistanın adı yalnız diasporda qalacaq. Hələ bu özü də çox cəsarətli proqnozdur. Çünki bundan daha əvvəl daha bir yanlış müharibə baş verərsə..." (http://armtoday.info/default.asp?Lang=_Ru&NewsID=26666).
Digər maraqlı məsələ bu ölkədə milli hərbi təhlükəsizlik strategiyasının xarici ekspertlərə həvalə edilməsidir. Halbuki yazılmamış qanunlar var ki, dövlət hər hansı sahəni autsorsinqə verə bilər, yalnız və yalnız gələcəyin obrazını formalaşdırmaq səlahiyyəti istisna olmalıdır. Ermənistanın öz siyasətində strateji mədəniyyətin olmaması təsdiqini tapmışdır.
Reallıq və praqmatizm strateji xüsusiyyət
kimi
Proqnoz və ssenarilərin "Edip effekti" adlanan özünütəkzib və özünüreallaşdırma kimi xüsusiyyəti mövcuddur. Yalnız reallıq və obyektivlik hissinə əsaslanan proqnozlar özünü doğrulda bilər və bunun əksi olan halda, özünütəkzib baş verir. Ötən 20 ilin yekunları göstərdi ki, milli quruculuq strategiyası reallıq hissi və milli maraqlara istinad nöqtəsi kimi dayaqlanmaqla uğurlar qazana bilmişdir. XXI əsrdə gələcəyə dair proqnozların əsas fərqi onların gözlənilməz və əlverişsiz inkişaf ssenarilərinə ("wild cards") həssas yanaşmasıdır. Son onillikərdə Roma klubunun və s. proqnozlarının özünü doğrultmamasının səbəbi məhz bu məqama biganə yanaşılması olmuşdur. Qlobal maliyyə böhranından ən az itki ilə çıxan Azərbaycan sübut edir ki, gələcək hədəfləri sırf geosiyasi, yaxud mondialist baxışla görən subyektivizmdən və illüziyadan uzaqdır. (məs.:J.Attali "Gələcəyin qısa tarixi" (2008). Arxaizm də, "sivilizasion romantizm" də bizə yaddır və Azərbaycanda stereotiplərin əsiri olmamaq rəqabət üstünlüyünə çevrilmişdir. Tarixi təcrübə və gələcəyə hesablanan sürətli dinamika - gerçək proqnoz metodologiyası bunlara əsaslanır.
Sərəncamda
yaxın on ilin
"proqnoz üfüqü"
əhatə edilmişdir. Bu, ortamüddətli,
ən optimal strategiyadır.
ABŞ alimi A.Şlezingerin
dövri inkişaf dinamikasına əsasən,
dövlətin ictimai və siyasi yüksəlişinin təbii
və ümumən qəbul edilmiş amillərindən
biri iqtisadi inkişaf fazalarıdır.
Makroiqtisadi trendlərin müsbət
nəticələri ətrafında
dövlətə ictimai
etimad və etibarın yeni koalisiyaları formalaşır, xalqın
və elitanın daha sıx birləşməsi
baş verir. Qarşılıqlı konsensus
inkişafın təməlinə
çevrilir. Müsbət
iqtisadi dinamikanın siyasi trendə təsiri bir tərəfdən xalqın əhval-ruhiyyəsini, digər tərəfdən elitanın
seçilmiş kursun
düzgünlüyünə inamını şərtləndirir.
Dövlətin sabahı dəyərə
çevriləndə
Sərəncamın tarixi əhəmiyyəti ondadır ki, yeni tariximizi yaratmaq və yaşatmaq indiyə qədər olduğu kimi, bundan sonra
da əlimizdədir və inkişafın daxili potensialının səfərbər edilməsi
üzərində qurula
bilər. 20 illik böhranı önləyən quruculuq
və demokratiya təcrübəmiz əvəzsiz
sərvətdir. Eyni zamanda, gələcək naminə ümummilli birlik dövlətçiliyin inkişaf
resursuna, mənəvi
dəyərinə çevrilə
bilər.
Sərəncamın mənəvi-ideoloji əhəmiyyəti
gələcəyimiz naminə
milli birliyin təmin edilməsi, onun hər kəsin
ortaq səyləri ilə qurulması baxımından çox böyükdür. Azərbaycan insanı bütün fəaliyyətin məqsədində, mərkəzində
durur. Azərbaycan vətəndaşı gələcəyi qurmağın
başlıca resursu, potensialıdır, lakin eyni zamanda, o, gələcəyin məqsədidir,
hər şey vətəndaş rifahı
naminədir. Konsepsiyada indiyə qədər olduğu kimi, yenə də başlıca vəzifə Azərbaycan vətəndaşının ən
yüksək həyat
keyfiyyəti standartlarının
müəyyən edilməsi
və rifahının
yüksəldilməsi olacaqdır.
Hər bir dövlət üçün
vətəndaş ən
fundamental məsələdir. İnsanları
ümumi vətəndaş
məfhumu ilə birləşdirmək üçün
dövlət öz gələcəyinin ideal obrazını
yaratmaqla, həm də cəlbedici
vətəndaşlıq obrazını
yaradır. Bu gün "korporativ
vətəndaşlıq" anlayışı gündəmə
gəlmişdir. Bəzi
insanlar üçün,
məsələn, "Google"nin əməkdaşı
olması, onun adi başa düşülən
milliyyət və vətəndaşlığından daha önəmli olur. O, öz əhatəsində avropalı
və ya asiyalı olmasından asılı olmayaraq məhz
bu "mənsubiyyəti"
ilə qəbul edilir. "İdentiklik
buketi" ortaya çıxır. Gələcəyin
dövlətini məhz
identiklik məkanı
üzərində nəzarət
müəyyən edəcəkdir.
Cəlbedici vətəndaş
isə yalnız cəlbedici identiklik və inkişaf modelinə malik olan dövlətdə ola bilər.
Cəmiyyətə yeni
mədəniyyət - strateji düşüncə ənənəsi
gətirməklə, sərəncam
hər bir vətəndaşa gələcəyimizi
qurmağa dəvətlə
müzakirə məkanını
açır.
Gələcəyə baxış paradiqmasının beynəlxalq
əhəmiyyəti ondan
ibarətdir ki, Azərbaycan uğurlu gələcək qurmağı
hədəfə alan dövlət və cəlbedici inkişaf modelinə malik
ölkə kimi əməkdaşlıq
üçün
böyük inam
və nikbinliyə əsas yaradır. Bu o deməkdir ki, Azərbaycan on il
sonra da dünya birliyinin fəal və etibarlı tərəfdaş
ölkəsi olaraq qalacaqdır. Fərq yalnız onda olacaq ki, qlobal
və regional əhatədə baş verən proseslərə təsir imkanları baxımından
milli maraqları təmin etmək üçün indikindən daha güclü olacaqdır. Qarşıdakı on ildə Azərbaycanda
artıq özü-özünü
təmin edən, müasir, yüksək rifah dövləti formalaşacaqdır.
Gerçək təşəbbüs yeni liderliyin simvolu və keyfiyyət göstəricisidir
Siyasi lider, strateq
və Ali Baş Komandan bir simada
cəmlənir. "Elitalar
inqilabı" (Kristofer
Leş) əsərində
kütlə fəallığına
rəğmən, XXI əsrdə elitaların
labüd fəallıq
və çağırışlarla
üz-üzə olacağı
meyli təsvir edilmişdir. Azərbaycanda
milli elita çoxsaylı çağırışlarla
üz-üzədir: ərazi
bütövlüyümüzün təmin olunması, enerji təhlükəsizliyi,
neftin qiymətlərinin
"qabarması və
çəkilməsi", regional münaqişələr, qlobal
maliyyə böhranı,
beynəlxalq terrorizm, işğaldan azad ediləcək torpaqların sonrakı dirçəlişi və
davamlı iqtisadi yüksəlişinin
təmin edilməsi kimi çoxsaylı məsələlər buraya
aiddir.
Dövlət başçısı cəmiyyətə vədlər
və illüziyalar deyil, XXI əsrdə milli inkişaf ideyasının növbəti
10 ildə reallığa
çevrilməsini təmin
edən konsepsiyanı
birgə formalaşdırmağı
təklif etmişdir.
Gələcəyə baxışlar çox olub və hələ çox olacaqdır. Lakin strategiyalar nə qədər mükəmməl olsa da, onların taleyi, həyata keçirilməsi gözlənilməz hadisələrdən, ssenarilərdən deyil, bütün hallarda lider missiyasından - qərarların qəbulu sənətindən asılı olur. Azərbaycan öz inkişafının dönüş mərhələsində yaşayır. Bunu mümkün edən isə düzgün hədəflər və onların davamlı reallaşdırılmasından irəli gələn nəticələrdir. Bu siyasətin gedişində yalnız konkret ölkə miqyasında deyil, bütövlükdə, regionda və dünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir. Bu, gələcək üçün hiss edilən çox böyük məsuliyyətlə əlaqədardır. Bu sərəncam hər bir fəal və intellektual azərbaycanlıya ünvanlanıb. Dövlət başçısının təşəbbüsü, xüsusilə də, sərəncamda qeyd edilən "müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin" kreativ, humanitar sahə təmsilçilərinin gələcəyə dair dialoqa nə dərəcədə hazır olması və fəal qoşulmasını sınaqdan çıxaran göstərici olacaqdır. İddialı olduğu qədər də real olacaqdır. Çünki indiyə qədər gəldiyimiz yol buna əminlik hissini yaradır. Ümid və əminliyin əsasını artıq iki onillik müddətində "müstəqilliyin əbədi, sarsılmaz və dönməz olması"nın gerçəkləşməsi naminə öz real bəhrəsini verən liderin siyasi kursu, qalibiyyətli milli inkişaf strategiyasının mövcudluğu təşkil edir.
Dövlət başçısı İlham Əliyev indiyə qədərki mərhələnin yığcam mahiyyətini bu sözlərlə ifadə etmişdir: "Azərbaycan 20 il ərzində həm öz vətəndaşlarına, həm də dünyaya sübut edib ki, biz müstəqil ölkə, azad xalq kimi yaşaya bilərik".
Sərəncam göstərir ki, qarşıdakı tarixdə ərazi bütövlüyümüzün təmin
ediləcəyi, inkişaf etmiş
ölkələr sırasına daxil
olacağımız, dövlətinin daha güclü, xalqının daha
çox rifahda
yaşadığı, dünyanın bütün
bölgələrində daha çox tanınan, milli
maraqları qoruyan siyasi
lideri ətrafında daha
sıx birləşən Azərbaycanın əzəmətini
dünyanın etiraf edəcəyi
zamanın artıq başlandığının fərqində
olmalıyıq.
Elnur ASLANOV,
Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının siyasi təhlil
və
informasiya təminatı şöbəsinin
müdiri
Azərbaycan.- 2011.- 7 dekabr.- S. 3.