İlk hədəf dünyəvi, demokratik dövlət qurmaq,
millətin azadlıq, istiqlal duyğusunu dünyaya
çatdırmaq idi
1918-1920-ci illər Azərbaycan xalqının siyasi şüurunun təşəkkül tapdığı, milli özünüdərk prosesinin vüsət aldığı bir dövrdür. Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb tarixi şəraitdə meydana gəldi. Birinci Dünya müharibəsi nəticəsində zəifləmiş çar Rusiyasını siyasi intriqalar, bir-birinin ardınca baş verən inqilablar didib parçalayırdı. Ucqarlarda - Cənubi Qafqazda da vəziyyət ağır idi. 1918-ci ildə Tiflisdə yaranan Zaqafqaziya Seymi aprelin 9-da Zaqafqaziyanın istiqlalını elan edir.
Aprelin 22-də Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət Zaqafqaziya Federativ Respublikası təsis edilsə də, müəyyən amillərin təsiri nəticəsində Seym tez dağılır. Mayın 26-da Gürcüstan federasiyadan çıxaraq istiqlalını elan edir, bir gün sonra - mayın 27-də isə Azərbaycan Milli Şurasının ilk iclası çağırılır. Şuranın rəyasət heyətinə Mehdi bəy Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlikaslanov, Camo bəy Hacınski, Əkbər ağa Şeyxülislamov və Xosrov Paşa bəy Sultanov daxil olurlar. Gizli səsvermə yolu ilə Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.
Bununla da, Şərqdə və Azərbaycanın tarixində ilk milli demokratik dövlətin təməli qoyulur. Çətin və mürəkkəb şəraitdə Cümhuriyyət müstəqilliyini dünyaya tanıtmaq istiqamətində geniş təbliğat aparır.
1918-ci ildə yaranan AXC-nin ilk müstəqil hökumətini təşkil etmək Fətəli xan Xoyskiyə tapşırılır. O, əvvəlcə hökumətdə həm Nazirlər Şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini tutur. 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının göstərişinə əsasən, Fətəli xan Xoyskinin başçılığı ilə ikinci hökumət kabinəsi təşkil olunur. Bir gün sonra -iyunun 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Milli Şuranın iclasında tarixi İstiqlal Bəyannaməsi qəbul edilir. Orada deyilir: "Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kimi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir".
Dünyəvi, demokratik parlamentin yaradılması Cümhuriyyətin qarşıya qoyduğu birinci vəzifəsi idi. Hələ 1905-ci ildə Rusiya çarı II Nikolayın verdiyi manifestdə əhalinin bütün təbəqələrinin nümayəndələrinin iştirakı ilə qanunvericilik orqanının - Dövlət Dumasının çağırılması nəzərdə tutulurdu. Azərbaycan xalqının övladları da Rusiyanın ilk parlamentinin formalaşmasında iştirak etmiş və parlamentarizm təcrübəsinə yiyələnmişdilər. Rusiyanın I Dövlət Dumasına Azərbaycandan 5 deputat seçilmişdi. Bunlar Əlimərdan bəy Topçubaşov, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov, İsmayılxan Ziyadxanov və Əbdürrəhim bəy Haqverdiyev idilər. Sonra onlar başqaları ilə əvəz olundular. Dumaya üzv seçilmiş deputatların əksəriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində təcrübələrindən istifadə etdilər. 1918-ci il noyabrın 19-da keçirilən iclasında isə Milli Şura qanun qəbul edərək 120 üzvdən ibarət Azərbaycan parlamentini formalaşdırmağı qərara alır. İclasda bidlldirilir ki, ölkədə müxtəlif xalqlar məskunlaşdığı üçün onun qanunvericilik orqanında bütün millətlərin nümayəndələri təmsil olunmalıdırlar.
1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin açdığı qız məktəbinin binasında Şərq aləmində və millətimizin tarixində çox böyük önəm daşıyan tarixi hadisə baş verdi: Azərbaycan parlamentinin ilk iclası çağırıldı, üçrəngli, ay-ulduzlu bayraq ilk dəfə parlamentin binası üzərində dalğalandı. İlk iclasda Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev sədrin birinci müavini, Mehdi bəy Hacınski isə baş katib seçildi. Həmin gün Ə.Topçubaşov Azərbaycanda olmadığından iclasa Həsən bəy Ağayev sədrlik etdi. Altı ay əvvəl yaranmış müvəqqəti hökumət istefa verdi, yeni hökumətin tərkibini müəyyənləşdirmək Fətəli xan Xoyskiyə tapşırıldı. Parlament yarandığı gündən fəaliyyətini demokratik dövlətlərə xas prinsiplər əsasında qurdu, xarici siyasətini üç istiqamətdə götürdü - elan olunmuş müstəqilliyinin dünyaya tanıdılması və qəbul etdirilməsi, qonşu ölkələrlə normal, mehriban münasibətlərin yaradılması, Azərbaycanın gələcək inkişafını təmin edən xarici siyasətinin formalaşdırılması.
F.Xoyski parlamentin ilk iclasındakı çıxışında millətimiz üçün bir sıra taleyüklü məsələlərə toxundu. Onlardan biri Türkiyə-Azərbaycan münasibətləridir: "Türkiyə-Azərbaycan sülhnaməsinin bir maddəsinə görə məmləkətimizə nə vaxt lazım olsa hüququmuzun müdafiəsi üçün türklər bizə bir qədər əsgər verməli idilər. Ona görədir ki, darda qaldıqda bu çarəyə tənəssül edildi. Bizim xaricdən qüvvə almaq üçün başqa dövlət və millətə müraciət etməyimiz bəzi şəraitdən mümkün deyil. Ona görə də dindaş və millətdaşımız olan Türkiyəyə müraciət edildi". Osmanlı dövləti özünün vəziyyətinin çətinliyinə baxmayaraq, Azərbaycandan yardımını əsirgəmədi. Bakının işğaldan azad olunması üçün hərbi qüvvə göndərdi. Milli kadrların hazırlanması üçün müəllimlər gəldi. Azərbaycan hökuməti xarici siyasətində Rusiya və Ermənistanla münasibətlərini normallaşdırmaq istəsə də, bu alınmadı. 1918-ci il noyabrın 9-da F.Xoyskinin məruzəsi üzrə parlament Azərbaycanın üçrəngli Milli Bayrağını təsdiq etdi. F.Xoyski hökumətə çox mürəkkəb tarixi şəraitdə gördüyü işlər haqqında hesabat verdi. Parlament qısa vaxtda dövlət və cəmiyyət həyatının müxtəlif sahələrinə aid mühüm qanunvericilik aktları qəbul etdi, həmçinin Azərbaycan dilini dövlət dili elan etdi, dövlət gerbinin hazırlanması üçün müsabiqə elan olundu. Dövlət quruculuğu ilə bağlı "Azərbaycan vətəndaşlığı haqqında", "Bakı Dövlət Universiteti" haqqında, "Milli Bankın yaradılması haqqında" və bir sıra başqa qanunlar qəbul olundu. İstedadlı gənclər ali təhsil almaq üçün Fransaya, İtaliyaya, Türkiyəyə, İngiltərəyə göndərildi. Bunun üçün dövlət büdcəsindən 7 milyon manat, Avropanın ali məktəblərinə göndərilən hər tələbəyə isə 400 frank təqaüd ayrıldı. Ölkə hökumətinin və parlamentinin həyata keçirdiyi tədbirlər nəticəsində 1919-cu ildə ölkədə dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili verən məktəb fəaliyyət göstərdi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 müqəddəs Nina qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya məktəbləri var idi. 1919-cu ilin sonlarında parlament ölkənin imkanlarını nəzərə alaraq bölgələrdə də sürətlə məktəblər açılırdı. Naxçıvanda, Nuxada (Şəki), Gəncədə, Göyçayda, Şuşada seminariyalar və realnı məktəblər açıldı.
Zaqafqaziyada yaranmış respublikalar arasında sərhəd məsələlərinin həlli də parlamentin diqqət mərkəzində idi. Bu sahədə aparılan danışıqlar zamanı Gürcüstanla razılığa gəlinsə də, Ermənistanla heç cür dil tapmaq mümkün olmamışdı. 1920-ci il martın 20-də İranla Azərbaycan arasında dostluq, qonşuluq əlaqələri və sair haqqında ikitərəfli müqavilələr imzalanmış və aprelin 15-də parlament bunları təsdiq etmişdir.
Parlamentdə müxtəlif partiya fraksiyaları və qruplar təmsil olunmuşdu. Bu fraksiya və qruplar öz bəyanatlarında bildirirdilər ki, onların əsas məqsədləri ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, qonşu dövlətlərlə dostluq münasibətlərinin yaradılması və islahatların həyata keçirilməsidir.
Bakının oyuncaq Sentrokaspi qüvvələrindən təmizlənməsi münasibətilə çıxış edən Fətəli xan Xoyski deyirdi: "Bizim də həyatda azad yaşamağa hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər, mina və sairə texniki qurğu, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının əlli minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin qarşısında süqutu başqasının fəlakəti üzərində xoşbəxtliyini qurmaq istəyənlərə dərs olmalıdır". ("Azərbaycan" qəzeti 19.IX.1918, ¹2).
Çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti və hökuməti iyirmi üç ay ərzində sosial-iqtisadi, hərbi, mədəni sahələrdə qarşıya qoyduğu minimum proqramı yerinə yetirə bildi. Parlamentdə dövlət və cəmiyyət həyatının müxtəlif sahələrinə aid mühüm qanunvericilik aktları qəbul edildi. Qonşu ölkələrlə iqtisadi, ticarət və digər əlaqələrin inkişaf etdirilməsinə ciddi fikir verildi. Ordu quruculuğu məsələləri ön plana çəkildi.
Azərbaycan hökumətinin və parlamentinin qarşıya qoyduğu əsas vəzifələrindən biri Paris Sülh Konfransının iştirakçısı olan dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması idi. Bu məqsədlə 1918-ci il dekabrın 28-də parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Fransaya nümayəndə heyəti göndərildi. Yanvarın 12-də Paris Sülh Konfransında iştirak edən ölkələr Azərbaycanın müstəqilliyini tanıdılar və bu münasibətlə həmin ilin aprelin 22-də parlament İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəliklərini açmaq haqqında qanun qəbul etdi.
Azərbaycanın qısa vaxt ərzində inkişafını və dünyaya açılışını qəbul etməyən Rusiya ölkəmizdə Xalq Cümhuriyyətini ilhaq etmək üçün müxtəlif separatçı yollara əl atdı. 1920-ci il yanvarın 2-də RSFSR-in xarici işlər üzrə xalq komissarı G.V.Çiçerin ağqvardiyaçıların general Denikinə qarşı vahid cəbhə yaratması üçün nota ilə F.Xoyskiyə müraciət etdi. Ayın 19-da Xoyski göndərdiyi cavab teleqramında bildirdi ki, Azərbaycan Respublikası Sovet Rusiyasının daxili işlərinə qarışmır, bu məsələdə bitərəfdir. Məqsədinə nail olmayan Çiçerin yanvarın 23-də ikinci notasını göndərir və həmin məsələyə toxunaraq, Azərbaycanı Rusiya ilə əməkdaşlığa dəvət edir: " Biz həmişə bir səma altında, bir yerdə yaşamışıq və yenə də bir yerdə yaşamalıyıq". F.Xoyski fevralın 1-də Çiçerinə öz hökumətinin rəsmi fikrini bildirir və onun təklifini rədd edir.
Cavab teleqramından bir neçə gün sonra Çiçerinin üçüncü notası ilə F.Xoyskinin cavab teleqramı martın 7-də parlamentdə müzakirə olunur. Martın axırında Çiçerin sonuncu notasını göndərir. Aprelin 27-də F.Xoyskinin Azərbaycan parlamentində cavabı oxunarkən işğalçı ordunun Bakıya yaxınlışdığı xəbəri alınır və tariximizdə məlum aprel işğalı baş verir.
Sovetlər dövründə Azərbaycan SSR Ali Soveti adını daşıyan qurumda deputatlar Moskvada hazırlanmış layihələrə səs verməklə işlərini bitmiş hesab edirdilər. Müstəqillik dövründə isə ölkəyə ciddi, demokratik parlament gərək idi. 1992-ci il mayın 19-da ölkədə hakimiyyət dəyişikliyi baş verdi, bir neçə gündən sonra Milli Şura "Azərbaycan Respublikasının Milli Məclisi" adı altında fəaliyyətə başladı.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra hər bir sahədə olduğu kimi, parlamentarizm ənənələri formalaşdı, müstəqil dövlətimizin möhkəmlənməsində mühüm addımlar atıldı. Azərbaycan parlamenti millətimiz üçün taleyüklü qanun və qərarlar qəbul etdi. Bu gün Milli Məclis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti fəal surətdə dəstəkləyərək dövlətçiliyin möhkəmləndirilməsi naminə mühüm qanunvericilik aktlarının qəbul edilməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərir.
Göründüyü kimi, aprel işğalı iyirmi üç aylıq Azərbaycan Xalq Cümhuriyyətinin və Şərq dünyasında ilk parlamentin tarixdə qoyduğu silinməz izə kölgə sala bilmədi. Bu gün müstəqil Azərbaycan Respublikası və Milli Məclisi həmin şərəfli tariximizin varisi kimi yaşayır və fəaliyyət göstərir.
Rəsmiyyə
RZALI,
Azərbaycan.- 2011.- 7 dekabr.- S. 3.