Əlillərin və
şəhid ailələrinin mənzil şəraitinin
yaxşılaşdırılması diqqət mərkəzindədir
Vətəndaşların sosial təminat
məsələləri Azərbaycanda dövlət siyasətinin
başlıca istiqamətlərindən biridir. Elə buna
görə də artıq necə illərdir geniş miqyasda həyata
keçirilən sosial müdafiə tədbirləri hətta
dünya iqtisadiyyatının böhranlı günlərində
də davam etdirildi. Aztəminatlı əhaliyə
ünvanlı sosial yardımların verilməsindən
tutmuş, əlillərin, müharibə veteranlarının,
qaçqın və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılmasına,
yoxsulluğun azaldılmasına qədər bütün sosial
müdafiə tədbirləri uğurla həyata
keçirildi.
Başa
çatmaqda olan 2011-ci il iqtisadi sahədə artımla
yanaşı, sosial sferada qazanılan uğurlarla əlamətdardır.
Həyata keçirilən inkişaf strategiyası sosial
problemlərin aradan qaldırılmasına xidmət edən
kompleks tədbirlərin işlənib hazırlanması və
reallaşması ilə paralellik təşkil edir. Dərindən
düşünülmüş sosial siyasət nəticəsində
bu il də əhalinin rifahının yüksəldilməsinə,
xüsusən aztəminatlı vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsinə xidmət
edən çoxsaylı tədbirlər həyata
keçirilib. Bu mənada Azərbaycanda 2011-ci ilin
reallıqları həm də ondan ibarətdir ki, davamlı
inkişaf dövlətin sosial siyasətinin yüksək səviyyədə
həyata keçirilməsini təmin edib. Nazirlər
Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında Prezident İlham Əliyev bu barədə deyib:
"2011-ci ildə sosial sahədə də çox yaddaqalan
hadisələr baş vermişdir. Bu hadisələr, bu addımlar
bir də onu göstərir ki, siyasətimiz
sosialyönümlüdür. Biz bazar iqtisadiyyatı prinsiplərinə
sadiqik və sadiq qalacağıq. Ancaq biz bununla bərabər,
aztəminatlı təbəqəni sosial cəhətdən
daha da yaxşı müdafiə etmək üçün
konkret addımlar atırıq. Bu addımlar sadəcə
olaraq, proqramların qəbulu, hansısa bəyanatların
verilməsi ilə məhdudlaşmır, bu proqramlar konkret
xarakter daşıyır".
Ölkəmizin
sosial inkişaf strategiyasına əsasən pensiyaların baza
hissəsinin mütəmadi olaraq artırılması
qarşıya qoyulan əsas vəzifələrdir. Sosial siyasətin əsas tərəflərindən
biri məhz budur. Bu il vətəndaşların
sosial müdafiəsinin daha
da yaxşılaşdırılması
sahəsində ən yaddaqalan tədbirlərdən
biri məhz pensiyaların
artımıdır. Bu il
pensiya təyinatında tətbiq olunan yeni qaydalar
əsasında 2006-cı ilə qədər
qazanılmış bütün pensiya hüquqları yenidən hesablanıb və
təxminən 845 min nəfərin
pensiyası təqribən 40 faiz
artırılıb. Bununla yanaşı, elmi dərəcəsi olan
əmək pensiyaçılarının da
sosial müdafiəsi möhkəmləndirilib.
Elmi dərəcəsi
olan, işləməyən və azı
25 il elmi-pedaqoji fəaliyyəti
olan əmək
pensiyaçılarının pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə
görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə
görə 120 manat məbləğində
əlavə hesablanır.
2011-ci
il ərzində ünvanlı sosial yardımların verilməsi
də uğurla davam etdirilib. Hazırda ünvanlı sosial yardım proqramı 113 min
ailəni əhatə edir. 500 mindən bir qədər artıq insan
dövlətdən hər ay vəsait
alır. Orta hesabla hər
bir ailə 102 manat, təqribən
haradasa 130 dollar səviyyəsində
dövlətdən bu yardımı
alır.
Əhalinin
sosial müdafiəsinin gücləndirilməsinə dövlət
qayğısını əks etdirən göstəricilərə
nəzər salarkən diqqəti çəkən əsas məqamlardan
biri də sosial müdafiəyə ehtiyacı olan şəxslərin
maddi durumunun yaxşılaşdırılmasına yönəldilən
tədbirlərlə yanaşı, onların digər tələbatlarının
ödənilməsi üçün dövlət büdcəsindən
ayrılan vəsaitlərin miqdarının ildən-ilə
artırılmasıdır. Bunun nəticəsidir
ki, son illərdə
qaçqın və məcburi köçkünlər,
müharibə əlilləri, şəhid ailələri üçün yaşayış evlərinin
tikintisi sürətlənib. Görülən
tədbirlər nəticəsində 2000-2010-cu illər ərzində
ölkənin ayrı-ayrı şəhər və
rayonlarında qaçqın və məcburi köçkün
ailələri üçün 67 yeni qəsəbə salınıb. Qəsəbələrdə
20 min mənzil, 100 minlərlə kilometr su, elektrik,
qaz xətti, yollar
çəkilib. Vaxtilə çadırlarda yaşamış
insanlar rahat fərdi
evlərlə, mənzillərlə təmin ediliblər.
Hazırkı mərhələdə yataqxanalarda,
hərbi hissələrdə, məktəblərdə məskunlaşmış
məcburi köçkünlərin mənzil problemini
həll etmək üçün
Bakıda və regionlarda
yaşayış binaları inşa olunur.
Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda
döyüşlərdə fiziki sağlamlıqlarını
itirərək əlil olmuş vətəndaşların və
şəhid ailələrinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması daim ölkə rəhbərinin
diqqətindədir. Bu kateqoriyalardan olan vətəndaşlar
üçün 2008-ci ildə 396 mənzil
istifadəyə verilmişdirsə, 2009-cu ildə 707 mənzilin tikintisi
başa çatdırılıb.
Hazırda bu təbəqələrdən
olan insanlar üçün ildə 700-dən artıq mənzil
inşa olunur.
"Bu
siyasət Azərbaycanda uzun illərdir ki, aparılır. Qarabağ əlilləri, şəhid ailələri
üçün həm Bakıda, həm
müxtəlif bölgələrdə binalar
tikilir. Bu proses çox geniş vüsət almışdır və ümid edirəm ki,
növbəti bir neçə il ərzində bütün
problemlər öz həllini tapacaqdır.
Bu günə qədər 5 minə
yaxın Qarabağ müharibəsi əlili
və şəhid ailəsi gözəl mənzillərlə
təmin edilmişdir. Növbədə isə
3 mindən bir qədər çox
ailə vardır. Onların da problemləri
həll olunacaqdır. İndi biz templəri də artırmışıq,
dövlət vəsaitinin həcmi də artıbdır və
təsadüfi deyil ki,
il ərzində ölkəmizin müxtəlif
şəhərlərində belə gözəl binalar tikilir". Bu fikirləri
noyabrın 17-də Qəbələ rayonunda
Qarabağ müharibəsi əlilləri
və şəhid ailələri üçün
tikilmiş 36 mənzilli binanın istifadəyə
verilməsi mərasimində söyləyən Prezident İlham Əliyev
Azərbaycanda bütün sahələrdə
olduğu kimi, sosial sahədə də böyük
işlərin görüldüyünü
bildirib. Dövlət
başçısı bir daha
bəyan edib ki, pensiyalar və bütün sosial ödəmələr
artacaq.
Noyabrın
29-da isə Ağcabədi və Yevlax rayonlarında hər
biri 4 mərtəbəli 36 mənzilli olan müasir tələblərə
uyğun iki yaşayış binası əlil və şəhid
ailələrinə təqdim olunub. Mənzillərin təqdim
olunması mərasimində iştirak edən əmək və
əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov
əlil və şəhid ailələrinin yeni mənzillərlə
təminatı işlərinə ulu öndər Heydər
Əliyev tərəfindən
başlanıldığını və Azərbaycan Prezidenti
İlham Əliyevin xüsusi diqqət və qayğısı
sayəsində bu sahədə işlərin ilbəil yüksələn
templə davam etdirildiyini vurğulayıb.
Bütövlükdə, 2011-ci ilin ötən dövründə də müxtəlif bölgələrdə yeni çoxmənzilli və fərdi yaşayış binaları istifadəyə verilmişdir. Bu ilin sonunadək Quba, Göygöl, Samux rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli və müxtəlif bölgələrdə 10 ədəd fərdi ev bu təbəqələrdən olan insanların istifadəsinə veriləcək. 2012-ci ildə isə Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli yaşayış binalarının inşası başa çatacaq. Yaxın günlərdə isə Şəki və Şəmkir rayonlarında əlil və şəhid ailələri üçün hər biri 36 mənzilli, gözdən əlillər üçün Bakının Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binalarının tikintisinə başlanacaq.
Azərbaycan.- 2011.- 6 dekabr.- S.1.